Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3673/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X10 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Kamil oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9755/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “X6 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1995-ci il tarixli, 141 saylı sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəcamla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmışdır.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-A-1154-8-1121/2025 saylı məktubu ilə İddiaçı (nümayəndəsi X1) Sabunçu Rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli, 141 saylı sərəncamının və ona əlavə edilmiş cizginin təsdiq edilmiş kserosurətləri (2 (iki) vərəqdən ibarət) təqdim olunmuşdur.
3. ünvan 1 ünvanlanmış 05 mart 2025-ci il tarixli 475 №li məktubda göstərilmşdir ki, xx.xx.2016-cı ildə vəfat etmiş xx.xx.1954-cü il təvəllüdlü X2 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət daxil olmuşdur. X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin ərizəsi əsasında xx.xx.2018-ci ildə vərəsəlik işi açılıb və vərəsəlik dairəsi müəyyən olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı və X7 miras qoyanın vərəsələri olması barədə İdarəyə məlumat verilmişdir. ünvan 2 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair forma 37 arayışının verilməsi xahiş olunmuşdur.
4. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki isə 1200 kv.m təşkil edir. Bağ sahəsinin sərhədləri 3 tərəfdən 1 sıra mişar daşı, 1 tərəfdən şərti sərhəd ilə, 3 tərəfdən yol ilə ayrılmışdır. Qeyd olunan torpaq sahəsinə xx.xx.2025-ci il tarixində baxış keçirilmişdir.
5. 17.04.2024-cu il tarixli **********00 №li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş”də qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, ərizədə əlaqə nömrəsi qeyd edilmədiyindən idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir.
a) Birinci instansiya məhkəməsində icraat.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 1200 kv. m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən mərhum X4 məxsus arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı bildirir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 141 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış, həmin torpaq sahəsi sonuncuya məxsus olmuş və mərhum X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bakı şəhəri 6 saylı Notariat ofisində vərəsəlik işi açılmış və 05 mart 2025-ci il tarixli, 475 nömrəli vərəsəlik məktubu ilə X5 vərəsəsi İddiaçı müəyyən edilmişdir. Ona məxsus 1200 kv. m torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman onun torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, ərizədə əlaqə nömrəsi qeyd edilmədiyindən idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-cİ il tarixli, 141 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılan zaman yerdə və naturada təhvil verilmişdir. Torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir və torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsası olmadan ona məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsasdır.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9755/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 1200 kv. m. torpaq sahəsinin mərhum X4 məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin bir tərəfdən şərti sərhədli, üç tərəfdən yol ilə əhatə olunduğu məlum olmuşdur. Həmçinin təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədəb xahiş etmişdir.
14. Cavabdeh məhkəmə iclasının vaxtı yeri barədə məlumatlandırılsada məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 1200 kv. m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən mərhum X4 məxsus arayışın verilməsini tələb edir.
23. Cavabdeh orqan isə təqdim edilmiş sənədlərin surət olduğunu, ərizədə əlaqə nömrəsi qeyd edilmədiyindən idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması mümkün olmadığını bildirərək, imtina cavabı vermişdir. Halbuki, cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi müayinə aktından müəyyən olunur ki, DƏDRX-nin mütəxəssiləri tərəfindən əraziyə xx.xx.2025-ci ildə baxış keçirilərək, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəizyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Cavabdeh təşkilatın birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayətində torpaq sahəsi ilə bağlı mövcud olan cizgidə istinad və məsafələrin qeyd edilməməsi səbəbindən sənədin sahəyə aid olub-olmadığını müəyyən etməsinin mümkün olmamasını, o cümlədən torpaq sənədinin iddiaçıya qanuni əsaslarla verilməsinin araşdırılmaması ilə əlaqələndirmişdir.
24. İş materiallarından görünür ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 141 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən ölçüsü 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış, həmin torpaq sahəsi sonuncuya məxsus olmuş və mərhum X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bakı şəhəri 6 saylı Notariat ofisində vərəsəlik işi açılmış və 05 mart 2025-ci il tarixli, 475 nömrəli vərəsəlik məktubu ilə X5 vərəsəsi İddiaçı müəyyən edilmişdir. Həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılan zaman yerdə və naturada təhvil verilmişdir. Torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi iddiaçının istifadə və sahibliyindədir.
25. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir.
26. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il taixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən müəyyən edilmiş koordinatlara və elektron baza məlumatlara əsasən sorğuda qeyd olunan torpaq sahəsinin qonşuluğunda və yaxın ətrafda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)- 3673/2025 saylı qərardaına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 yanvar 2026-cı il tarixli, 10/7261 saylı ekspert rəyində qeyd olunmuşdur ki, sxemdə miqyas, ölçülər, koordinatlar, istinad nöqtələrindən məsafələr və digər texniki göstəricilər qeyd olunmadığından həmin sxemdə qeyd olunan X6 xx.xx.1995-ci il tarixli, 141 saylı Sərəncamla ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinin 10 nömrəli internat məktəbinin yerləşmə mövqeyindən hansı məsafədə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa ekspertin rəyində oda qeyd edilmişdir ki, X6 xx.xx.1995-ci il tarixli, 141 saylı Sərəncamla ayrılmış torpaq sahəsi kimi təqdim olunan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən cənub istiqamətdə təxminən 970 metr aralıda 10 nömrəli sanatoriya tipli internat məktəbi yerləşir.
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair hüquqmüəyyənedici sənədlər, yerləşmə sxemi təqdim edilməyib. İki fiziki şəxsə məxsus torpaq sahəsi bir hasar daxilində yerləşir, ara sərhədi yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə qeyd olunan 10 nömrəli internat məktəbindən təqribən 996.0 metr məsafədə yerləşir.
29. Kollegiya qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə 141 saylı 03 fevarl 1995-ci il tarixli Sərəncam və Sərəncama əlavə edilmiş cizgi (sxem) Azərbaycan Respublikasının Milli Arxivində mövcud olduğuna görə və həmin Sərəcamın ləğvi, etibarsızlığı ilə bağlı hər hansı bir dəlil mövcud olmadığına görə həmin sənədin mötəbərliyinə cavabdehin şübhə ilə yanaşması “İnzibati İcraat haqqında” Qanunun 19-cu maddəsində qeyd olunan mötəbərlik prinsipinə ziddir. Belə ki, həmin Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
30. Ona görə də məhkəmə kolleqiyası hesab edir ki, apellyasiya şikayətinin torpaq sənədinin iddiaçıya qanuni əsaslarla verilməməsi ilə bağlı gətirdiyi arqument əsassızdır.
31. Cavabdeh orqanın apellyasiya şikayətində qeyd olunan ikinci arqumenti ilə də (yəni torpaq sahəsi ilə bağlı mövcud olan cizgidə istinad və məsafələrin qeyd edilməməsi səbəbindən sənədin sahəyə aid olub olmamasının müəyyən etməsinin mümkün olmaması ilə bağlı) məhkəmə kollegiyası razılaşmır.
32. Belə ki, torpaq sahəsinin yerləşmə yeri ilə bağlı verilmiş cizgiyə nəzər yetirdikdə torpaq sahəsinin 10 nömrəli internat məktəbinin yaxınlığında yerləşməsini müəyyən etmək olur və bu hal məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və mütəxəssis rəyində öz əksini tapmışdır. Torpaq sahəsi ayrılan zaman qüvvədə 09 noyabr 1991-ci ildə qəbul edilmiş və 25 iyun 1999-cu ilə qədər qüvvədə olmuş Torpaq Məcəlləsinin 99-cu maddəsinə əsasən yer quruluşu torpaq münasibətlərinin nizamlanması və torpaq ehtiyatlarından istifadə məsələlərinin həll edilməsi üzrə hüquqi, iqtisadi və texniki tədbirlər sistemini özündə birləşdirir. Həmin Məcəllənin 100-cü maddəsinin 3-cü bəndinə əsasən Yer quruluşu tədbirləri çərçivəsində torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını nəzərdə tutulur. Qeyd olunan Məcəllədə torpaq sahəsinin ayrılması qaydası ətraflı göstərilmədiyinə görə 25 iyun 1999-cu ildə təsdiq edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsinə nəzər saldıqda, müəyyən olunur ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
33. Göründüyü kimi torpaq sahəsi ayrılan ərəfədə onun sərhədləri yerdə (naturada) və xəritədə öz əksini tapmışdır. Başqa sözlə 1995-ci ildə torpaq sahələri ayrılarkən döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi həyata keçirilmirdi.
34. X12 ayrılmış torpaq sahəsinin cizgisindən görünür ki, torpağın yerləşdiyi yerdə istinad nöqtəsi kimi istifadə edilə biləcək və cizgidə öz əksini tapmış 10 saylı internat məktəbini göstərmək olar ki, o da hal-hazırda qeyd olunan torpaq sahəsinin yaxınlığında yerləşir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün cavabdehin gətirdiyi 2-ci arqumentin də hüquqi əsası yoxdur.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9755/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati 2-1(112)-9755/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.