Məhkəmə qərarları › İş №2-1(103)-3680/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3680/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3680/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə qarşı “intizam icraatının başlanılması üçün müraciət edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11749/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hakim Vəfa Əzizova və digər hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozduğuna görə İntizam icraatının başlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəmə-Hüquq Şurasına müraciət etməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11749/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə “Sumqayıt İnzibati Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair İddiaçı MMC-nin vəsatəti təmin edilməmiş, iddiası mümkün sayılmamışdır.” İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş, lakin apellyasiya şikayətində əsaslandırma hissəsini sonradan təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Qeyd olunanlar nəzərə alınmaqla, hazırkı günə (xx.xx.2024-cü il tarixə) apellyasiyanın mümkünlük məsələsnə baxılması üzrə məhkəmə iclası təyin edilərək, iddiaçıya, hüquqları da izah edilməklə, məhkəmə bildirişi ilə məlumat verilmişdir. Lakin nə iddiaçı, nə də məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan, apellyasiyanın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinin tələbinə görə şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. İddiaçının xx.xx.2024-cü il tarixdə tərtib edilmiş apellyasiya şikayətində isə Məcəllənin qeyd olunan tələbinə müvafiq əsaslandırma hissəsi mövcud deyil və iddiaçı özü də bildirmişdir ki, apellyasiya şikayətinin əsaslandırma hissəsi İPM-in 85.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin təqdim edildiyi gündən 30 gün ərzində birbaşa apellyasiya instansiyası məhkəməsinə təqdim ediləcək. Lakin iş materiallarından, o cümlədən, e-məhkəmə informasiya sisteminin məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçı həmin sistemdə yaradılmış e-kabineti vasitəsilə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etsə də, xx.xx.2023-cü il tarixə təyin edilən hazırıkı məhkəmə iclasına qədər 30 gündən də çox (36 gün) müddət ərzində apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçının apellyasiya şikayəti forma və məzmun baxımından İPMin 85.2-ci maddəsinə uyğun verilmiş hesab edilə və məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 87.3-cü maddəs isə nəzərdə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11749/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar