Məhkəmə qərarları › İş №2-1(103)-3687/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3687/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3687/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onun xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vətən Müharibəsi şəhidi mərhum əri X9 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. Hal-hazırda şəhid ailəsi üzvüdür. Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanmışdır. Respublika üzrə demək olar ki, xx.xx.2021-ci il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan şəhid ailələrinin bir çoxu mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də, müraciətinə biganə cavab verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinın şəhid ailəsinə qarşı hərəkətsizliyi qanunsuz və tam əsassızdır, belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsəsən 2021-ci ildən etibarən güzəştli şəxs kimi mənzil növbəsindədir, lakin mənzillə təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən onun xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X7 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. İddiaçı Səbail Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 4 may 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə birotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Həmçinin etiraza əlavəsində bildirmişdir ki, etirazda qeyd edilməli olan “ikiotaqlı” sözü texniki yanlışlıq olaraq “birotaqlı” qeyd olunmuşdur. Etirazda qeyd olunan cümləni “Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır” kimi nəzərə alınmasını xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X7 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi 2-1(112)-4342/2024 saylı iş üzrə xx.xx.2024cü il qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X10 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X12 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunmasına, yəni iddiaçıdan daha sonra növbəyə alınan şəxslərin mənzillə təmin olunduğuna istinad edərək iddianı təmin etmişdir. Sözügedən şəxslərdən X1 iddiaçıdan daha əvvəl növbəyə alınmış, X12 xx.xx.2023-cü ildə, X10 isə xx.xx.2024-cü ildə Agentliyə mənzil təminatının həyata keçirilməsi üçün ərizə ilə müraciət etmişdir. Müvafiq ərizələr əsasında Agentlik inzibati icraat aparmış, icraatın nəticəsinə uyğun olaraq isə, həmin şəxslərin mənzil təminatını həyata keçirmişdir. İddiaçı xx.xx.2021-ci ildən mənzil növbəsində olmasına baxmayaraq, məhz inzibati icraatın başlamasına əsas verən ərizə və sənədləri xx.xx.2023-cü ildə Agentliyə təqdim etmişdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Odur ki, iddiaçı orqana ərizə ilə müraciət etdiyi zaman artıq yuxarıda qeyd olunan şəxslər barəsində inzibati icraat yekunlaşmışdı və həmin vətəndaşların mənzillə təmin edilmə hüququ tanınmışdı. Agentliyin həmin şəxslərin yerinə onlardan daha sonra müraciət etmiş iddiaçının mənzil təminatını həyata keçirməməsi inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipinin pozulması ilə nəticələnəcəkdi və fiziki və hüquqi şəxslərin inzibati orqana olan etimadına mənfi təsir göstərəcəkdi. Odur ki, Agentlik inzibati orqan olaraq, inzibati icraatın əsas şərtlərinə və prinsiplərinə uyğun icraat aparmış və bərabərlik prinsipini qorumuşdur. Həmçinin, məhkəmənin qəbul etdiyi qərarlar icra olunan olmalıdır. Hal-hazırda Nazirliyin balansında ikiotqalı mənzillər mövcud deyil. “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsızdır. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin qərarını faktiki səbəblərdən icra etmək mümkün deyil. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəib olunaraq N saylı hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.5-ci yarımbəndinə əsasən X9 şəhid, mərhumun ailəsi isə şəhid ailəsi hesab edilmişdir. - AZ-İİ seriyalı, 365825 nömrəli, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X9 və xx.xx.1999-cu il təvəllüdlü X11 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. - xx.xx.2021-ci il tarixli, 003850 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusu vardır. - xx.xx.2022-ci il tarixli, 008021 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, X4 şəhid ailəsi üzvü statusu vardır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9436/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04 may 2021-ci il tarixli sərəncamına əsasən Vətən Müharibəsi şəhidi X5 ailə üzvü kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 04 may 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin 2 nəfər ailə üzvləri üçün (özü, İddiaçı, oğlu X7) nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. - Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində (mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Qəbələ Rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 17 may 2021-ci il tarixli 2/348/67 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda İddiaçı 4 may 2021ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçı daimi yaşayış yeri üzrə pasport qeydiyyatını ünvan 1 ünvanına dəyişmiş və ünvan 2in 23 avqust 2023- cü il tarixli 2-1(112)-9436/2023 nömrəli qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2023-cü il tarixli 109 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. İddiaçı mənzillə təmin olunması məqsədilə 17 noyabr 2023cü il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş müvafiq sənədlərə baxılmış, vətəndaşın ailə tərkibi (özü və oğlu) nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə baxılacaqdır. Əlavə olaraq bildiririk ki, hazırda Nazirlik tərəfindən Bakı şəhəri üzrə ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuş 246 nəfər imtiyazlı şəxs var ki, onların içində İddiaçı sıra sayı 106-dır. İddiaçı növbəlilik tarixi 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncam 25 oktyabr 2023-cü il tarixində verilmiş və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlər Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edilmişdir. Vətəndaşın sənədlərinə baxılaraq ikiotaqlı mənzil təqdim edilməsi barədə qərar verildikdən sonra Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillərin olmaması səbəbindən mənzillə təmin edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X10 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X12 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar”. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə götürülmüş, lakin bugünədək mənzillə təmin edilməmişdir. Mənzillə təmin olunması üçün cavabdeh orqana müraciət etmiş, müraciəti uyğun mənzil olmaması səbəbi ilə təmin edilməmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş, “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1 və 3.1.16-cı bəndlərinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri sırasında göstərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaya dair yazılı etirazında həmçinin apellyasiya şikayətinin dəlili kimi İddiaçı növbəlilik tarixinin 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncamın 25 oktyabr 2023-cü il tarixində verildiyi və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlərin Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edildiyi qeyd edilmişdir. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qəbul edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır. Sərəncamın qəbul edilmə tarixindən asılı olmayaraq iddiaçının mənzil növbəsi 04 may 2021-ci il tarixdən nəzərə alınmalı və həmin tarixə uyğun olaraq ona sıra nömrəsi verilməli idi. Digər tərəfdən cavabdehin təqdim etdiyi məlumatdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X10 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X12 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı 04 may 2021-ci il tarixdən mənzil növbəsinə alındığı və bugünədək mənzillə təmin edilmədiyi halda ondan sonra, yəni 01 iyul 2021-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə mənzil növbəsinə alınmış şəxslər 24 dekabr 2023-cü ildə ikiotaqlı mənzillə təmin olunmuş, hətta cavabdehin iddiaçının sənədlərinin təqdim edildiyini qeyd etdiyi tarixə, yəni 17 noyabr 2023-cü il tarixə Nazirliyin balansında ən azı iki ədəd ikiotaqlı mənzil olmuşdur. Lakin cavabdeh bərabərlik prinsiplərini pozaraq mənzil növbəsinə daha sonradan alınmış şəxslərin mənzillə təmin edilməsini həyata keçirmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etməmişdir. AR İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4342/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4342/2024 saylı, 12 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar