Məhkəmə qərarları › İş №2-1(103)-368/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-368/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-368/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4319/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası Xocavənd rayonu Mamedazor kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla, hal-hazırda ünvan 2 ünvanında yaşayır. 01 noyabr 1991-ci il tarixdən 30 sentyabr 1992-ci il tarixə qədər N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş hərbi biletdə xx.xx.1991-ci il tarixdən N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixədək olması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona müharibə veteranı adının və vəsiqəsinin veriməsi barədə müraciət etməyinə baxmayaraq, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli 4/2-646 nömrəli cavab məktubu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sentyabrdekabr 1992-ci il və 01-10 yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmadığını əsas gətirərək, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə surəti əlavə olunmuş NZ seriyalı, ******* nömrəli hərbi biletin 6-cı səhifəsindəki qeydlərə əsasən, xx.xx.1991-ci il tarixli 01 nömrəli əmrlə N nömrəli hərbi hissəyə daxil olmağı, xx.xx.1992-ci il N nömrəli əmrlə həmin hərbi hissədən buraxılmağı təsdiq edilmişdir. Şəxsin hərbi xidmətdə olması faktını təsdiqləyən əsas sənədin hərbi bilet olduğunu nəzərə aldıqda, cavabdeh inzibati orqan tərəfindən əlavə təsdiqedici sənədlərin olmaması əsas gətirilməklə, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina etməsi qanunsuzdur. Onun xx.xx.1992-ci il tarixdi Xocalı hadisələrində Xocalı sakinlərinin döyüş zonasından çıxarılmasında fəal iştirakı barədə Mövqe (www.movqe.com) qəzetində Xocalı Soyqırımı haqqında məqalədə geniş yazılmış və həmin tarixdə çəkilmiş foto şəkli paylaşılmışdır. Həmin fotoşəkil və məqalə iddia ərizəsinə əlavə olunur. Bundan başqa, Xocalı hadisələri ilə bağlı “Erməni Zindanında 8 gün” adlı, “Savaş və Umut” adlı kitablarda da onun Xocalı hadisələrindəki fəal iştirakı barədə geniş yazılar dərc olunmuşdur. O cümlədən, onun 1991-1993-cü illəri əhatə edən dövr ərzində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə iddia ərizəsinə əlavə edilən notarial qaydada təsdiq edilmiş X1, X2 şahid ifadələri ilə də təsdiq edilir. Cavabdeh inzibati orqan nəinki yuxarıda qeyd olunan sənədləri nəzərə almış, ümumiyyətlə təqdim etdiyi imtina məktubunda 1991-1992-ci illəri əhatə edən xidməti barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən başqa, hər hansı digər araşdırma aparmayaraq (başqa qurumlara digər arxiv sənədlərinin əldə edilməsi barədə heç bir müraciət edilməmiş), inzibati icraat aparılması tələblərini pozmuşdur. Bundan başqa, bildirir ki, onun hərbi hissədə xidmət etməyi barədə hərbi biletində, habelə şəxsi işində əksini tapmış məlumatların arxiv məlumatları ilə təsdiqlənməsi həm də ona görə mümkün olmamışdır ki, N nömrəli hərbi hissə komandirinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Yəni arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir, «hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə iddiaçının tələbi təmin olunmamalıdır» kimi gəlinən nəticə isə, ümumiyyətlə inzibati icraatın mütanəsiblik prinsipi ilə uzlaşmır, döyüşlərdə iştirak edən döyüşçünün vəzifəsi komandirlərinin əmr və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Döyüşçünün öz hərbi xidməti barədə məlumatların səlahiyyətli şəxslər tərəfindən düzgün qeydiyyata alınmasına nəzarət etməsi kimi öhdəliyi yoxdur. Belə ki, nizami hissə üzrə əmrlərinin aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə “müharibə veteranı” adı və vəsiqəsi alması ilə bağlı hüquqların həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı və qanuni əsaslarla ordu sıralarından tərxis olunmağı hərbi bileti və digər müvafiq təsdiqedici sənədlərlə sübut olunur. Odur ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müddətdə xidməti ilə bağlı təqdim olunan sənədlər qiymətləndirilməklə, müharibə veteranı vəsiqəsinin verilməsi üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal kimi hesab olunmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-1203 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti təsdiqlənmədiyinə görə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. Xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4319/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin qanuni əsası qismində çıxış edən normanın tələbləri konkret olmamış, bütün sübutlara (təsdiqedici sənədlərə) kompleks baxılaraq qiymət verilməsini şərtləndirmişdir. Hazırki vəziyyətdə əgər həmin hərbi hissənin əmrləri mövcud olsaydı və onun adı olmasa idi, ümumiyyətlə onun orada olmağıyla bağlı tək sübut hərbi biletindəki qeyd çıxış etsə idi, məhkəmənin mövqeyini əsaslı hesab etmək olardı. Lakin, onun hərbi əməliyyatlarda iştirak etməyi bir çox sübutlarla, o cümlədən hərbi biletindəki qeyd və möhürlə təsdiq olunursa, əlavə olaraq arayışın olmaması kimi formal bir əsasla iddianın rədd edilməsi, hesab edir ki qanunvericiliyə uyğun deyil. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il və 01-10 yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərinin Xocalı rayon ətrafında yerləşən yaxın rayonların arxiv idarələrində ola biləcəyini məhkəməyə bildirsə də, məhkəmə bununla əlaqədar heç bir araşdırma aparmayaraq, öz xidməti vəzifələrinə müvafiq olaraq işin hərtərəfli araşdırılması vəzifəsini icra etməmişdir. Tərəflərin iştirakı: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 1038 saylı məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin martdekabr 1992-ci il, 01-10 yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əlavə edilmiş İddiaçı hərbi biletinin kserosurətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçdiyi hərbi hissənin nömrəsi oxunmadığından araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin döyüş əməliyyatlarında iştirakı ilk növbədə sənədlərlə təsdiq olunduğundan, iddiaçının isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı sənədlərlə, müvafiq əmrlə təsdiq olunmadığından, iddiaçının döyüş əməliyyatlarında iştirakı ilə bağlı şahidlərin dindirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı AR Müdafiə Nazirliyinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədi ilə, N nömrəli hərbi hissənin xx.xx.1991-ci il tarixli 01 nömrəli və xx.xx.1992-ci il tarixli N nömrəli əmrlərinin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuş, sorğuya 3293 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, 01-10 yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.1992-ci il tarixdə 166 №-li əmr verilməmişdir. N №-li hərbi hissə komandirinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4319/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar