Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-368/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı İddiaçı (xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, VÖEN-**********, VÖEN alma tarixi-13.01.2017-ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05.04.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli, **********2063 nömrəli Qərar”ı əsasında aparılmış yoxlamanın nəticəsinə dair qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.03.2021-ci il tarixli **********145281 nömrəli qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2017-ci il tarixli 314 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini sökərək yerində təqdim etdiyi layihəyə əsasən, yeni müasir üslubda dörd mərtəbəli çoxmənzilli yaşayış evi tikmişdir. Qeyd olunan sərəncamla İddiaçı söküntu aparılan ərazidə çoxmənzilli dörd mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evinini tikintisinə 2017-ci ilin avqust ayında başlanmış və hazırda tamamlama işləri görülür. Tikinti layihəsinə uyğun olaraq bütün işlər görüldükdən sonra çoxmənzilli yaşayış evinə Suraxanı rayon İcra Hakimiyyətinin “Evlərin Hüquqi qeydiyyata alınması komissiyası” tərəfindən istismara qəbul edilməsinə dair müvafiq akt verildikdən sonra yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən “Mülkiyyət Hüquqlarının dövlət qeydiyyatına dair Çıxarış alınacaqdır. Bu Çıxarış olmadan həmin fərdi yaşayış evində olan mənzil payından heç kimə satmaq mümkün deyildir. İddiaçı tərəfindən tikinti aparılması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı özünə səxsi mülkiyyətində olan mənzili söküb yerində ailəsinin ehtiyaclarına uyğun olaraq çoxmənzilli fərdi yaşayış evi tikməklə vergi ödəyicisi sayıla bilməz. Vergi əməkdaşları tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş çoxmənzilli yaşayış evi beş mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş, buna görə də yanlış nəticə çıxarmışlar. Bununla vergi əməkdaşları Vergi qanunvericiliyinin tələblərini pozmuşlar. Belə ki, vergi orqanının istinad etdiyi qanunvericilik normasının tələbindən göründüyü kimi vergi ödəyicisinin gəlirlərini və ya vergitutma obyektlərini gizlədilməsinin əlamətləri müəyyən edildikdə həmin vergi ödəyicisinin fəaliyyəti vergi orqanının müvafiq qərarına əsasən yoxlanıla bilər. İddiaçı vergi ödəyicisi deyildir, yəni qanunvericiliyin nəzərdə tutuduğu subyekt deyildir. İddiaçı adi vətəndaş olmaqla şəxsi ehtiyacları üçün tikidiyi çoxmənzilli yaşayış evi beş mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş və bu əsasla iddiaçı tərəfindən əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etmişdir. Bu qərar əsassız və qanunsuzdur.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə Sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. İddiaçı belə fəaliyyət göstərmir, bu fəaliyyətlə məşğul olmur və bu tikintidən hər hansı mənfət götürməmişdir. Bundan başqa, iddiaçı əvvəllər tamam başqa sahədə-pərakəndə satış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı 13.01.2017-ci il tarixdə ********** nömrəli VÖEN almış, bir müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, bu işi qura bilmədiyindən 2017-ci ilin oktyabr ayında sahibkarlıq fəaliyyətini rəsmi qaydada dayandırmışdır. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının fəaliyyətidə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etməmişdən əvvəl onun fəaliyyətinə dair “Kameral vergi yoxlaması aparılmasına dair qərar” açılmış, əsassız və qanunsuz olaraq bununla bağlı yoxlama aktı tərtib edilmişdir. Bakı şəhəri Lokal Vergilər Departamenti tərəfindən kameral yoxlama qaydasında 237951.68 manat vergi borcu hesablanması barədə 09.04.2019-cu il tarixli **********548500 nömrəli “Vergilərin hesablanması barədə Qərar” qəbul edilmişdir. Bu qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunması 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan məhkəmə qərarları ilə Vergi orqanının “Kameral vergi yoxlaması aparılmasının nəticəsinə dair qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. Həmin məhkəmə qərarları ilə təsdiq olunmuşdur ki, İddiaçı vergi ödəyicisi deyildir. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 12.11.2021-ci il tarixində cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz məhkəməyə daxil olmuşdur, etirazda Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin olunmaması xahiş olunmuşdur. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil (Bakı şəhəri 2 saylı Vəkil Bürosu), cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)- 5480/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,7 kv.m, yaşayış sahəsi 35,0 kv.m. olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir; - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 314 nömrəli 18.07.2017-ci il tarixli sərəncamına əsasən, ünvan 1 saylı ünvanda vətəndaş İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxmənzilli yaşayış evinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir; - Bakı şəhəri, ünvan 3 ünvanında İddiaçı məxsus yaşayış binasının “Memarlıq planlaşdırma həlli”ndən görünür ki, layihə 27.03.2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Layihələndirilən bina 5 mərtəbəli (+mansard), çoxmənzilli yaşayış binası olmaqla tikinti sahəsi 492,0 kv.m., binanın həcmi 10575,0 kv.m., eynitipli mərtəbələrin ümumi sahəsi 1556,4 kv.m., mansardın ümumi sahəsi 442,6 kv.m., mənzillərin sayı 24 ədəd (bir otaqlı – 16 ədəd, iki otaqlı – 4 ədəd, 3 otaqlı – 4 ədəd), birinci mərtəbənin ümumi sahəsi 437,6 kv.m., zirzəminin ümumi sahəsi 399,5 kv.m. təşkil edir. - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.03.2021-ci il tarixli, **********145281 nömrəli qərardan görünür ki, səyyar vergi yoxlaması ilə büdcəyə ödəmə mənbəyində tutulan vergi üzrə 13099,10 manat, MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (0100) bəyannaməsi üzrə 17011,81 manat, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə 4252,96 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 2126,48 manat, cəmi 36490,35 manat məbləğində əlavə vəsait hesablanmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18245,18 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 920,0 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir; 26.01.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 saylı ünvanda fiziki şəxs İddiaçı tərəfindən tikilmiş yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01.04.2020-ci il tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur; Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir; Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir; Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 101.1-3-cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir; Həmin Məcəllənin 150.1 və 150.1.2-ci maddələrinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar ödəmə mənbəyində vergini tutmağa borcludurlar; Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir; Həmin Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 314 nömrəli 18.07.2017-ci il tarixli sərəncamı əsasında İddiaçı tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən mənzili söküb, yerində təqdim olunmuş layihəyə uyğun olaraq çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 21.05.2020-ci il tarixli qərarına əsasən 01.04.2017-ci ildən 31.03.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması ilə 36490,35 manat məbləğində əlavə vəsait hesablanmış, 19165,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialarında olan mütəxəssis rəyində qeyd edilən yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01.04.2020-ci il tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 manat əsas götürüldükdə, ödəmə mənbəyində tutulan vergi üzrə 13099,10 manat (93565,0 manat x 14%), məcburi dövlət sosial sığorta haqqı 23391,25 manat (93565,0 manat x 25%), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18245,18 manat və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 920,0 manat məbləğində maliyyə sanksiyaları düzgün olaraq müəyyən edilmişdir. Göründüyü kimi çoxmənzilli yaşayış binasının iddiaçı tərəfindən tikintisi Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda sadalanan normaların dispozisiya şərtlərini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-5480/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-368/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-368/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver