Məhkəmə qərarları › İş №2-1(103)-3672/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3672/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3672/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 oktyabr 1978-ci il tarixində Şəki 2 saylı filialda “barmaaçan şagirdi” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1979-cu il tarixində isə eyni iş yerində “usta barama-açan” vəzifəsinə keçirilmişdir. xx.xx.1979-cu il tarixində isə eyni iş yerində “ucdüyən” vəzifəsinə keçirilmimişdir. Daha sonra, xx.xx.1980-ci il tarixində isə həmin filialda “baramaaçan” keçirilmiş, xx.xx.1981-ci il tarixində öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə qədər “Qum adası” Neft və Qazçıxarma İdarəsinin 93 nömrəli uşaq bağçasına 4-cü dərəcəli xadimə-dayə peşəsində, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinə qədər Neftin kompleks hazırlanması və nəqli sexinin neftin yığılması və nəqli briqadasında “4-cü dərəcəli əmtəə operatoru“ peşəsində fəaliyyət göstərmişdir. xx.xx.2010-cu il tarixində isə ƏM-in 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması səbəbilə işdən azad olunmuşdur. Həmçinin o, xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (VÖEN: **********) neftin kompleks hazırlanması və nəqli sexində “əmtəə operatoru” vəzifəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən başqa işə keçirilərək əməliyyat departamentinin təsilat şöbəsinin neftin kompleks hazırlanması və nəqli sahəsində “əmtəə operatoru” vəzifəsində fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixində isə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur, hal-hazırda yaşa görə əmək pensiyası almır. İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nda nəzərdə tutulmuş əmtəə operatoru vəzifəsində müxtəlif iş yerlərində xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olmaqla ümumilikdə 15 il 7 ay işlədiyi üçün ("Əmək pensiyaları haqqında” Qanununa əsasən qadınlar üçün azı 10 il staj müəyyən edilmişdir) yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi onun üçün 5 il azaldılmalıdır. Tərəfindən “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) Baş ofisinə sorğu ünvanlanmış və İddiaçı hansı tarixlərdə, hansı vəzifələrdə işlədiyi, aldığı orta aylıq əməkhaqqı və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq zərərli işdə işlədiyi barədə rəsmi qaydada məlumat verilməsi xahiş edilmişdir. 24 may 2023-cü il tarixli cavab məktubu ilə SOCAR tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinə qədər “Qum adası” Neft və Qazçıxarma İdarəsinin 93 nömrəli uşaq bağçasına 4-cü dərəcəli xadimə-dayə, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinə qədər Neftin kompleks hazırlanması və nəqli sexində əmtəə operatoru peşəsində fəaliyyət göstərmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı əmtəə operatoru işlədiyi dövrdə ağır və zərərli əmək şəraitində işlədiyinə görə əmək haqqına 1,08(8%) artım əmsalı tətbiq edilmişdir. 21 iyun 2023-cü il tarixində "BEOCL” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən isə bildirilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə qədər “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (VÖEN: **********) neftin kompleks hazırlanması və nəqli sahəsində “əmtəə operatoru”, xx.xx.2014-cii il tarixindən xx.xx.2021 -ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində əmtəə operatoru və xx.xx.2021-ci il tarixindən isə xx.xx.2021-c il tarixinə kimi isə Əməliyyat departamentinin NKH və N sahəsində əmtəə operatoru işləmişdir. xx.xx.2021-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı əmtəə operatoru işlədiyi müddət ərzində 12% zərərli iş əmsalı ödənilmişdir. Onun aldığı orta aylıq əmək haqqı isə 858,84 AZN olmuşdur. Odur ki, əmtəə operatoru işlədiyi dövrdə ağır və zərərli əmək şəraitində işlədiyinə görə yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi (63 il 6ay) 2 il azaldılmaqla hal-hazırda 61 yaşında olan xx.xx.1961-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu səbəblə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ərizə ünvanlanaraq İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə yəni, əmtəə operatoru vəzifəsində müxtəlif iş yerlərində xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olmaqla ümumilikdə 15 il 7 ay işləməsi nəzərə alınaraq yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinin (63 il 6ay) 2 il azaldılmaqla hal-hazırda 61 yaşında olan xx.xx.1961-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən 01 sentyabr 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyildir. Qeyd edilmişdir ki, bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Lakin İddiaçı neftin kompleks hazırlanması və nəqli sexinin neftin yığılması və nəqli briqadasında çalışmışdır. Bildirilir ki, neftin kompleks hazırlanması neftin çıxarılmasını, yığılmasını, hazırlanmasını nəzərdə tutur. Hansı ki, bu siyahının 10.5.1-ci bəndində qeyd edilən neft xammalının hazırlanması ilə üst-üstə düşür. Bu da təsdiq edir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olara güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Odur ki, tərəfindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edir ki, onun əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləməsi nəzərə alınaraq yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi (63 il 6ay) 5 il azaldılmalıdır. Belə olan halda. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququ 58 yaş 6 ayında yaranır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, İddiaçı ümumilikdə 15 il 7 ay güzəştli işdə çalışması barədə sosial sığorta stajı olmuş, pensiya kapitalı 53.804, 26 manat təşkil etmişdir. Azərbaycan Respublikası X1 9.1- ci maddəsi (əvvəlki redaksiyada) ) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar - yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 63 yaşı olmaqla, 15 il 7 ay zərərli işə görə stajı olmuş, bundan başqa pensiya kapitalı 53.804, 26 manat təşkil etmişdir. Məhkəmənin 20 il iş stajının olmaması səbəbində İddiaçı iddia ərizəsinə rədd etməsi barədə qanunsuz olmuşdur. Bundan başqa Azərbaycan Respublikası X1 9.1ci maddəsi (hal-hazırki redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası X1 9.1-ci maddəsi (hal-hazırki redaksiyada) və yaxud həmin maddənin əvvəlki redaksiyasında göstrəilmiş normaları pozmuş qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh güzəştli iş stajının olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.8. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşin faktiki hallarından aydındır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və ona 58 yaş 6 aydan güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Yuxarda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən isə iddiaçıya 58 yaş 6 aydan (63 yaş 6 ay 5 il azaldılmaqla) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 58 yaş 6 ayının tamam olduğu vaxta qədər azı 25 il ümumi iş stajının mövcud olması və ya pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər); b) İddiaçının 58 yaş 6 ayının tamam olduğu vaxta qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İş materiallarına əsasən isə müəyyən edilmişdir ki, iddiaçının 58 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi stajı 25 ildən azdır və eyni zamanda bu hal iddiaçı tərəfindən də təkzib edilmir. Lakin iddiaçı tərəf isə tələb olunan pensiya kapitalının mövcud olduğuna istinad edərək ümumi stajın nəzərə alınmamalı olduğunu iddia edir. İddiaçı apelyasiya şikayətində pensiya kapitalının 53.804, 26 manat təşkil etdiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən mövqeyini onunla əsasıandırmışdır ki, “.....iş materiallarına olan sənədlərdən əsasən iddiaçının 58 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi stajı 25 ildən azdır və pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda iddiaçıya 58 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilmədiyindən, onun 10 il güzəştli iş stajının olması da əhəmiyyət kəsb etmir. Bu səbəbdən güzəştli iş stajının mövcudluğunun araşdırılmasına zərurət qalmamışdır.” Sonuncu məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xidməti məktubun məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə olaraq iddiaçının pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Lakin bununla belə Kollegiya qeyd edir ki, iddia tələbi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan, iddiaçının ümumi stajı tamamlansa da güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş həddə tamamlanmadığından iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı "Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək əmtəə operatoru, "X2 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Neftin kompleks hazırlanması və nəqli sahəsində (NKH və N sahəsi) əmtəə operatoru və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin NKH və N sahəsində əmtəə operatoru peşəsində çalışmışdır. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, “əməliyyat operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulsa da, iddiaçı X2 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Neftin kompleks hazırlanması və nəqli sahəsində (NKH və N sahəsi) əmtəə operatoru və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin NKH və N sahəsində əmtəə operatoru kimi işləmişdir. İddiaçının işlədiyi peşələr isə sözügedən Siyahıda nəzərdə tutulmamışdır. İş materiallarında olan “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda da qeyd edilmişdir ki, "X2 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin sabiq işçisi İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Neftin kompleks hazırlanması və nəqli sahəsində (NKH və N sahəsi) əmtəə operatoru, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin NKH və N sahəsində əmtəə operatoru peşəsində işləmişdir. xx.xx.2021-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Bakı şəhəri 23 yanvar 2007-ci il tarixli Nazirlər Kabinetinin 12 saylı qərarının 10cu bölməsinin 10.2 bəndində neft və qaz kondensatının hasilatına aid olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısında "əmtəə operatoru" peşəsi qeyd edilmədiyinə görə İddiaçı güzəştli arayış verə bilmirlər. İddiaçı əmtəə operatoru işlədiyi müddət ərzində 12% zərərli iş əmsalı ödənilmişdir. Onun aldığı orta aylıq əmək haqqı 858.84 AZN təşkil edib. Əməliyyat departamentinin NKH və N sahəsində və eləcədə şirkətin digər sahələrində neftin və qazın emalı aparılmadığı üçün, şirkətin fəaliyyəti yalnız neft, qaz və qaz kondensatın hasilatı olduğuna görə işçilərinə güzəştli şərtlərlə pensiya hüququ 12 saylı qərarın 10-cu bölməsinin 10.2 bəndi aid edilir.” Beləliklə, qeyd olunanlara əsasən Kollegiya bir daha vurğulayır ki, iddiaçının "X2 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində Əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində əmtəə operatoru peşəsində işlədiyi dövrlər - (xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmadığından və ya həmin peşənin Siyahıda nəzərdə tutulan digər bir peşənin xüsusiyyətlərinə uyğun gəlməsi ilə bağlı iş yerindən əsaslandırılmış arayış verilmədiyindən güşəştli iş stajı kimi nəzərə alınması mümkün deyildir. Əlavə olaraq isə Kollegiya bildirir ki, iddiaçının X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində “əmtəə operatoru” peşəsində işlədiyi dövrdən fərqli olaraq "Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində “əmtəə operatoru” peşəsində işlədiyi dövr onun güzəştli iş stajına daxil edilməlidir. Belə ki, “SOCAR”ın “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “SOCAR”ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 16 may 2023-cü il tarixli 14-2/2-1842/2023 nömrəli arxiv arayışındakı qeydlərdən müəyyən olunur ki, İddiaçı "Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək əmtəə operatoru peşəsində işləmişdir. O, "Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək (04 il 05 ay) işlədiyi əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan peşə və vəzifələrlə eynilik təşkil etmir. Lakin Neftin kompleks hazırlanması və nəqli sexində əmtəə operatoru peşəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətləri həmin Siyahının 10.5-ci Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsində nəzərdə tutulmuş “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğundur. Belə ki, Neftin kompleks hazırlanması və nəqli sexində işləyən əmtəə operatorları aşağıdakı işləri yerinə yetirirlər: Neft məhsulunun (quyu məhsulunun) tərkibində olan mexaniki qarışıqların və suyun neftdən ayrılması. Neft məhsullarının rezervuarlarda, sistemlərdə, neft kəmərlərində ölçülməsi. Nümunə götürülməsi. Tutumlardan və rezervuarlardan suyun və çirkabın vurulması və xaric edilməsi. Rezervuarlarda (çənlərdə), sistemlər və başqa tutumlarda neftin, neft məhsullarının xüsusi çəkisinin müəyyən edilməsi. Neft tutucularından neftin və neft məhsullarının yığılması və ölçü çənlərinə vurulması. Rezervuarlarda (çənlərdə) kalibr cədvəlinə əsasən maye məhsullarının həcminin müəyyən edilməsi. Rezervuarların və tutumların həcmlərinin ölçülməsində iştirak edilməsi. Rezervuarların, boru kəmərlərin, boşaltma-doldurma avadanlığının və başqa avadanlığın təmirə hazırlanması. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq (Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarifixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir), Neftin kompleks hazırlanması və nəqli sahəsi və Neftin və suyun kompleks hazırlanması və vurulması sexində yerinə yetirilən işlər Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasının “Neft və neft məhsullarının, qazın, şistin, kömürün emalı və magistral boru kəmərlərinə xidmət” bölməsində nəzərdə tutulmuş əmtəə operatorunun işinin xüsusiyyətlərinə uyğun olduğuna görə həmin işlərin icrası üçün nəzərdə tutulan ştat vahidləri əmtəə operatoru adlandırılmışdır. Göründüyü kimi, Socar tərəfindən verilmiş arayışda iddiaçının Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində işlədiyi “əmtəə operatoru” peşəsinin “İstehsalatda neft xammalının hazırlanmasında məşğul olan əmtəə operatorları” peşəsinin işinin xüsusiyyətlərinə uyğun olması qeyd olunmuşdur. Bu səbəbdən də həmin dövr, yəni iddiaçının "Qum adası" Neft və Qazçıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində işlədiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2010cu il tarixədək olan dövr iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Lakin həmin dövrlər nəzərə alındıqda belə iddiaçıya güşətli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 10 il güzəştli staj tamamlanmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2891/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar