Məhkəmə qərarları › İş №2-1(103)-3680/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3680/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3680/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2025 nömrəli, 01 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin müraciət etdiyi və hüquqlarının pozulduğu xx.xx.2022-ci il tarixdən hazırki iddia üzrə məhkəmə qərarının qüvvəyə mindiyi tarixədək ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, oktyabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi qaydasında ödənilməsi və etimad hüququnun pozulduğu barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2015-ci il tarixdən pensiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Bu zaman məhkəmə qərarı ilə xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Ali Təhsil müəssəsində (X3) əmək stajının olduğu müəyyən edilmişdir. 2021-ci ilin oktyabr ayından əmək fəaliyyətini dayandırdığından, xx.xx.2022-ci il tarixdə DSMF-na elektron müraciət qaydasında “mənim fəlsəfə doktoru elmi dərəcəm var, işləmirəm, əlavəni kartıma vurun” mətnində ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq onun işlə təmin ediləcəyi bildirilmişdir. xx.xx.2024cü il tarixdə elektron müraciət qaydasında “fəlsəfə doktoru elmi dərəcəsinə görə prezident təqaüdünün təyinatı ilə bağlı müraciət edirəm, rəsmi məlumat verilsin” mətnində ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasında əmək kitabçasında təhsil illəri barədə Elmi Təhsil müəssisəsində staj kimi göstərilməməsi və 2000-ci ildən 2006-cı ilədək Elmi işlər üzrə direktor müavini çalışdığı "xxxx" QSC-nin elmi müəssisə olmadığı əsaslarını qeyd etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən 2016-cı ildə qəbul edilmiş “Elm haqqında” Qanunun tələblərinin onun 2006-cı ilədək işlədiyi "xxxx" QSC-də fəaliyyət növünün müəyyən edilməsi üçün geriyə güvvəsi şamil edilə bilməz. Ali Məhkəmənin İnzibati Kollegiyasının Pezident təqaüdü təyin edilərkən əmək kitabçasında qeydlər olmaması və Müəssisənin Elmi fəaliyyətinin Nizamnaməsi ilə müəyyən edilməsi barədə formalaşmış mövqeyi onun Prezident təqaüdü təyin edilməsi barədə tələbinin haqlı olduğunu təsdiq edir. Beləliklə, təhsil prosesinin iştirakçısı kimi 5 il 6 ay X2 Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş əmək srajı, 14 il Azərbaycan Respublikası Elmlər X1 elmi vəzifələrdə olan əmək stajı və elmi müəssisə olan "xxxx" QSC-nin elmi işlər üzrə direktor müavini vəzifəsində 6 il iş stajı, cəmi 26 il elmi və ali təhsil müəssəsində olan iş stajı ona Prezident təqaüdü təyin edilməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-5433/2025 nömrəli, 01 iyul 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli qərarı ilə qanunun geriyə şamil edilməsi və Ali Məhkəmənin 2017-ci ildə qəbul edilmiş tərəflər arasında təhsil müddətinin əmək stajına daxil edilməsi ilə bağlı qərarına zidd olaraq iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı qanuna və işin faktiki hallarına uyğun olmadığından, onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya şikayəti verir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (1992- 2006-cı illərdə qüvvədə olmuşdur) 2006-cı ilədək olan dövr üçün əyani təhsil müddətinin pensiya stajına daxil edilməsini birbaşa nəzərdə tutmuşdur. Ali Məhkəmənin qərarı ilə bu müddət onun əmək stajı kimi tanınmışdır. Cavabdeh tərəfindən bu müddət əmək stajı kimi qəbul edilərək 2016-cı ildə ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. “Elm haqqında” Qanun xx.xx.2016-cı ildən sonra qüvvəyə minmişdir. İddiaçı isə "xxxx" QSC-də 2000- 2006-cı illərdə işləmişdir. Belə olan halda bu qanunun müddəalarının geriyə tətbiqi hüquqi baxımdan yolverilməzdir. Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarında da bu prinsip təsdiqlənmişdir. Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC-nin cavab məktubu ilə onun konkret hansı sahədə elmi fəaliyyət göstərdiyi araşdırma zamanı müəyyən edilmişdir. Prezident təqaüdünün təyin edilməsi üçün hər hansı sığorta stajı tələb edilmir, yalnız əmək stajı tələb olunur. Belə olan halda onun "xxxx" QSC-də olan 6 il iş stajı qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə sözügedən təqaüd təyin edilərək ödənilir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsinə əsasən elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işləri və onların nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir. Təqdim etdiyiniz "xxxx" X5 Cəmiyyətinin Nizamnaməsində Qanunun 21.4-cü maddəsinə əsasən ali idarəetmə orqanı olaraq elmi şuranın fəaliyyəti müəyyən edilmədiyinə görə həmin müəssisə elmi müəssisə və təşkilat hesab edilmir. Bu səbəbdən sözügedən müəssisədəki əmək fəaliyyəti dövrünüzün təqaüdün təyin edilməsi üçün iş stajı kimi nəzərə alınması mümkün hesab edilmir. Ümumi sığorta stajınız (14 il 3 ay) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün Sizə sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, sorğuda göstərilən "xxxx" QSC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyinə daxil olan qurum deyil, həmçinin qeyd olunan müəssisənin elmi müəssiə və ya təşkilat hesab edilib-edilməməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, "xxxx" QSC AMEA-nın strukturuna daxil deyldir və AMEA-da "xxxx" QSC-nin hansı fəaliyyətlə məşğul olması barədə heç bir məlumat yoxdur. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı:

1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.

4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə təsis edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı qeyd olunan Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün təqaüdün təyin edilməsini Fərmanın tələbləri baxımından mümkün hesab etməmiş və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü aşağıdakı şərtlərə cavab verən şəxslərə təyin edilir: 1) Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışan; 2) elmi dərəcəsi olan; 3) işləməyən; 4) əmək pensiyası hüququ olan. Hazırkı işdə iddiaçıya münasibətdə mübahisələndirilən yeganə hal iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 ildən az çalışmasıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının "xxxx" QTSC-də çalışdığı iş stajı əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan staj kimi sığorta stajına daxil edilmir. Belə ki, həmin dövrlər əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı deyildir. “Elm haqqında” Qanunun 21.4-cü maddəsinə görə elmi müəssisə və təşkilatların ali idarəetmə orqanı onun elmi şurasıdır. Lakin "xxxx" QSC-də ali idarəetmə orqanı kimi elmi şuranın fəaliyyəti müəyyən edilmir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyinə daxil olan qurum deyil, qeyd olunan müəssisənin elmi müəssisə və ya təşkilat hesab edilib-edilməməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində hər hansı bir məlumat yoxdur. Eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC AMEA-nın strukturuna daxil deyldir və AMEA-da "xxxx" QSC-nin hansı fəaliyyətlə məşğul olması barədə heç bir məlumat yoxdur. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad etməsinə (ali təhsil müddəti) münasibətdə qeyd edilməlidir ki, qeyd olunan norma təhsil illərinin iş stajına daxil edilməsi ilə bağlı olmaqla, eləcə də ümumi əmək stajına daxil olan fəaliyyət növlərini göstərməklə pensiya təminatı məsələlərini tənzimləyir. Təhsil müddəti pensiya təyin edilməsi üçün iş stajına daxil edilsə də, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının tələbləri baxımından əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı hesab edilmir. Göründüyü kimi, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanı ilə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona təqaüdün təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433/2025 nömrəli, 01 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar