Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-368/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi və ödənilməmiş fərqin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-2255/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun 11.11.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 il sığorta stajına (13 il16 gün iş stajına) malik olduğundan 50 yaşının tamam olduğu 26.06.2007-ci ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 26 iyun 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində doğulmuşdur. Ermənistan Respublikasında yaşayarkən 4 (dörd)uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində yaşayır. 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyinə görə 26 iyun 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində “Sverdlov” adına sovxozda işlədiyinə dair bütün sənədlər qaçqın düşdüyünə görə Ermənistan Respublikası ərazisində qaldığı üçün təqdim edə bilməmişdir. Ona görə də həmin vaxt və sonralar pensiyaya çıxa bilməmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli qətnaməsi ilə hüquqi fakt müəyyən olunması barədə iddiaçının ərizəsi təmin edilmiş, və 26.06.1975-ci ildən 12.07.1988-ci ilədək olan müddət ərzində Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində adına sovxozda işlədiyi iş illərinin iddiaçıya əmək pensiyası hüququ verən əmək (sosial sığorta)stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2(010)-5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan əmək stajının 13 il 16 gün, yaşı 60 olduğunu nəzərə alıb 26.12.2019-cu ildən əmək pensiyası təyin etmişdir. Lakin iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşının tamam olduğu 26 iyun 2007-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 28.11.2019-cu il tarixli 18/********** nömrəli məktubla imtina cavabı vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2255/2020 saylı, 20 may 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı 29 iyul 2016-ci il tarixdən təyin edilməsi, 29 iyul 2016-ci il tarixdən 01.03.2019-cü il tarixədək ödənilməyən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Suraxanı rаyоn şöbəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunaraq o hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin cavabdeh apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol vermiş və düzgün olmayan qərar qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2- 1(103)-1420/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 20.05.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2066/2020 saylı 21.10.2020-ci il tarixli qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli, 2- 1(103)1420/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1957-cı il tarixdə doğulmuşdur, o, dörd uşaq (qızı 1976-ci il təvəllüdlü Aytəkin, oğlu 1977-ci il təvəllüdlü Tehran, oğlu 1979-cu il təvəllüdlü Mehman,oğlu 1983-cü il təvəllüdlü Abbas) anasıdır, cavabdeh tərəfindən iddiaçının 29.07.2019-cu il tarixli ərizəsinə əsasən, məhkəmə qərarları ilə təsdiq edilmiş 13 il 16 gün əmək stajı nəzərə alınmaqla iddiaçıya 01.03.2019-cu il tarixindən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona “Əmək pensiyaları haqqında” Qanunun 11 noyabr 2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona 50 yaşından, yəni 26.06.2007-ci il tarixdən əmək pensiyanın təyin edilməsi və həmin tarixdən indiyədək ödənilməli ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi qaydalarının 6.2-ci maddəsinə istinad edərək ərizənin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad nöqtəsi kimi götürdüyü həmin tarix, yəni “29 iyul 2016-cı il tarixdən ödənilməyən fərq məbləğinin ödənilməsi” tarixini haradan və necə götürdüyünün açıqlamasını vermir, yəni bununla bağlı öz hüquqi mövqeyini əsaslandırmır. Eyni ilə apelyasiya instansiyası məhkəməsi də bu məsələ birinci instansiya məhkəməsinin hüquqi mövqeyini haqlı sayaraq bu qənaətə hansı səbəbə görə gəldiyini göstərmir, sadəcə iki formal cümlə yazmaqla kifayətlənir. Digər tərəfdən hər iki məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslansa da, həmin maddənin sözügedən 3 illik məsələsi ilə nə kimi üzvü hüquqi bağlantısının olmasını tam və hərtərəfli əsaslandırmır, halbuki adi riyazi hesablanmadan da 3 il müddətinin yenə də alınmaması aydın görünür ki, belə olan halda adıçəkilən qanunun 32.11-ci maddəsinin həmin məsələyə tətbiq edilməsinin zəruriliyi bəlli deyildir. Xüsusi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə ilkin olaraq nə zaman müraciət etməsi barədə rəsmi ərizə mövcud deyil, halbuki bunun əhəmiyyət kəsb etdiyi şəksizdir. Bununla bağlı qeyd edilməlidir ki, işdə cavabdehin yalnız 2 cavabı var ki, (21.11.2018-ci il tarixli) oradan bəzi məsələləri anlamaq mümkündür. Buna görə də təsadüfi deyildir ki, məhkəmələrin cavabdeh tərəfindən iddiaçıya pensiyanın 01.03.2019-cu il tarixdən təyin edilməsini hansı mənbədən olmaları məlum deyildir. Göstərilənləri və Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. «Əmək pensiyaları haqqında» Qanunun 8.1-ci mаddəsinin 2010-cu ilin yanvarın 1dək qüvvədə olmuş redaksiyasına əsаsən, dörd uşаğ dоğub оnlаrı səkkiz yаşınаdək tərbiyə еtmiş və аzı 5 il sığоrtа stаjı оlаn qаdınlаrın 50 yаşınа çаtdıqdа yаşа görə əmək pеnsiyаsı hüququ vаrdır. “Əmək pensiyaları haqqında”Qanunun 31.1.-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında”Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.. Həmin Qanunun 32.1-1.-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ yarandığı tarixdən, yəni 26.06.2007-ci il tarixdən pensiyanın təyin edilməsini tələb edir. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçı 50 yaşı tamam olduğu 2007-ci il tarixdə pensiyanın təyin edilməsi üçün müracit etməli idi ki, həmin tarixdən onun pensiya təminatı hüququ reallaşsın. Lakin bu müddətdə müraciət etməməklə iddiaçı öz iradə ifadəsini əks etdirmişdir. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsi ilə tənzimlənən qayda isə pensiya təyinatı məsələlərin zamana görə qüvvədə olmuş müddəaların tətbiqi ilə bağlı deyil, həmin Qanunla təyin edilmiş əmək pensiyalarının müddətləri ilə bağlıdır. Bu tərzdə maddənin təfsiri onun adından və müxtəlif hissələrin tənzimlənmə qaydasından irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. Həmin Qanunun 32.2.–32.3-cü maddələrində isə digər növ pensiyaların hansı hüquqi faktın müəyyən edildiyi vaxtdan hansı müddətə qədər təyin edilməsi göstərilmişdir. İddiaçının halına münasibətdə bu maddənin tətbiqi onu nəzərdə tutur ki, iddiaçının yaşa görə pensiya hüququ həmin Qanunda nəzərdə tutulmuş şərtlər daxilində yaranmaqla ömürlük təyin edilməldir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarın əsaslandırma hissəsində iddiaçıya yaşa görə əmək pensiyasının müraciət edilən 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 29.07.2016-cı il tarixdən təyin edilməklə qanun ilə müəyyən edilmiş qaydada ödənilməli olmasını qeyd etsə də, nəticə hissəsində 29 iyul 2016-ci il tarixdən 01.03.2019-cü il tarixədək ödənilməyən fərq məbləğinin ödənilməsini qeyd etmiş, ödənilməyən fərq məbləğinin ödənilməsinin nəzərdə tutulduğu 01.03.2019-cu il tarixinin hansı mənbədən götürdüyünü əsaslandırmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı hazırkı məzmunda tələblə cavabdehə 29.07.2019-cu il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il qərardadında göstərilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2007-ci il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana 29.07.2019-cu il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Odur ki, iddiaçının pensiyası onun müraciət etdiyi (29.07.2019-cu il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni 29.07.2016-cı il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 29.07.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və 29 iyul 2016-cı il tarixdən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(112)-2255/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı 29.07.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və 29 iyul 2016-cı il tarixdən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-368/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-368/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver