Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-369/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2-1(112)- 6761/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-43-90/2-M-952/2023 saylı imtinasını əsassız və qanunsuz hesab edərək ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Qərər kəndində doğulmuşdur. Erməni işğalçılarının təcavüzündən müdafiə üçün Cəbrayıl rayonunda Ziyalılar batalyonu yaradılmışdır. İddiaçı həmin vaxtı Cəbrayıl rayonunda yerləşən dövlət qurumunda rəhbər vəzifədə işlədiyi üçün həmin batalyona yazılmışdır. 1990-1991-ci il tarixlərdə həmin batalyonun tərkibində düşmənlə üz-üzə ön cəbhədə səngərdə dayanmışdır. Eyni zamanda, həmin vaxt gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirak edən şəxslərin siyahısı Cəbrayıl rayon Polis şöbəsində olurdu və istifadə etdikləri silahlar orda saxlanılırdı. Döyüş əməliyyatlarında iştirak etdiyi üçün xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət edərək Qarabağ müharibəsi veteran adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya müraciəti və əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılaraq məlumatlar olmadığından mühairibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədə uyğun olmadığı barədə məlumat verilmişdir. Döyüş əməliyyatlarında iştirakı Cəbrayıl rayon Polis Şöbəsinin 18 dekabr 2011-ci il tarixli məktubu əsasında Cəbrayıl rayon İcra Hakimiyyətinin 21 dekabr 2011-ci il tarixli 1388 saylı məktubu ilə təsdiq olunur və həmin məktub da cavabdeh orqana təqdim edilmişdir. Həmin vaxtı məlumatları arxivə göndərmək iddiaçının vəzifəsi deyildir. Bundan başqa, Cəbrayıl rayonunda hamıya məlumdur ki, Ziyalılar batalyonu mövcud olmuş və düşmənlə üz-üzə səngərdə yerləşmişdir. İddiaçının hərbi biletinin surətindən görünür ki, N və N saylı hərbi hissədə xidmətdə olmuşdur. Qeyd olunan fakti təsdiqləyən şahidlər də vardır. Həmin şahidlərin ərizə və sənədləri iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq tələbdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. İddiaçı Altıxan oğlunun özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6761/2024 saylı (hakim L.S.Musayeva) qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, əlavə sübutların təqdim edilməsi üçün şərait yaradılmamış, həmin dövrdə Cəbrayıl rayonunda Ziyalılar Taborunun (Batalyonun) fəaliyyət göstəribgöstərməməsi və həmin batalyonun sənədlərinin harada saxlanılması barədə məhkəmə tərəfindən məlumatlar əldə edilməmişdir. O, hər hansı hərbi hissədə xidmət etməmiş, yalnız Ziyalılar Taborunda fəaliyyət göstərmiş və həmin dövrdə də silahlar Cəbrayıl Polis İdarəsindən götürülüb, xidmət başa çatdıqdan sonra da polis şöbəsinə təhvil verilirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, onun özündə hər hansı sənədin olmamasını bildirmiş, onunla X7 və İcra Hakimiyyətinə sorğuların verilməsi məsələsi müzakirə edilmiş, müvafiq sorğular verilmiş, lakin, iddiaçı növbəti məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 1388 nömrəli arayışında qeyd edilmişdir ki, “Verilir Cəbrayıl rayon Qərər kənd sakini, İddiaçı ondan ötəri ki, o, 1990-1991-ci illərdə Cəbrayıl rayonunun erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə yaxından iştirak etmiş ön postlarda keşik çəkmişdir. Əsas: Cəbrayıl rayon Polis Şöbəsinin 18 dekabr 2011-ci il tarixli 2353 saylı arayışı”. - İddiaçının müraciətinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43-90/2-M-952/2023 nömrəli məktubda qeyd edilmişdir ki, “"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Belə ki, təqdim etdiyiniz sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinizə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün Sizə ‘Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Odur ki, döyüş əməliyyatlarında iştirakınızı sübut edən sənədlərin və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışların imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti, həmçinin tələb olunan digər sənədlər tərəfinizdən tam toplandığı təqdirdə Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə yenidən baxıla bilər”. - Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu üzrə Bölməsinin xx.xx.2024-cü il tarixli 15/BB-25/06 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayonunda məcburi köçkün Məmmədov X4 qəsəbəsi, mədən 1, 24 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının müavininin xx.xx.2024-cü il tarixli, 5- 40/2-166/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, X6 zamanı bu və ya digər şəkildə (özünümüdafiə dəstələrinin tərkibində iştirak etmə, yaralıların döyüş bölgəsindən çıxarılması, tibbi xidmət göstərilməsi və s.) rayonun müdafiəsində iştirak edən Cəbrayıl rayon sakinlərinin bir çoxuna rayon İcra hakimiyyəti tərəfindən müvafiq arayışlar verilmişdir. Qeyd edək ki, rayon İcra hakimiyyəti başçısı aparatının 31 dekabr 2018-ci il tarixə qədər olan sənədləri Cəbrayıl Rayon Dövlət Arxiv idarəsinə təhvil verilmişdir. “Dövlət orqanlarında, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasən arayış xarakterli sənədlərin saxlanma müddəti 5 il təşkil etdiyindən, rayon İcra hakimiyyətinin həmin dövrü əhatə edən sənədləri, o cümlədən 2011-ci ilə dair sənədlər ləğv edilmişdir. Bu səbəbdən məktubda qeyd edilən sənədlərin Sizə təqdim edilməsi imkan xaricindədir”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 1033 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sizin xx.xx.2024-cü il tarixli 2-1(112)-6761/2024 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2024-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 865(806) №-li hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edirik ki, Ziyalılar batalyonunun və Cəbrayıl rayon Polis şöbəsinin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 11/20 nömrəli məktubunda qeyd edilmişdir ki, “Cəbrayıl rayon Dövlət Arxiv idarəsi sizin vətəndaş İddiaçı aid olan xx.xx.2024-cü il 2-l(112)-6761/2024-cü il məktubunuza cavab olaraq bildirirəm ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyəti başçısının inzibati ərazi nümayəndəliklərinin dövlət arxivində mühafizə olunan sənədlərinə baxış keçirərkən döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı siyahıların olması haqqında məlumat yoxdur”. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-43-90/2-1322/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda adının olub-olmamasına dair Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli sorğunuza baxılmışdır. Bildiririk ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş 01 fevral 1988-ci il tarixdən 01 oktyabr 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış könüllü özünümüdafiə dəstəsi iştirakçılarının adlı siyahısında 1962-ci il təvəllüdlü Cəbrayıl rayon sakini İddiaçı adı keçmir”. - Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-40/2-54/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müraciətinizlə əlaqədar bildiririk ki, Rayon İcra Hakimiyyətində xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış könüllü özünümüdafiə dəstəsi iştirakçılarının adlı siyahısı və həmin dəstə ilə əlaqədar digər sənədlər mövcud deyildir”. Məhkəmə tərəfindən 20 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Yaranmış zərurətlə əlaqədar, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilmiş 01 fevral 1988-ci il tarixdən 01 oktyabr 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış könüllü özünümüdafiə dəstəsi iştirakçılarının adlı siyahısının 5 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunur”. Sorğuya cavab olaraq 01 fevral 1988-ci il tarixdən 01 oktyabr 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış könüllü özünümüdafiə dəstəsi iştirakçılarının adlı siyahıları xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş, lakin iddiaçının adı həmin siyahılarda aşkar edilməmişdir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnaməyə görə, şəxsə müharibə veteranı adı verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, eyni zamanda bu hal müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şərtlər:
1. döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı;
2. bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatı dedikdə - Silahlı Qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yəni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Hazırkı iş üzrə isə iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6761/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6761/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov