Məhkəmə qərarları › İş №2-1(103)-3689/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3689/2023

06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3689/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqından tutulmuş məbləğin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 10/1026k saylı əmri ilə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmaqla pensiyaya çıxmışdır. Pensiyaya çıxarkən sonuncu ayın əmək haqqını aldıqda ona məlum oldu ki, cavabdeh tərəfindən “müharibə veteranı” olduğuna görə onun aylıq əmək haqqının 400 manat hissəsinə 14% gəlir vergisi tətbiq edilməməli olduğu halda, əsassız olaraq vergi tətbiq edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək dövr ərzində ona hər ay 56 manat olmaqla az əmək haqqı hesablanaraq ödənilmişdir. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin ona ziddiyyətli cavablar verilmiş, cavabdehin ilk məktubunda 2003-cü ildən, ikinci məktubda isə 2008-ci ildən əmək haqqından gəlir vergisinin güzəştli şərtlərlə tutulmanın dayandırıldığı bildirilmişdir. O, “müharibə veteranı” adını 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyində işlədiyi dövrdə Muxtar Respublikanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə əldə etmişdir. Ona verilən veteran vəsiqəsinin Müdafiə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə ona 022226 saylı “müharibə veteranı” vəsiqəsi verilmişdir. O, müharibə veteranı kimi hər ay 80 manat Prezident təqaüdü alır. Cavabdeh tərəfindən qanunvericiliyin tələbi kobud şəkildə pozulmuş, nəticədə o, xeyli miqdarda alacağı əmək haqqından məhrum olmuşdur. Müharibə veteranı olduğuna görə xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövr ərzində hər ay üçün cavabdeh tərəfindən ona ödənilən əmək haqqının vergi tutulan 400 manatlıq hissəsinə 14% əsassız vergi tətbiq edildiyinə görə o, hər ay 56 manat gəlirindən məhrum olunmuşdur. O, cavabdeh tərəfindən 19 il ərzində 12.600 manat əmək haqqından məhrum edilmişdir, əsassız əmək haqqının saxlanılmasına görə əlavə olaraq cavabdehdən 7% bank uçot dərəcəsi tətbiq olunaraq 8.785 manat məhkəmə qaydasında tələb edilməlidir. Hesab edir ki, cavabdehdən cəmi 21.385 manat tutularaq ona qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsassız olaraq tutulmuş 12.600 manat əmək haqqının və yubadılan hər il üçün 7% bank uçot dərəcəsi həcmində hesablanmış 8.785 manat olmaqla, cəmi 21.385 manat məbləğində pulun tutularaq ona ödənilməsi” barədə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixədək əmək haqqından tutulmuş məbləğin ödənilməsi hissəsində mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsində pozulmuş hüquqlarımın müdafiəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur, iddia müddəti isə maddi hüquq normaları ilə müəyyən edilir. Onun işlədiyi müddətdə əmək haqqının düzgün hesablanmamasından xəbəri olmayıb. Əmək haqqı hesablanarkən güzəştin tətbiq edilməməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2008-ci il tarixli, 10/10 nömrəli əmri ilə tanış edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsassız olduğunu, iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı prokurorluq orqanlarında xidmət etmişdir. İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən xx.xx.2000-ci il tarixdə müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 10/1026k saylı əmri ilə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmaqla pensiyaya çıxmışdır. İddiaçının bildirdiyinə əsasən, o pensiyaya çıxdıqdan sonra sonuncu ayın əmək haqqını alarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən “müharibə veteranı” olduğuna görə onun aylıq əmək haqqının 400 manat hissəsinə 14% gəlir vergisi tətbiq edilməməli olduğu halda, əsassız olaraq vergi tətbiq edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək dövr ərzində ona hər ay 56 manat olmaqla az əmək haqqı hesablanaraq ödənilmişdir. Bu səbəbdən də iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçının iddia tələbi cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixədək əmək haqqından tutulmuş məbləğin ödənilməsi hissəsində mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “.....iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddia tələbinin qanunla müəyyən edilmiş prosessual müddətlərə əməl edilməklə qaldırılmış olmasıdır. İşdən aydın olduğu kimi, iddiaçı “xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək” hüquqlarının pozulduğunu iddia edir. Kollegiya bildirir ki, həmin dövr ərzində inzibati hüquq münasibətlərindən yaranan mübahisələrdə iki fərqli qanunvericilik tətbiq edilir. 2011-ci ilədək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, 2011-ci ildən sonra isə İnzibati Prosessual Məcəlləsinin müddəalarə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (2011-ci il 30 iyun tarixədək qüvvədə omuşdur) 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həmin Məcəllənin 298-ci madddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, 2011-ci ilədək qüvvədə olmuş qanunvericiliyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən isə həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İddiaçının isə 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin “xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixədək” olan hissəsini mümkün hesab etməmişdir. Sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddia tələbi irəli sürülərkən prosessual müddətlə bağlı qanun normalarına əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar