Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3685/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 30 avqust 1967-ci il tarixdə doğulmuşdur. Hərbi bilet və əmək kitabçasının surətlərinə əsasən onun 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 20 il 2 ay 2 gün təşkil etmiş və həmin staj illərinin 11 il 5 ay 23 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Beləliklə, 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “X2” kompaniyası hazırda fəaliyyət göstərmədiyindən və bu şirkətin arxiv sənədlərini əldə etmək mümkün olmadığından həmin təşkilatın güzəştli arayışını əldə edə bilməmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun güzəştli iş stajının qanunla müəyyən edilmiş müddətdən az olduğunu əsas gətirərək tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Yazılı etiraz müraciətin təmin edilməsindən imtina barədə məktuba uyğun tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-591/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. - НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsinə texniki avadanlıqların təmiri üzrə çilingər şagirdi vəzifəsinə təyin edilmiş, xx.xx.1985-xx.xx.1985-ci il tarixədək həmin müəssisədə avadanlıq üzrə çilingər, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə “Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-də qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Ukrayna SSR Berşad Avtonəqliyyat İdarəsində avtomobil təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə “Polimer” kooperativində yaymaçı və sürücü, xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə “Xəzərdənizneftqaz” İB “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14 İdarəsi “Şelf-5” və “Xəzər-6” X15 4-cü dərəcəli qazma qurğusunun motorçusu vəzifələrində işləmişdir. xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X3” kompaniyasında krançı köməkçisi, usta, krançı, xx.xx.2004- xx.xx.2008-ci il tarixlərdə “Karasu” əməliyyat şirkətində materiallar üzrə koordinator vəzifələrində işləmişdir. xx.xx.2010-cu il tarixdən bugünədək X8 LTD şirkətində müxtəlif vəzifələr icra edərək əmək kitabçasındakı sonuncu qeydə əsasən “Heydər Əliyev” qazma qurğusunda göyərtədə nəzarətçi vəzifəsində işləyir. - İddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (7 il 9 ay 21 gün (xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Göründüyü kimi iddiaçıya 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı ilə bağlı qeyd edir ki,iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən iddiaçının 20 il 03 ay ümumi iş stajının mövcudluğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000a—14713- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma, a) fəhlələr- qazma qurğularının motorçuları güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İş materiallarına əlavə edilmiş SOCAR “X17” trestinin təqdim etdiyi arxiv arayışına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildən (Əmr №124/k, xx.xx.1992-ci il) xx.xx.2000-ci ilə kimi (Əmr №51/k, xx.xx.2000-ci il) “Xəzərdənizneftqazsənaye” X4 X5 İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” istehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14” İdarəsinin adı dəyişdirilərək Üzən X5 İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə üzən X5 İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" X14 İdarəsinin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X17” tresti yaradılmışdır və “Bayıl Limanı" X14 İdarə trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X14 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X17” trestinin strukturunun təkminləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən ’’Xəzər” X14 İdarəsi ləğv edilib və onun arxivi “Sahil ” Qazma İşləri İdarəsinə verilib. № Tarix Vəzifələrin adları Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14 İdarəsi Şelf-5” X18 4-cü dərəcəli qazma qurğusunun xx.xx.1992-ci ildən- motorçusu peşəsinə qəbul edilib (Əmr 124/k,
1. xx.xx.1998-ci ilədək xx.xx.1992-ci il)
“Xəzər-6” X18 4-cü dərəcəli qazmaqurğusunun xx.xx.1998-ci ildən- motorçusu peşəsinə keçirilib
2. xx.xx.2000-ci ilədək (Əmr104/k, xx.xx.1998-ci il)
3. xx.xx.2000-ci ildən İşdən azad edilib (Əmr №51/k, xx.xx.2000-ci il) SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “X17" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir.
Ümumi iş stajı : 07 il, 09 ay, 21 gün Güzəştli iş stajı: 07 il, 09 ay, 21 gün Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-14713 qazma qurğularının motorçuları peşəsi 07 il, 09 ay, 21 gün güzəştli iş stajı təşkil edir. Cavabdeh inzibati orqan qeyd edilən arayışı əsas götürərək, iddiaçının güzəştli iş stajının 10 ildən az olmasına istinad edərək ona pensiya təyin edilməsindən imtina edir. İddiaçı isə xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X10 İnk" şirkətində işlədiyi krançı köməkçisi, usta, krançı vəzifələri üzrə dənizdə işləməsi səbəbindən əmək şəraitinin xüsusilə zərərli iş kimi güzəştli sığorta stajına daxil edilməsini xahiş edir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən dövlət reyestrində xx.xx.1999- cu il tarixdə 575 nömrə ilə dövlət qeydiyyatından keçmiş “X6 İnk.” Şirkətinin Azərbaycan Respublikasındakı Nüməyəndəliyinin (VÖEN: **********) təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv olunması barədə məlumat mövcuddur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi dövr üzrə iddiaçının işlədiyi müəssisə ləğv olunduğundan onun həmin dövrlərə dair güzəştli arayış təqdim etmək imkanı yoxdur. Lakin işin birinci instansiya icraatı zamanı analoji müəssisə kimi Azərbaycan Dövlət Neft Şirkətinə müvafiq sorğu ünvanlanmış, cavab olaraq SOCAR tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “X10 İnk" şirkətinin Azərbaycan nümayəndəliyinin istehsalat sahələrinin “Neftqaztikinti” trestinin istehsalat sahələri ilə uyğunluğunu müəyyən etmək mümkün olmasa da, sorğuda göstərilən usta vəzifəsinə oxşar tikinti quraşdırma işlərində usta vəzifəsi, krançı peşəsinə oxşar kran maşinisti peşəsi “Neftqaztikinti” trestində mövcuddur. Krançı köməkçisi peşəsinə uyğun peşə isə "Neftqaztikinti” trestində mövcud peşələr siyahısında yoxdur. Tikinti quraşdırma işlərində usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının "Neftqaztikinti” trestinin istehsalat sahələrinə uyğun gələn "XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b-23419) vəzifəsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin istehsalat sahələrinə uyğun gələn 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər" alt bölməsindəki “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi ilə eynilik təşkil edir. Kranın maşinisti peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “a) fəhlələr” alt bölməsində, Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində, eləcə də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29- cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. Həmçinin məhkəmə sorğusuna X17 Tresti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək, İddiaçı işlədiyi vəzifələrin (krançı köməkçisi, usta və krançı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993- cü il tarixli 320 nömrəli qərarı (Qərar) ilə təsdiq edilmiş 1 nömrəli siyahısında qeyd edilmiş 1100000a-13590 (qazma qurğularının maşinistləri) peşəsi ilə uyğunluğunun olmadığı bildirilmişdir X17 Tresti xx.xx.2023-cü il tarixli məktubunda isə iddiaçının işlədiyi “X11 İnc.” Şirkətinin sənədlərinin trestin arxivində olmadığı üçün həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququna malik olması barədə məlumat verilə bilməyəcəyini göstərmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələrin (krançı köməkçisi, usta və krançı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993- cü il tarixli 320 nömrəli qərarı (Qərar) ilə təsdiq edilmiş 1 nömrəli siyahısında qeyd edilmiş 1100000a-13590 (qazma qurğularının maşinistləri) peşəsi ilə uyğunluğu ilə bağlı ziddiyyət mövcuddur. X9 Ltd şirkətinə ünvanlanmış sorğuya cavab olaraq isə şirkətin məhkəməyə təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli HA023/2022 nömrəli məktubda göstərilmişdir ki, “X11 İnc.” Şirkətində olan krançı köməkçisi, krançı və usta vəzifələrinin iş təlimatları şirkətdə olan kran operatorunun köməkçisi, kran operatoru və göyərtədə nəzarətçi vəzifələrinin iş təlimatları ilə eynidir və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şətrlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan 1100000a-13590 (qazma qurğularının maşinistləri) və 1100000b-23362 (avadanlığın təmiri üzrə ustalar) koduna uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, “X11 İnc.” Şirkəti beynəlxalq şirkət olmaqla, əsas fəaliyyəti dənizdə qazma (drilling) işlərinin həyata keçirilməsi, neft və qaz yataqlarının qazılması yolu ilə çıxarılması olduğundan (www.bloomberg.com/profile/, www.ogj.com/article/westernbuiltjack-up-to-begin-caspian-sea-work), həmin şirkətin fəaliyyət istiqaməti X9 Ltd şirkətinin fəaliyyət istiqamətinə uyğundur. Belə olan halda iddiaçının dənizdə qazma qurğularının maşinisti, yəni krançı və həmin avadanlıqların təmiri üzrə usta işlədiyi müddət də 1 nömrəli siyahı üzrə onun güzəştli iş stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2023 saylı, 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.