Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-369/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3341/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinin onun yox, şikayəti tərtib etməyə ona kömək edən başqa şəxs tərəfindən imzalandığını bildirmiş, bu səbəbdən ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını və apellyasiyanın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Apellyasiya şikayəti iddiaçı tərəfindən, həmçinin, onun etibarnaməsi əsasında yaxın qohumu və ya vəkili tərəfindən imzalanmamışdır. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinin iddiaçı tərəfindən hazırkı tarixdə imzalandığı fərz olunan halda da apellyasiya mümkün sayılmamalı, onun qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi isə təmin edilməməlidir. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə qərar ona rəsmi qaydada təqdim edildiyi 20.10.2020-ci il tarixdən hesablanmaqla, 18.11.2020-ci il tarixdə, iş günündə başa çatmış, 15.03.2021-ci il tarixə isə qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən 4 aya yaxın buraxılmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Məhkəmə kollegiyası bildirir ki, hər hansı halın iddiaçıya münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar olunmur. Odur ki, qanunla müəyyən edilmiş prosessual müddət iddiaçının təqsiri ilə ötürülmüşdür. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3341/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-369/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver