Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3686/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1983-cü ildən 1985-ci ilədək sovet ordusunda əsgər, xx.xx.1985-ci ildən xx.xx.2012-ci ilədək Silahlı Qüvvələrdə gizir rütbəsində bir çox vəzifələrdə xidmət etmiş, xx.xx.2012-ci ildə yaşa görə ehtiyyata buraxılmışdır. Xidmət dövründə yuxarı komandanlıq tərəfindən bir çox orden və medallarla təltif edilmişdir. 1993-cü ildən ünvan 2 ünvanda açıq şəhərcikdə xidməti orderlə yaşayır. O, yaşadığı açıq hərbi şəhərcikdə təqribən 80 ədəd mənzil vardır, həmin mənzillərin 71 mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin siyahısından çıxarılmaqla özəlləşdirilmişdir. Bununla bağlı cavabdeh orqana dəfələrlə müraciət etmiş, lakin müsbət cavab almamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayətdə qeyd etmişdir ki, o yaşadığı açıq hərbi şəhərcikdə təqribən 80 ədəd mənzil vardır, həmin mənzillərin 71-i Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin siyahısından çıxarılmaqla özəlləşdirilmişdir. Bu barədə hər dəfə cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab almamışdır. Məsələnin həlli üçün Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia tələbi təmin edilməmişdir.Qeyd edilənləri nəzərə alaraq, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağıraln cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə müraciət edərək, Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, ev 37, mənzil 19 nömrəli qapalı hərbi şəhərciyə aid olmayan yaşadığı mənzilin xidməti yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4111 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu yeni Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq yeni Mənzil Məcəlləsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Mənzil Məcəlləsinin: -91.1.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. - 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. - 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 103.1-ci maddəsinə əsasən xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. - 103.2-ci maddəsinə əsasən xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: 103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir. Qeyd olunanlardan aydın olur ki, balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanının həmin yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına dair səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətidir. İPM-in 74.1-ci maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 1996-cı il tarixli qərarı ilə, 10 yanvar 1997-ci il tarixli, 221942 saylı orderə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-1 h/ş, 37 saylı evin yaşayış sahəsi 26,02 kv.metr olan iki otaqlı 19 saylı mənzili 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı və qızı) İddiaçı verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2017-ci il tarixli, 345 nömrəli arayışına əsasən İddiaçı həqiqətən 26.10 1983-cü il tarixdən 18 10.1985-cı il tarixədək SSRİ SQ-da əsgər, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ SQ-da МАХЕ, 30.05 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ və MDB SQ-da, xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası SQ-da gizir kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci tarixli məktubla məhkəməyə təqdim edilmiş registrdən çıxarışdan görünür ki, 1968-ci il tarixdə istismara verilmiş Bakı şəhəri, Binəqədi rayonu, “Binəqədi-1” hərbi şəhərciyi ünvanda yerləşən 5 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin balansındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 1062 saylı məktubundan görünür ki, ünvan 4 ünvanındakı xidməti yaşayış sahəsi “Binəqədi-1” hərbi şəhərciyinin ərazisində yerləşir və Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyul 2019-cu il tarixli müvafiq əmri ilə “Binəqədi-1” hərbi şəhərciyi qapalı hərbi şəhərciklər siyahısına aid edilmişdir. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İş materiallarından aydın olur ki, mübahisəli mənzil xidməti yaşayış sahəsi olmaqla qapalı hərbi şəhərcikdə yerləşir və həmin ərazinin qapalı hərbi şəhərcik olması Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, qapalı hərbi şəhərcik xüsusi buraxılış sisteminə malik olan hərbi hissələrin yaşayış məntəqələri yerləşən hissələridir. Bu şəhərciklərin təyinatı həmin hərbi hissədə xidmət edən şəxslərin hərbi hissədən ayrılmadan orada yaşayış sahəsi ilə təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin imtinasını qanuni və əsaslı qəbul etmişdir. Əlavə olaraq birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “iddiaçının iddia ərizəsində ifadə olunan məqsəd və istəyindən görünür ki, mənzilin xidməti mənzillər sırasından çıxarılması barədə hazırkı iddianı qaldırmaqdakı əsas məqsədi həmin mənzili özəlləşdirməkdir. Lakin “Mənzil fondunun özəlləşdirilməsi haqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3686/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3686/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver