Məhkəmə qərarları › İş №2-1(103)-3691/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3691/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3691/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İmran İandarovun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11736/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı İmran İandarov cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin İQ-39/1 nömrəli xx.xx.2023-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçı İmran İandarovun 09 mart 2023-cü il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiyada icbari hərbi xidmət keçmədiyini, əvvəllər 3-cü qrup əlil olduğunu, lakin bu statusun dayandırıldığını bildirib. Onun sözlərinə görə, Rusiyada əlillik statusunun uzadılması üçün pul ödəmək adi məsələ olduğundan, əlillik statusuna xitam verilməsinə səbəb ailənin artan rüşvəti ödəyə bilməməsi olub. Ərizəçi ölkədə gedən müharibə ilə əlaqədar hərbi xidmətə çağırılmaqdan qorxduğunu və buna görə də ölkəsini tərk edərək 2022-ci il noyabrın 7-də Azərbaycan Respublikasına gəldiyini və ölkəsindən qaçdığını bildirib. O, hərbi xidmətə çağırılaraq Ukraynaya göndərilmək istəmir, həmçinin Ukraynaya qarşı cinayətkar müharibədə iştirak etmək istəmir. Ərizəçi subaydır, valideynləri, 2 qardaşı və 1 bacısı ilə birlikdə Azərbaycana gəlmişlər. 1 qardaşı xəstə olduğu və ölkəsində sığorta ödənişi olaraq əməliyyata girəcəyinə görə, sonradan anası ilə birlikdə Rusiyaya geri dönmək məcburiyyətində qalmışdır. Ərizəçi 07 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasına gəlmişdir. 09 mart 2023-cü ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 29-2023 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, Rusiyada gedən müharibə səbəbindən ölkəsinə qayıtmaq istəmədiyini və Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istədiyini bildirmişdir. Ərizəçinin vəsatəti 1951-ci il Konvensiyası ilə əlaqəsinin və əsaslı təqib qorxusunun olmaması səbəbindən rədd edilmişdir. 30 may 2023-ci ildə DMX İQ-39/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11736/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11736/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyasının Çeçenistan Respublikasının Nateroçnoye kəndində anadan olduğunu, miliyyətcə çeçen, dini etiqadına görə sünni təriqətinə mənsub müsəlman olduğunu, Nateroçnoye kəndində orta məktəbdə 11 illik orta təhsil aldığını, 2015-ci ildə "Politexnik” kollecinə mühasib ixtisası üzrə daxil olduğunu, 3 il oxuduqdan sonra həmin kolleci bitirdiyini, 2018-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunda mühafizəçi kimi işə düzəldiyini, 2 il orada işlədikdən sonra işdən əmək haqqı az olduğu üçün orada işləmək istəmədiyini, işini tərk etdiyini bildirmişdir. O, ölkədə gedən müharibə səbəbindən hərbi xidmətə cəlb olunacağından ehtiyat etdiyini, bu səbəbdən də Rusiya Federasiyasını tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək, keçirilmiş müsahibə nəticəsində cavabdehin qəbul etdiyi imtina qərarı ilə razılaşmayaraq, qərarın qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Göründüyü kimi qanunvericilik “qaçqın” statusunun verilməsi üçün şəxsin vətəndaşı olduğu, yaxud vətəndaşlığı olmayıb adətən yaşadığı ölkənin himayəsindən istifadə edə bilməməsini onun irqi, milli, dini, sosial və ya siyasi səbəblərə görə ölkəsində təqiblərin qurbanı olması və ya olacağı ehtimalını tam əsaslandırması və bu müdaxilənin ehtiyat tədbiri kimi onun üçün zəruri olmasını sübut etməsi halı ilə şərtləndirir. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan, təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə isə istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan şərtlərin mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçıya münasibətdə əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətləri əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu təhlükəsizliyinin təmin edilməməsi, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmiş, onun dəlilləri isə mülahizələrə söykənir. AR İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11736/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı İandarov İmranın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11736/2023 saylı, 03 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar