Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-369/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-5984/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006cı il təvəllüdlü X7 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilən vəsatətə əsasən İddiaçı əsl iddiaçı X12 ilə əvəz edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1969-cu ildə Şuşa şəhərində anadan olmuş, 1992-ci ildə Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal olunmasına qədər ünvan 1 ünvanında yaşamışdır. Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, müharibə veteranı kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Məcburi köçkün kimi ona AA seriyalı 339020 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. 2001-ci ildə Bakı şəhərində Bakı şəhəri sakini X4 ilə ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var, xx.xx.2001-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X12. Hər 2 övladının qeydiyyat ünvanı Şuşa şəhəri, Gövhər ağa küçəsi, ev 4, mənzil 3 ünvanıdır. Eyni zamanda qızı xx.xx.2001-ci il təvəllüdlü X5 cavabdeh qurum tərəfindən məcburi köçkün statusu verilmiş və ona məcburi köçkün vəsiqəsi təqdim olunmuşdur. Hazırda digər övladı - xx.xx.2006-cı il təvəllüdlü X7 da məcburi köçkün satusu verilməsi və ona məcburi köçkün vəsiqəsi təqdim olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət etsə də iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, cavabdeh qurum iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/416 saylı məktubunda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edərək göstərmişdir ki, həyat yoldaşı X4 ünvan 3 ünvanında qeydiyyatda olduğundan məsələnin müsbət həlli Komitənin imkanı xaricindədir. İddiaçı hesab edir ki, cavabdehin sözügedən imtinası əsassız sayılmalı və övladı - xx.xx.2006-cı il təvəllüdlü X7 məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Cavabdehddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “övladı X7 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/416 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcbüri köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Cavabdeh bildirir ki, iddiaçının həyat yoldaşı X4 ünvan 4 ünvanında qeydiyyatda olduğundan müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdeh həmçinin bildirir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Cavabdehhaqqında Əsasnaməyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işlori üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Cavabdehhaqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Cavabdehqəbul edir. Qaydaların 3.1 -ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilmədi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X3 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, X3 anası X4 ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. X1 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. X3 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri, Xətai rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin veril əsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon, şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-5984/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli qərarında demək olar ki, iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, məhkəmə iddia tələbinin rədd olunması ilə bağlı yeganə nəticəsi ondan ibarət olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının övladının məcburi köçkün kimi qeydə alınmasının mümkünsüzlüyünə əsas kimi iddiaçının həyat yoldaşı X2 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) deyil, “Bakı şəhərinin Xətai rayonu” olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusatlara əsasən cavabdehin imtinası əsaslı olmuşdur. Göründüyü kimi iddia ərizəsində Rüfət Səfixanlı ilə bağlı iddia tələbi irəli sürülsə də məhkəmə iddiaçının qızına münasibətdə cavabdehin imtinasını əsaslı saymışdır. Məhkəmə mübahisəli qərarı qəbul edərkən nəzərə almamışdır ki, İddiaçı 2 övladı var xx.xx.2001-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X12. Cavabdeh orqan İddiaçı digər övladını - xx.xx.2001-ci il təvəllüdlü X6 məcburi köçkün kimi tanımış və bu barədə ona məcburi köçkün vəsiqəsi təqdim etmişdir. İndi isə cavabdeh orqan İddiaçı digər övladı - xx.xx.2006-cı il təvəllüdlü X9 məcburi köçkün kimi tanımaqdan imtina edir və bunu həyat yoldaşının Bakı şəhərində qeydiyyatda olması ilə əlaqələndirir. Halbuki, cavabdeh orqan xx.xx.2001-ci il təvəllüdlü X6 məcburi köçkün kimi tanıyanda da həyat yoldaşı Bakı şəhərində qeydiyyatda idi. Hazırkı vəziyyətdən aydın olur ki, cavabdeh orqan İddiaçı bir övladını məcburi köçkün kimi tanımış, digər övladını isə tanımamışdır. Bu isə öz növbəsində birbaşa hüquqa müdaxilədir və təəssüf ki, bu müdaxilə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almalıdır ki, iddia tələbinin əsaslılığının başlıca amili ondan ibarətdir ki, 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı İddiaçı 22 yaşı olmuşdu və o, subay olmuşdur. Belə olan halda həyat yoldaşının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) ola bilməzdi. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq ona 60 manat “çörək pulu” ödənilir və o, həmin məbləği alır. Bu fakt onu təsdiq edir ki, dövlət onu məcburi köçkün kimi tanımış və bu səbəbdən ona qidalanmaq üçün müəyyən məbləğ ödəyir. Belə olan halda qaydalarda olan ziddiyyət məhz vətəndaşın xeyrinə həll edilməlidir. Belə ki, o, məcburi köçkün olduğu üçün oğlu da “məcburi köçkün” statusu alaraq, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımlardan (təhsil ödənişindən azad olma və s.) yararlanmaq hüququ vardır. Anasının məcburi köçkün olmadığına görə, qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olmaması səbəbindən oğluna “məcburi köçkün” statusunun verilməsindən imtina edilməsi ədalətsizdir. Eyni zamanda gələcəkdə oğlunun ali təhsil alması zamanı ödənişli əsaslarla təhsil pilləsindən güzəştli əsaslarla təhsil alması hüququ məhdudlaşmış olur. Cavabdeh qurum tərəfindən xx.xx.2013-cü il tarixli qərar ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Sözügedən Qaydalar sonradan qəbul edilmiş və oğluna münasibətdə onun vəziyyətini ağırlaşdırmışdır. Belə ki, oğlunun doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı X12 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. İddiaçının atası İddiaçı “məcburi köçkün” statsuna malik olmaqla işğal altında olmuş Şuşa şəhəri üzrə qeydiyyatdadır, anası X2 yaşayış yeri və qeydiyyatda olduğu yer ünvan 3-dür. İddiaçı övladı 2006-cı il təvəllüdlü övladı X7 “məcburi köçkün” statusunun verilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin cavabdeh “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə istinad edərək, uşağın anası X2 ünvan 3 ünvanında qeydiyyatda olmasını əsas gətirmiş və məsələnin müsbət həllindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş və iddianın rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının anasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmadığından onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X10 “məcburi köçkün” statusunun verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Qaçqın statusu beş il müddətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, qaçqınlar və məcburi köçkünlər öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdehhəyata keçirir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Cavabdehhaqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Cavabdeh(bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 1.2.-ci bəndinə əsasən, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2.-ci bəndində göstərilmişdir: “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə.4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.” Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olan uşaqlara verilir. Hazırkı iş üzrə iddiaçıya münasibətdə qeyd olunan 1-ci və 3-cü şərtin ödənildiyi iş üzrə materiallarla təsdiq olunur. Cavabdeh tərəfindən də həmin şərtlərin ödənildiyi mübahisələndirilmir. İddiaçının atası İddiaçı 1992-ci ildə daimi yaşayış yeri olan Şuşa şəhərini tərk etmiş və Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon (şəhər) olmasına baxmayaraq, anasının işğal olunmuş rayon (şəhər) olmayan Bakı şəhərində qeydiyyatda olduğuna istinad edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. İnzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona məcburi köçkün statusu verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş və şəxsin hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilərək hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. Cavabdeh orqan tərəfindən İddiaçı digər övladı - xx.xx.2001-ci il təvəllüdlü X5 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxsə (X3 bacısı xx.xx.2001-ci il təvəllüdlü X5) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunan bərabərlik prinsipindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən məcburi köçkün statusu verilmiş şəxslə hazırkı iş üzrə X3 hüquqi vəziyyəti eynidir və inzibati orqan qeyd edilən bərabərlik prinsipini hazırkı iddiaçıya münasibətdə də təmin etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, X7 “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(112)-5984/2022 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. İddiaçı X7 “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-369/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-369/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver