Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3674/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-333/2022 saylı 27 may 2022-ci il tarixli Qərardadına əsasən inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad üzrə məhkəmə öz mövqeyini iddiaçının Bakı şəhərində yaşaması və iddianın məcburetmə növündə baxılan iddialara aid olması ilə əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli İş № 2-1(112)-13069/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2215/2019 saylı qətnaməsinə əsasən 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin olunaraq iddiaçının rəhbəri olduğu "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırkı iddia ərizəsi üzrə isə iddiaçı artıq həmin müəssisənin rəhbəri olmadığına istinad edərək ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə inzibati aktın qəbul edilməsini xahiş edir. Arzuolunan məqsədə nail olmaq cavabdeh inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilməsi ilə şərtləndiyindən iddia məcburetmə növündədir. Belə ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 24.0.2.1-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı halda iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi üçün səlahiyyətli orqan Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi olduğundan hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.2-ci maddəsində göstərilən (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmiş “xidmət mərkəzləri” barədə məlumat pəncərəsindən məlum olur ki, 3 saylı Ərazi Vergilər İdarəsi Quba şəhərində yerləşir və onun yurisdiksiyasına Quba, Xaçmaz, Qusar və Şabran rayonları aiddir. Göründüyü kimi, iddia məcburetmə növündə iddia, iddiaçı da Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəməni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Quba, Xaçmaz, Qusar və Şabran rayonları Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir Odur ki, hazırkı inzibati işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 1, 8, 9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı inzibati işə Sumqayıt İnzibati Məhkəməsində baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-3674/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3674/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver