Məhkəmə qərarları › İş №2-1(103)-3674/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3674/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3674/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 40 nöməli, xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Laçın RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X2 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Sabirabad rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Sol baldırın və budun qəlpə yarası. Baldırın və budun yad cisimləri» (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin xx.xx.2014-cü il tarixli 999 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 423 saylı arayışı, Sabirabad rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Hərbi Dəniz Qüvvələrin hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.1994cü il tarixli 330 saylı arayışı, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi MN MHHK-nın 3 4 nömrəli xx.xx.2015-ci il tarixli protokolu.

2. İddiaçının əlillik vəziyyətinə 26 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2008- ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Diaqnozun mətni: Sol baldırın odlu silah yaralanmasından sonra sol qamış sinirinin postravmatik nevriti.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol baldırın odlu silah yaralanmasından sonra sol qamış sinirinin postravmatik nevriti.” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 05 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1643/2024 nömrəli qərarından görünür ki, iddiaçının əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq inzibati Akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan xx.xx.2008-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona dəfələrlə yazdığı məktubların bir daha yazılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2006/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1643/2024 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdən təyin edilmiş ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.1998-cü ildən xx.xx.2008-ci ilədək müddətli, xx.xx.2008-ci ildən 2-ci dərəcə müddətsiz müharibə əlilidir. Səhhətində olan problemlərlə bağlı əvvəllər və hal-hazırda daima müayinə və müalicələrdə olur. Qarabağ müharibəsi zamanı olan xəsarətlərin ağırlaşması ilə əlaqədar olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona 2-ci dərəcə müharibə əlilli kimi müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.1-ci maddəsinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq bir çox tarixlərdə yazılmış məktubla bağlı və axırıncı dəfə buna qarşı etiraz məktubuna bir daha əsassız cavab yazılması ilə bağlı hesab edir ki, onun yenidən Agentliyə qəbula və ya müayinəyə dəvət edilməyinə ehtiyac yoxdur. İddiaçının yenidən müayinəyə və qəbula gəlməyinə ehtiyac yoxdur, çünki o, 1998-ci ildə cavabdeh tərəfindən qiymətləndirilmiş və 2-ci dərəcəli müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir, hesab edir ki, cavabdehin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır.

10. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçıya 2008-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilib. Lakin, iddiaçının adlarının açıqlanmasını istəməyən bir qrup döyüş yoldaşları cavabdehə ərizə ilə müraciət edərək iddiaçının əlilliyinin düzgün təyin edilmədiyini, onun aldığı xəsarətin cüzi olduğunu bildirmişlər. Bu səbəbdən iddiaçı əyani müayinəyə dəvət edilmiş, lakin əyani müayinəyə gəlməmişdir. Müayinəyə gəlmədiyi üçün iddiaçının əlillik dərəcəsi ləğv eilmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, iddiaçı ekspertizaya hetməkdən imtina etmişdir. Bu da onda əlillik təyinatına əsas olan diaqnozun olmadığını sübut edir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/3- 3-1643/2024 nömrəli qərar ləğv edilməsi və İddiaçı xx.xx.2008-ci il tarixdən təyin edilmiş ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTnın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, səhhətində olan problemlərlə bağlı əvvələr və hal-hazırda daima müayinə və müalicələrdə olur. xx.xx.1998-ci ildə səhətində Qarabağ müharibəsi zamanı olan xəsarətlərin ağırlaşması ilə əlaqədar olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reblitatsiya Agentliyi tərəfindən ona 2-ci dərəcə müharibə əlilli kimi müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə pensiya və təqaüd dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirən zaman məlum oldu ki, müddətsiz əlilliyi elektron altsistemdə xx.xx.2024-cü il tarixdən imtina kimi göstərilmişdir. Cavabdeh pensiya və təqaüdün dayandırılması barədə aidiyyatı orqanlara əsassız olarq məktub göndərmiş, pensiya və təqaüdü dayandırılmışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və məhkəmə qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsinin iştrakını təmin etmədi. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir (3.2. ). Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur (3.3.). Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4.). Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5. ). Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2- ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır (3.6. ). Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir (3.7.).

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 20.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

23. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsini tələb edir.

24. Cavabdeh orqan isə bildirir ki, iddiaçıya əlilliyin təyin edilməsinə dair qərarın düzgünlüyü barədə əsaslı şübhələr olduğundan iddiaçı əyani müayinəyə dəvət edilmiş, lakin əyani müayinədə iştirak etmədiyindən ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilmişdir.

25. İşin hallarından göründüyü kimi iddiaçının əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixinə cavabdeh tərəfindən əyani müayinəyə dəvət olunmuşdur. İddiaçı əyani müayinədə iştirak etmədiyi üçün xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əlillik dərəcəsi ləğv edilmişdir.

26. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən əldə edilən TSEK arayışında vətəndaşa xx.xx.1999-cu il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı barədə qeyd aparılmışdır. Lakin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrinə” görə vətəndaş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası (bundan sonra – MHHK) tərəfindən xx.xx.2015-ci il tarixində şəhadətləndirilmişdir. Belə ki, İddiaçı 1999-cu ildə aparılan təyinat MHHK-nın qərarı olmadan, qanunvericiliyin tələbləri pozularaq həyata keçirilmişdir. Bundan irəli gələrək, ilkin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən, İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında“ Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, bir sıra vətəndaşlar tərəfindən İddiaçı əsassız əlilliyə malik olması ilə bağlı Agentliyə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli müraciət daxil olmuşdur. Bundan irəli gələrək, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaşın qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Ə- 157/2024 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2024-cü il tarixinə Agentliyə dəvət edilmişdir. Lakin həmin tarixdə əyani müayinəyə gəlmədiyi üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair xx.xx.2024-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

27. Qanunvericiliyin normalarına əsasən şəxsə əlillik təyini barədə qərar yalnız həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda şəxsin əyani müayinəyə cəlb edilməsi ilə ləğv edilə bilər.

28. Hazırkı iş üzrə cavabdeh orqan şəxsiyyəti müəyyən edilməyən bir qrup şəxs tərəfindən iddiaçıya əsassız olaraq əlillik təyin edildiyini bildirərək, onu əyani müayinəyə cəlb etmişdir.

29. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının əyani müyainəyə cəlb edilməsi üçün yaranmış “əsaslı şübhələrin” mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh orqan əlillik dərəcəsinin verilməsini şübhə altına alan əsasları təqdim edə bilməmiş və anonim müraciət əsasında iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmişdir.

30. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.4-cü maddəsində göstərilmişdir ki, müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar