Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3688/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasına əlavələr nəzərə alınmaqla yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş «Əmək pensiyası haqqında» Qanuna uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin, yəni 8614.67 manatın 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildən əmək fəaliyyətinə başlamış, Bakı şəhərində yerləşən müxtəlif dövlət təşkilatlarında fəhlə, hüquqşünas, böyük hüquqşünas vəzifələrində işləmişdir. 1993-cü ildən 2007-ci ilə qədər isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olaraq vəkil işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə Xaçmaz Rayonu Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, 28 avqust 2010-cu il tarixə kimi həmin rayonda hakim vəzifəsində işləmiş, Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.2010-cu il tarixli qərarı ilə 28 avqust 2010-cu il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 01 noyabr 2013-cü il tarixə kimi Şirvan Apellyasiya Məhkəməsində Mülki Kollegiyanın hakimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 2017-ci il oktyabr ayının 14-nə kimi Qazax Rayon Məhkəməsinin sədr vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Bərdə Rayon Məhkəməsinin sədr vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 29 sentyabr 2022-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərimin həyata keçirilməsinin son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə 29 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi hakimlik səlahiyyətimə xitam verilən zaman onun 15 il 2 ay 01 gün hakimlik stajı olmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununua müvafiq olaraq yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin ona pensiya təyin edilməsi ilə bağlı məlumat daxil olmadığından 18 avqust 2022-ci il tarixdə pensiya təyin edilməsi barədə yaşına çatmağı ilə əlaqədar xx.xx.2022-ci idə cavabdehə müraciət etmişdir. Cavabdehin 30 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla hakimlik səlahiyyətimə xitam verilməməsi əsas götürülərək pensiya təyin edilməsindən imtina olunmuşdur. Həmin məktubda pensiya təminatının 11 dekabr 2017-ci il tarixə kimi qüvvədə olmuş «Əmək pensiyası haqqında» Qanunla hesablanacağı birbaşa vurğulanmışdır. 29 sentyabr 2022-ci il tarixdə hakimlik səlahiyətlərinə xitam verildiyindən 20 oktyabr 2022-ci il tarixdə o, xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir və 22 noyabr 2022-ci il tarixdə ona 4350,51 manat pensiya təyin edilmişdir. Hesab edir ki, ona təyin edilmiş pensiya düzgün hesablanmamışdır. Cavabdehin ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı redaksiyasını tətbiq etməklə (yəni əmək pensiyama 50% məbləğində əlavənin hesablanmaqla) hakim kimi əmək pensiyası təyin etməkdə və eyni zamanda ona əmək pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarının tətbiq olunmaqla əmək pensiyasının təyin edilməsinə dair müraciətindən imtina etməkdə haqlı olmamışdır və cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək, yəni hakim vəzifəsinə təyin edildiyi dövrdə qüvvədə olmuş 20.7-ci maddəsinə əsasən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmala 5 il hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 45 faizi miqdarında, 10 ilə qədər hakim işləmiş sabiq hakimlərin əmək pensiyasına orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaq şərti ilə müəyyən olunmuş məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi isə onun xx.xx.2017-ci il tarixədək artıq 10 il hakim kimi iş stajı mövcud olmuşdur ki, bu halda onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair münasibətlər xx.xx.2012-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. Cavabdehin ona hakim kimi pensiya təyin olunmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.2-ci maddəsi 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və xx.xx.2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Cavabdeh orqanın qanunu düzgün tətbiq etməməsi nəticəsində, pensiya çıxmış sabiq hakimlərə təyin edilmiş pensiyalar arasında kəskin fərqlər əmələ gəlmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş ədalətlik və bərabərlik prinsiplərinin kobud pozulması deməkdir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 10 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2012-ci ildə hakim kimi əmək pensiyası almağa dair hüququ (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdı və hakim vəzifəsində işləməkdə davam edirdi. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər xx.xx.2012-ci ildə yarandığından, həmin münasibətlər xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları ilə deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır. Göründüyü kimi o, 28 iyul 2007-ci il tarixdə hakim təyin edildiyindən 01 yanvar 2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə hakim kimi orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya almaq hüququ əldə etmişdir. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu həmin müddətə qədər, yəni 01 iyul 2017-ci ilə kimi hakim təyin edilmiş şəxslərin vəziyyətini ağırlaşdırdığından pensiya təyinatı zamanı sonuncu qanunun tətbiqinə yol verilməməlidir. Beləliklə iddiaçıya hakim kimi pensiya təyin olunmasına dair münasibətlər 2012-ci ildə yarandığından həmin münasibətlərə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalı olduğu halda, cavabdehin onun vəziyyətini ağırlaşdıran xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu təbiq etməklə ona hakim kimi əmək pensiyası təyin olunmasından imtina etməsi Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və yuxarıda qeyd olunan Qanunun normalarının və normativ aktların tələblərinə zidd olmuşdur və bununla da hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11361/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin - 8614.67 manatın 80 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hakim kimi yaşa görə pensiya hüququnun 2017-ci ilin iyulun 1-dək yarandığını iddia etsə də, həmin tarixədək hakim kimi yasa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək qanunla tələb edilən il üzrə hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımdan əsassız olduğundan “2017-ci il tarixədək hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı Əkbər oğlunun iddiası təmin olunmamalıdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən hakimlik səlahiyyətlərinə xitam verilmədiyindən hakim kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Daha sonra iddiaçının xx.xx.2022-ci il tarixdə hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verildiyindən xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixdə ona 4350,51 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan narazı qalan İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən hakim kimi yaşa görə əmək pensiyası hüququ olduğunu qeyd edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı, aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının son müraciətinə cavabdeh inzibati orqan tərəfindən aidiyyəti üzrə baxılmış və müraciətdə qeyd olunan tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Kollegiya bildirir ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2022- ci il tarixədək hakim işləmiş, hakim stajı 15 il 2 ay 1 gündür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərhe edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı: 1.“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cumaddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Qərardanda göründüyü kimi, hakimlərə münasibətdə hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Odur ki, Kollegiya iddiaçıya həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq pensiya təyin edilməli ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasənmüəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-11361/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.