Məhkəmə qərarları › İş №2-1(103)-3677/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3677/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3677/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusunun verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(112)-9119/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təminindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. İddiaçı qeyd edir ki, statusun verilməsindən imtina barədə qərarda göstərilənlər həqiqətə uyğun olmamışdır. O, müsahibə zamanı verilən sualları dəqiq və doğru cavablandırmış, onun dediklərini təsdiq edən bütün sənədləri təqdim etmiş, lakin qərarda əsassız imtinaya dair yalan məlumatlar göstərilmişdir. O, etnik mənşəyi Azərbaycan türkü kimi İranda keçirilən etirazlarda fəal iştirak etmiş, ona qarşı ittiham irəli sürülmüş, 3 il müddətinə azadlıqdan məhrum edilmiş və 2 il müddətinə ölkədən çıxışına qadağan qoyulmuşdur. Girov qoyaraq həmin ölkədən çıxması mümkün olmuş və Azərbaycana gələrək siyasi sığınacaq tələb etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçı ölkə ərazisinə gələnədək hər hansı təqibə və təhdidə məruz qalmamış, müsahibəsində şəxs yalnız bacanağının təqibinə məruz qaldığını bildirmiş, müxtəlif qurumlarda rahat şəkildə işlədiyini və Norveç Krallığına getmək istədiyini bildirmişdir. 5 amil üzrə təqibə məruz qalmamış, ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqədar olmuş, tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9119/2024 saylı qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının İran hökumətinə qarşı aksiyalar təşkil etməsi və bu cür aksiyalarda aktiv iştirak etməsi nəticəsində məhkum edilməsi onun siyasi əqidəsinə görə vətəndaşı olduğu ölkədə təqibə məruz qalmış olmasını sübut edir. İİR-da qalmaq onun təhlükəsizliyini risk altına atdığı üçün ölkəsindən kənarda qalmış, Azərbaycan Respublikasına gəlmişdir. Bu dəlillər İddiaçı vəziyyətinin Qanunda nəzədə tutulan “qaçqın” statusu tələbinin də tam əsaslı olduğunu təsdiq edir. Ağlabatandır ki, İİR-ə qayıdacağı təqdirdə İddiaçı həyatı, azadlığı və (və ya) sağlamlığı zorakılıq riski altındadır. O, İİR-də etirazçı fəaliyyətinə görə haqsız həbslə, pis rəftarla və hətta qanunsuz olaraq qətlə yetirilmək riski ilə üz-üzədir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həsənov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarda qeyd edilir ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlardan aydın olur ki, o, İranda heç bir sosial qrupa qoşulmamış, ciddi siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə və dini etiqadına görə təqibə məruz qalmamışdir.

11. Qaçqın statusunun verilməsi haqqında vəsatətdə iddiaçı qeyd etmişdir ki, Azərbaycan Respublikasında qalmağı planlaşdırmır, buradan 3-cü ölkəyə getməyi planlaşdırır. Azərbaycan-İran demokratik partiyası Norveçdə fəaliyyət göstərdiyindən ora getmək niyyətindədir. Təşkilat haqqında verilən suallarda iddiaçı qeyd etmişdir ki, rəhbərinin adı yadından çıxmışdır, işləri Sima xanım adlı şəxs aparmaqdadır. İzahatda ailə üzvləri ilə sağollaşdınızmı?-sualına verilən cavabda iddiaçı onun sağollaşdığını, telefonu dostuna verdiyini, izləməsinlər deyə simkartının olmadığını qeyd etmiş, daha sonra istiqamət üzrə ona kim kömək edirdi sualına internetdən xəritə vasitəsi ilə dedikdə, növbəti sual simkartın olmadığı halda internetdən necə istifadə edildiyi soruşulmuş, ərizəçinin bu barədə bir az düşündüyü, daha sonra dostlarından birinin simkartı verdiyini, növbəti sualda isə simkartın qaynanasına məxsus olduğunu bildirmişdir. Xahişinin nə olduğu sualına isə ona 3-cü ölkəyə kömək göstərilməsini bildirmişdir.

12. Müsahibə zamanı izahatında iddiaçı qeyd edir ki, telefonunda bir sim nömrə tapmışdı, bilmirdi kimin nömrəsidir, istəmirdi öz simkartı olsun. Azərbaycanda nə qədər qalmaq istəyərdiz sualı ilə bağlı isə, iddiaçı qeyd edir ki, fəaliyyətini Avropada davam etdirməyi planlaşdırır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır.

14. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

15. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

16. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

17. 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

18. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.

19. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşməkdədir ki, iş materiallarından da göründüyü kimi həmin sübut etmə vəzifəsi cavabdeh tərəfindən icra edilmiş, iddianın təminini istisna edən şərtlərə istinad edilməklə müraciətin təminindən qanuni və əsaslı olaraq imtina edilmişdir.

20. Belə ki, iş materiallarında olan qərardan, iddiaçının vermiş olduğu izahatdan da aydın olduğu kimi iddiaçı heç bir sosial qrupa qoşulmamış, ciddi siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə və dini etiqadına görə təqibə məruz qalmamışdır. Azərbaycan Respublikasına gəliş məqsədi faktiki olaraq Norveç Krallığına getmək istəyi ilə bağlı olmuş, ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqədar olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki yuxarıda artıq göstərildiyi kimi iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.

22. Qeyd olunmalıdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər.

23. İddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

24. İşin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

27. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9119/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar