Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3687/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib ooğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “hüquqi ünvanın dövlət qeydiyyatından çıxarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən 12 saylı evin 21 saylı mənzilinin "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı kimi dövlət qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi, ev 12, mənzil 21 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzilin mülkiyyətçisi olduqdan sonra aşkar etmişdir ki, onun evində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) adlı şirkət xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Onun evində belə bir şirkətin fəaliyyət göstərməsi tamamilə qanunsuzdur. Belə bir şirkət heç vaxt onun ünvanında fəaliyyət göstərməmişdir. Mənzil üzərində mülkiyyət hüququ ona məxsus olduğu üçün oraya qeydiyyata düşmək və ya qeydiyyatdan çıxarmaq hüququ da ona məxsusdur. Elə buna görə də xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edərək, həmin şirkətin dövlət qeydiyyatının onun evindən çıxarılmasını xahiş etmiş, lakin bugünədək ona cavab verilməmişdir xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi ilə əvəz edilmiş, "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddia təmin edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən 12 saylı evin 21 saylı mənzilinin "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı kimi dövlət qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, təsisçilər X6 və X7 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. MMC-nin nizamnaməsinin 1.2-ci bəndinə əsasən cəmiyyətin hüquqi ünvanı ünvan 2n nizamnamə kapitalında X2 – 50% və X7 – 50% payı olmuşdur. - MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 21 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Nailə Məmmədova 21 saylı mənzili İddiaçı bağışlamışdır. - xx.xx.2021-ci il tarixli Təsis payının alqı-satqısı müqaviləsinə əsasən isə X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ona məxsus olan 50% faiz payını alıcı X3 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2021ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı: AZ1033, ünvan 4 təsisçisi və qanuni təmsilçisi X5r və onun nizamnamə kapitalında mayalarının miqdarı 100%-dir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı- Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.10-cu maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. -2.0.11-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı - müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır. - 5.1-ci maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidi - 5.3-cü maddəsinə görə ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. -5-1.1-ci maddəsinə görə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. -5-1.2-ci maddəsinə görə adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə nizamnamə əlavə edilir. -5-1.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. -5-1.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Göründüyü kimi hüquqi şəxsin olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerdir və hüquqi şəxs qeydiyyata alınarkən təsisçilərin bəyan etdiyi ünvana əsasən müəyyən edilir, qanunverici bununla bağlı hər hansı bir sənəd təqdim edilməsini, qeydiyyata alınma barədə ərizədə göstərilməsini belə tələb etmir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin qeydiyyatı zamanı onun ünvanı kimi qeydə alınmış yer (21 saylı mənzil) xx.xx.2021-ci ildən etibarən başqa şəxsin mülkiyyətinə keçmişdir, həmin ünvan hazırda MMC-nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer deyildir. Qüvvədə olan qanunvericilik normaları hüquqi şəxsin nizamnaməsinə dəyişikliyin ali idarəetmə orqanının qərarı ilə edilməsini təsbit etmişdir, lakin bu qaydalar, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi üçüncü şəxslərin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, təsis edilmiş hüquqi şəxslərin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmalarına qarşı yönəlmişdir. Yəni iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsisçisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarında hüquqi şəxsin hüquqi ünvanına dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri şərt kimi təsbit olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir (Qeyd edilən hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-3215/2019 saylı Qərarında da ifadə olunmuşdur). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3687/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3687/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver