Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3681/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1887/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya münasibətdə eyni diaqnozla əvvəllər qüvvədə olmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin tələblərinə müvafiq olaraq 2014, 2015-ci illərdə bir il, 2016-cı ildən isə 5 il maddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçının diqanozu “Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli hemiparez. NSD kardial tipli.”, daha sonra “Spastik serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli yüngül hemiparez. Müştərək çəpgözlük” olmuşdur. Xəstəliyin kodu Xəstəliklərin beynəlxalq təsnifatı üzrə G80-G83, G80 Uşaq sarebral iflici, G80.0 Spastik serebral iflic olaraq göstərilmişdir.
2. Həmçinin, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin ona orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəli əlillik təyin etməyə əsas verməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni göndəriş əsasında ümumi xəstəlik səbəbindən bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
3. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, üçüncü dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, iddiaçıya “spastik serebral iflicin qalıq əlamətləri, sağ tərəfli hemiparez, müştərək çəpgözlük, NSD kardial tipli” diaqnozu ilə xx.xx.2014-cü il tarixdən 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən spastik serebral iflicin qalıq əlamətləri, sağ tərəfli hemiparez, müştərək çəpgözlük diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya 2016-cı ildə 5 il müddətinə eyni diaqnozla əlillik təyin olunmuşdur. İddiaçı əlillik dərəcəsinin müddətsiz təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İş materiallarında olan cavabdehin etirazına əlavə olunmuş iddiaçının TSEK-də müayinə nəticələrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, lakin ona əlavə müalicəyə ehtiyacının olması, stasionar müalicə müddətinin yetərli olmaması səbəbi ilə əlillik təyin olunmasından imtina edilmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Nərimanov tibb mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “diaqnozun mətni: USİ. Hemiplegik forma. Sağ tərəfli hemiparez. İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması, stasionar müalicə müddəti yetərli deyil. Reabilitasiya müalicəsinin davam etdirilməsi tövsiyə olunur” səbəbi ilə imtina edilmişdir. Etirazda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-12616/2023 nömrəli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin həm ona əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları dair” Əsasnamənin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması, ümumiyyətlə iddiaçıda olan xəstəliklərin ona hansı qrup əlilliyin təyininə əsas verməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının müayinəsinin aparılması üçün cavabdehə müddət təyin olunmuşdur.
7. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 17-4/2-2056/2024 nömrəli "vətəndaşın əyani müayinə olunması haqqında” məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin F00105337UEK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş əyani müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.
8. Sözügedən məktuba əlavə olunmuş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1 bəndinə müvafiq olaraq iddiaçı barədə ümumi xəstəlikdən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində cavabdeh tərəfindən ona yenidən 1 il müddətinə əlillik dərəcəsinin təyin edilməsinə münasibət bildirmiş və həmin qərarın qanunsuz olmasını qeyd etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, onun xəstəliyi anadangəlmə və sağalmaz xəstəlikdir. Bu səbəbdən doğulduğu vaxtdan 18 yaşınadək qanunvericiliyə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaq kimi əlillik pensiyası almışdır. 30 dekabr 2015-ci il tarixli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin hüquqi qüvvəyə minməsi ilə “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” ilə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədən düşmüşdür. 30 dekabr 2015-ci il tarixli Əsasnamənin qüvvəyə minməsi ilə əlaqədar olaraq “Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları” ilə bağlı Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan meyarlarla bağlı məsələlər Əsasnamənin 3-cü fəsli (Uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları) ilə tənzimlənməkdədir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmayanlar barəsində əlillik dərəcəsi təyin edilə bilmir. Yetkinlik yaşına çatmayanların xəstəlik meyarlarına uyğun olaraq 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar qəbul olunmaqdadır. Barəsində yetkinlik yaşına çatmayanadək olan dövr ərzində qeyd edilən səbəblərə görə əlillik dərəcəsinin təyin olunması mümkün olmamışdır. Xəstəliyi isə əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq üçüncü dərəcə əlilliyə aid edilir. Bu məqsədlə ona yetkinlik yaşına çatdıqdan sonra DSMF tərəfindən üçüncü qrup əlilliyi təsdiq edən vəsiqə verilmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına əsasən ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən olunur. İddiaçı hesab edir ki, onun yetkinlik yaşına çatanadək üçüncü dərəcə əlilliyi olmuşdur. Beləliklə o, fasiləsiz olaraq 15 ildən çox üçüncü dərəcəli əlil olduğundan ona “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilməlidir.
10. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabinet vasitəsilə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş və “ona 31 may 2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 35-60 % dərəcəsi ilə) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraat qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1887/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir. İddiaçı məhkəmədən ona əlillik dərəcəsinin təyin edilməsi tələb edərkən, faktiki olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında cavabdeh tərəfindən qaydaların tələblərinə riayət edilməklə, Meyarların tələblərinə uyğun olaraq ona əlilliyin təyin olunmasını tələb etmişdir. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etməsi isə mübahisəni aradan qaldıran və iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edən qərar kimi qəbul edilə bilməz. Bu hal məhkəmə tərəfindən iddiaçıda orqanizmin funksiyalarının pozuntusunun mövcud olması və həmin pozuntunun ona əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etməsi faktını təsdiq edən dəlil kimi qəbul edilməkdədir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1887/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması gedişində iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir və bu qərar mübahisəni aradan qaldıran hal və iş üzrə icraata xitam verilməsi üçün əsasdır.Həmçinin, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir, lakin alt sistem sənədlərindən görünür ki, iddiaçıya xx.xx.2014-cu il tarixdə 1 il, xx.xx.2015-cu il tarixdə 1 il, xx.xx.2016-cu il tarixdə isə 5 il və xx.xx.2023-cü il tarixdə isə 1 il olmaqla, cəmi 8 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə kifayət etmədiyi üçün ona üçüncü dərəcə əlillik müddətsiz olaraq təyin edilməsi mümkün deyil. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı; 7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
21. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
27. Belə ki, məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.
28. İddiaçının cavabdehə ilkin müraciət etdiyi zaman qüvvədə olmuş daha əvvəllər ona münasibətdə əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu.
29. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
30. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə eyni diaqnozla əvvəllər qüvvədə olmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin tələblərinə müvafiq olaraq 2014, 2015-ci illərdə bir il, 2016-cı ildən isə 5 il maddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçının diqanozu “Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli hemiparez. NSD kardial tipli.”, daha sonra “Spastik serebral iflicinin qalıq əlamətləri. Sağ tərəfli yüngül hemiparez. Müştərək çəpgözlük” olmuşdur. Xəstəliyin kodu Xəstəliklərin beynəlxalq təsnifatı üzrə G80- G83, G80 Uşaq sarebral iflici, G80.0 Spastik serebral iflic olaraq göstərilmişdir.
31. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin ona orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəli əlillik təyin etməyə əsas verməsi işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni göndəriş əsasında ümumi xəstəlik səbəbindən bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.
32. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş əyani müayinənin nəticələrində qeyd edilmişdir ki, “... sağ aşağı ətrafda əzələlərin 1,5 (bir tam onda beş) sm atrofiya, aşıq-baldır oynağında hərəkət məhdudluğu izlənilmiş, Babinski “+” (müsbət), reflekslər D>S canlanmış, ..., pəncədə hərəkət həcmi tam olmadığından əzələ gücünü təyin etmək mümkün olmamışdır... Təqdim etdiyi sənədlər arasında, ... X2 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** arayışına əsasən diaqnoz “Uşaq serebral iflici. Sağ pəncənin ekvinovarus deformasiyasına görə cərrahi əməliyyatan sonrakı vəziyyət. Sağ-aşağı ətraf əzələlərinin atrofiyası, ikitərəfli birinci dərəcəli yastıpəncəlik. Sağ aşağı ətrafın 4 (dörd) sm qısalığı. Sağ pəncənin sallanması, daimi ağrı sindromu, yerişin pozulması” şəklində göstərilmişdir ...”.
33. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdeh iddiançının tibbi sənədlərini, əyani müayinəsinin nəticələrini və onun sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirərkən xəstəliyin mövcud olduğunu qəbul etsə də, heç bir əsas olmadan hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın digər bəndlərinin tələblərini nəzərə almadan 6.5.1.1-ci bəndi ilə bir il müddətinə ona münasibətdə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etmişdir.
34. Halbuki, Meyarların 6.5.1.3-cü bəndi eyni əsaslarla orqanizmin funksiyalarının pozulmasını müddətsiz müəyyən etməkdədir.
35. Digər tərəfdən cavabdehin imtinası heç bir əsas olmadan əlavə müalicəyə ehtiyacın olması, səbəb stasionar müalicə müddəti yetərli deyil, reabilitasiya müalicəsinin davam etdirilməsi tövsiyə olunur kimi olmuşdur.
36. Bununla bağlı məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçıda müşahidə olunan sağ aşağı ətrafın 4 sm qısalığından ibarət fiziki qüsur, orqanizmin funksiyasının elə bir pozuntusudur ki, onun hər hansı əlavə müayinə, müalicə və ya reabilitasiya müalicəsinin davam etdirilməsi yolu ilə aradan qaldırılması mümkün deyildir.
37. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilmiş xəstəliklərin əhatə dairəsinə daxil olmaqla iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunsa da iddiaçının müraciətinə müvafiq olaraq təyinat aparılmamış və ona təyinat aparılmasından imtina edilmişdir.
38. İddiaçı məhkəmədən ona əlillik dərəcəsinin təyin edilməsi tələb edərkən, faktiki olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında cavabdeh tərəfindən qaydaların tələblərinə riayət edilməklə, Meyarların tələblərinə uyğun olaraq ona əlilliyin təyin olunmasını tələb etmişdir.
39. Məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul etməsi isə mübahisəni aradan qaldıran və iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edən qərar kimi qəbul edilə bilməz. Bu hal məhkəmə tərəfindən iddiaçıda orqanizmin funksiyalarının pozuntusunun mövcud olması və həmin pozuntunun ona əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etməsi faktını təsdiq edən dəlil kimi qəbul edilməkdədir.
40. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
41. Məhkəmə Kollegiyası iddiaçının tələbinə münasibətdə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.Odur ki, qüvvədə olan Meyarlara əsasən əlilliyin dərəcəsi, yəni İİİ dərəcə deyil, orqanizmin 31-60 faiz pozulması nəzərdə tutulması hazırkı iddia tələbinin mahiyyətinə və iddiaçının hüquqi marağına təsir etmir.
42. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırıldığını qeyd etməklə yanaşı məhkəmə Kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırması gedişində iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilmişdir və bu qərar mübahisəni aradan qaldıran hal və iş üzrə icraata xitam verilməsi üçün əsasdır.Həmçinin, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir, lakin alt sistem sənədlərindən görünür ki, iddiaçıya xx.xx.2014-cu il tarixdə 1 il, xx.xx.2015-cu il tarixdə 1 il, xx.xx.2016-cu il tarixdə isə 5 il və xx.xx.2023-cü il tarixdə isə 1 il olmaqla, cəmi 8 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə kifayət etmədiyi üçün ona üçüncü dərəcə əlillik müddətsiz olaraq təyin edilməsi mümkün deyil.
43. Apellyasiya şikayətinin məhkəmə araşdırması gedişində iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edildiyindən və bu qərar mübahisəni aradan qaldıran hal və iş üzrə icraata xitam verilməsi üçün əsas olması barədə dəlillərinə münasibətdə məhkəmə Kollegiyası diqqətə çəkir ki, iddiaçıya münasibətdə bir il müddətinə orqanizmin funksiyalarının 40% pozulması barədə qərar qəbul edilməsi iddiaçının tələbinin təmin olunması deyildir.
44. Belə ki, iddiaçının tələbi 31 may 2023-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik (orqanizmin funksiyalarının pozulmasının 35-60% dərəcəsi ilə) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədədir və bu tələb üzrə cavabdeh qərar qəbul etməmişdir.
45. Halbuki, Azərbaycan Respublikası İPM-in 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
46. Apellyasiya şikayətinin üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilməsi, lakin alt sistem sənədlərinə əsasən iddiaçıya xx.xx.2014-cu il tarixdə 1 il, xx.xx.2015-cu il tarixdə 1 il, xx.xx.2016-cu il tarixdə isə 5 il və xx.xx.2023-cü il tarixdə isə 1 il olmaqla, cəmi 8 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi, bununla da iddiaçının əlillik müddəti üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə kifayət etmədiyi üçün ona üçüncü dərəcə əlillik müddətsiz olaraq təyin edilməsi mümkün olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
47. Əvvəla iddiaçıda sağlamlıq imkanlarının məhdudluğunun (orqanizmin funksiyalarının pozuntusunun) uşaqlıqdan mövcud olması cavabdeh tərəfindən mübahisələndirilməmiş, işin sözügedən xüsusatı iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndəriş, ona münasibətdə əvvəllər aparılmış təyinat qərarları, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasında iddiaçının əlilliyinə görə valideynlərinə ödəniş həyata keçirilməsini təsdiq edən əmanət kitabçası ilə də öz təsdiqini tapmışdır.
48. İddiaçıya münasibətdə xx.xx.2923-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə status localis olaraq “sağ aşağı ətraflarda zəiflik, hərəkətin məhdudluğu, yaddaş zəifləməsi, yerişin çətinləşməsi, əsəbilik, ümumi zəiflik, tez yorulma, Göz bəbəkləri D bərabərdir S işığa reaksiya saxlanıb, göz almaların hərəkəti məhdudluğu, stabizm divergens q/o, konvergensiya və akkomodasiya pozulması.Keror nöqtələri ağnhdır.Burun dodaq büküşü assimetriyası.Vətər və sümüküstü refleks D böyükdür S canlıdır, əzələ gücü sağ ətraflarda 3.5 bal, sol 5 baldır, sağ ətraflarda hipertons və əzələlərin hipotrofiyası q/o, 1.5 sm, sağ a/ə 4 sm qısalıb, patoloji refleks sağ tərəfdə müsbətdir (Babinski), Romberq vəziyyət davamsızdır, uzadılmış əl barmaqların və göz qapaqları tremor q/o, xəstə astenikdir, emosional labildir” qeyd olunmuşdur.
49. Göndərişdə diaqnozun ağırlaşması olaraq G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiparez göstərilmişdir
50. İddiaçıya əvvəlki dövrdə əlillik təyin olunarkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8. bəndinə əsasən ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (--G80-G80.9......) nəzərdə tutulmuşdur.
51. Həmin Əsasnamənin “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” adlanan 3-cü bölmənin 3.1.39.bəndinə əsasən dayaqhərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmaz pozulmaları (G80.0-G80.9....); nəzərdə tutulmuşdur.
52. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.3.-ci bəndinə əsasən cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular orqanizmin funksiyalarının 40-60 faiz pozulması ilə nəticələndiyi üçün əlillik müddətsiz təyin edilir.
53. Mhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.3.-ci bəndinə nəzərdə tutulan diaqnoz isə iddiaçının xx.xx.2923-cü il tarixdə rəsmiləşdirilmiş göndərişində və onun canlı müayinəsi zamanı təsdiqini tapmışdır, elə cə də bu diaqnozun uşaqlıqdan mövcud olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1887/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1887/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.