Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3692/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanındakı tikilinin - sərəncam və məlumatlandırılma icraatı qaydasında (hündürlüyü 11,60 metr) inşa edilmiş 3 mərtəbəli, mansardlı evin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları ilə adına qeydiyyatının aparılması və müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyət hüququ xx.xx.2003-cü il tarixində qeydiyyata alınmış, ona ÖM seriyalı, 147706 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi də onun adına olmuş, lakin həmin mülkün sahibi dayısı oğlu və eyni zamanda da qaynı olan şəxs idi. Həmin mülklə bağlı iddiaçının adına xx.xx.2005-ci il tarixli, 223440 nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. Dayısı oğlu ilə onun evi qonşuluqda divar-divara bitişik vəziyyətdə idi. Evi darısqal olduğu üçün 2006-cı ildə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsini xahiş etmiş, hər iki ev onun adında olduğu üçün qanunun tələbinə uyğun olaraq müraciətləri də o etmişdir. Məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış, evlərin sökülüb yenidən tikilməsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evlərin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icazəsindən sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısı özünün xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamı ilə ona məxsus adına olan Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. Daha sonra Nərimanov rayon İcra Hakimiyyəti başçısı özünün xx.xx.2006-cı il tarixli eyni nömrəli, 418 saylı sərəncamı ilə evlər barədə sözügedən ümumi sərəncamı ayırmış, Mayakovski küçəsi 7/4 saylı evin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə ayrıca icazə vermişdir. Müvafiq razılaşmalardan və icazələrdən sonra 2006-2008-ci illərdə köhnə evləri sökərək yerində yeni evlər inşa etmişlər. 2013-cü ildə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən sonra qanuni istifadəsində olan torpaq üzərində sərəncam əsasında 2013-cü ilədək inşa etdiyi tikiliyə məlumatlandırma qaydasında bir mərtəbə də əlavə edərək tikintini tamamlamışdır. 2018-ci ildə məlumatlandırma icraatı qaydasında ərazi üzrə rayon icra hakimiyyətinə də məlumat vermişdir. Lakin sonradan təkrar sənədləşmə işlərinə vaxt ayıra bilməmişdir. Hal-hazırda evinin təkrar sənədləşdirilməsini istəyir. Sənədlərini ASAN xidmətin reyestr şöbəsinə təqdim edərkən ona bildirilmişdir ki, guya onun evi mənzil olub, bu səbəbdən sənədlər qəbul edilə bilməz. Halbuki, 2006-cı il tarixli sərəncamlarda yaşayış sahəsinin növü “ev” kimi qeyd edilmişdir. Bu isə sonuncu hüquqmüəyyənedici sənəd olduğundan yaşayış sahəsinin kateqoriyasının düzgün seçilməsi üçün həmin sərəncamlara, eləcə də Bakı şəhər İcra Hakimiyyətinin razılaşdırılma layihəsinə istinad olunmalıdır. Həmin sənədlərdə yaşayış sahəsi “ev” kimi qeyd edilmişdir. Köhnə evinin yerində sərəncam və məlumatlandırılma icraatı qaydasında tikdiyi yeni evin lisenziyalı səlahiyyətli memar tərəfindən tərtib olunan və hazırkı ərizəyə əlavə olunacaq memarlıq layihəsindən də görünür ki, vahid tikili formasında olan ev 3 mərtəbəli mansardlıdır. Evin həyəti yoxdur və yalnız tikintialtı sahə üzərində inşa edilmiş tikilidən ibarətdir. Hal-hazırda ona məxsus olan ev tikilisi və torpaq hissəsinin digər mülkiyyətçilərlə qonşularla heç bir ortaqlığı yoxdur, fərdidir, ayrıcadır. Tikilinin ayrıca girişçıxışı vardır. Daşınmaz əmlakın dövlət reyestrində olan hazırkı şəkildəki qeydiyyatı evinin mövcud faktiki vəziyyətinə uyğun deyildir. Bu üzdən bu faktın tanınmasına və sözügedən daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətə və sərəncam məlumatlandırılma qaydasında inşa edilmiş yeni tikilinin texniki xarakteristikasına uyğun şəkildə qeydiyyatının aparılmasına zərurət yaranmışdır. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzil iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İddiaçının ərizəsində qeyd etdiyi fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olmaqla ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə kı, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri. ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 28 mart 2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə 11 09.2006-cı il tarixli, 418 saylı sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı ona məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evləri söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi qərara alınmışdır. ünvan 4 ünvanında iddiaçıya məxsus yaşayış evinin eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. İddiaçının Nərimanov rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 7anda yerləşən, sahəsi 440 kv metr, hündürlüyü 11,60 metr, mərtəbəliliyi 3 (üç) mansard olan fərdi bağ evini inşa etdiyini bildirmişdir. Göründüyü kimi, səlahiyyətli dövlət orqanı, yəni Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı ona məxsus Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evləri söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmiş, yaşayış evinin eskiz layihəsi də Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış, yekunda isə xüsusi mülkiyətində olmaqla qəzalı vəziyyətdə olan həyət tipli mənzilini söküb yerində yeni yaşayış evi inşa etmişdir. Bu zaman hər hansı qanunsuzluğa yol verməmiş və kiminsə torpaq sahəsini zəbt etməmişdir. Habelə, tikdiyi evin yerləşdiyi torpaq sahəsi üzərində gələcəkdə mülkiyyət hüququnun gözləntisi vardır ki, bu onun hüququdur. Bu torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil və bələdiyyə və ya hansısa dövlət qurumu tərəfindən ona qarşı iddia qaldırılmayıb. Qeyd olunan Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamı Azərbaycan Respublikası Qanununun 8 0.1-cı maddəsində nəzərdə tutulmuş əsaslardan biri hesab olunur. Məhkəmə onun torpaq sahəsinin olmamasına istinad etsə də, nəzər almır ki, onun yaşadığı həyət tipli mənzil qəzalı vəziyyətdə olub, dövlət buna gorə ya ona ev verməli, ya da öz vəsaiti hesabına yeni yaşayış evi tikməli idi ki, yekunda səlahiyyətli dövlət orqanlarının icazəsi ilə öz şəxsi vəsaiti hesabına yeni yaşayış evi inşa etmişdir ki, bu zaman hər hansı qanunsuzluğa yol verməmişdir. Şəhərin mərkəzində adicə 1 daşı daş üstündə qoymaq olmur. Evin tikintisi zamanı bütün dövlət orqanları tərəfindən baxış keçirilmiş, sənədləri qaydasında olduğuna görə heç bir problem yaranmamış, yekunda da özünə məxsus qəzalı vəziyyətdə olan evini söküb, yenisini inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Evin bütün kommunal xidmətləri mövcuddur. Bu icazələr də məhz səlahiyyətli dövlət orqanları tərəfindən verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdə (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;[37] 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;[38] 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;[39] 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş eyni nömrəli və eyni tarixli 2 ayrı-ayrı nüsxədə olan Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının məzmununda uyğunsuzluq mövcuddur. - Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 147706 nömrəli xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. - 4 saylı mənzilin texniki göstəricilərini əks etdirən 27 iyun 1996-cı il tarixli texniki pasport iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı birinci instansiya məhkəməsinin sorğusuna əsasən 28 mart 2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nərimanov rayon İH-nin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 418 saylı sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı ona məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evləri söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi qərara alınmışdır. - ünvan 6 ünvanında iddiaçıya məxsus yaşayış evinin eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. - İddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 7anda yerləşən, sahəsi 440 kv.metr, hündürlüyü 11,60 metr, mərtəbəliliyi 3 (üç) mansard olan fərdi bağ evini inşa etdiyini bildirmişdir. - Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunan mənzilin arxiv qovluğunda olan sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 2 order əsasında X2 verilmiş və sonradan sənədləşdirilərək iddiaçıya satılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının göstərdiyi sahədə sənəd üzrə birmərtəbəli ümumi sahəsi 35.0 kv.m olan (1 otaq yaşayış sahəsi 12.0 kv.m) mənzil olmuşdur. Lakin iddiaçı mənzili sökərək yerində üçmərtəbəli hündürlüyü H=9.7 m olan (10 otaqlı) fərdi yaşayış evi tikmişdir (layihə üzrə ümumi sahəsi 380.1 kv.m təşkil edir). Faktiki olaraq göstərilən sahənin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən əmlakın yerləşdiyi ümumi əraziyə dair "xxxx" MTK-nın ayrıc aktı mövcuddur. Çoxmərtəbəli yaşayış binasından 1.0-2.0 m məsafədə yerləşir. Ortofoto təsvirinə əsasən ərazidəki tikililər sökülmüşdür. Ərazi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri, ünvan 2 fərdi yaşayış evi kimi deyil, mənzil kimi dövlət qeydiyyatından keçmiş və iddiaçı həmin yaşayış sahəsini mənzil kimi almışdır. Sonradan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli Sərəncamına həmin mənzilin sökülərək yenidən inşa edilməsinə icazə verilmişdir. İddiaçı həminmənzili sökərək, yerində üçmərtəbəli, hündürlüyü 9,7 m olan (10 otaqlı) fərdi yaşayış evi tikmişdir. Hazırda iddiaçı Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli sərəncamına əsaslanaraq həmin ev üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdehin imtina əsası ondan ibarət olmuşdur ki, iddiaçının ərizəsində qeyd etdiyi fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda istinad olunan qanunvericilik normalarından da aydındır ki, şəxsin fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində, yaxud digər əsaslarla qanuni istifadəsində olmalıdır Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 7 ünvanında yerləşən 4 saylı mənzil yalnız mənzil kimi İddiaçı məxsus olmuş və onun həyətyanı sahəsi olmamış, həmçinin mənzilin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət və ya digər əsaslarla qanuni istifadə hüququ mövcud olmamışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 1) yaşayış evi, yaşayış evinin hissəsi; 2) mənzil, mənzilin hissəsi; 3) otaq; 4) bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, eyni tarixli və eyni nömrəli iki fərqli sərəncamlar mövcuddur. İddiaçı tərəfindən təqdim edilən Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli sərəncamla 7/4 saylı mənzilin, Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilən və arxivdə saxlanılan eyni tarixli və eyni nömrəli sərəncamla isə 7/3 və 7/4 saylı mənzillərin sökülərək yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı tərəfindən İcra Hakimiyyətinə ünvanlanan 03 aprel 2018-ci il tarixli ərizədə isə ünvan 7anında yerləşən 3 mərtəbəli fərdi yaşayış evini inşa etdiyi görünür. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov rayonu İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 nömrəli sərəncamı iddiaçıya torpaq sahəsi ayrılması haqqında deyil, yalnız mənzilin yenidən inşa edilməsinə icazə verilməsi haqqında olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının xx.xx.2001-cı ildən sonra fərdi ev tikintisi üçün torpaq ayırmaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən sərəncama yenidənqurma və ya yenidənplanlaşdırma ilə bağlı sərəncam kimi hüquqi qiymət verilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Beləliklə, qanunvericilik normalarının məzmunundan göründüyü kimi yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması dedikdə, fərdi evə münasibətdə onun mühüm konstruktiv elementlərinin yerinin dəyişdirilməsi, yenidən qurulması, yeniləri ilə əvəz edilməsi, mənzillərə münasibətdə bununla yanaşı yardımçı sahələr hesabına mənzilin sahsinin genişləndirilməsi nəzərdə tutulur. 1 otaqlı mənzilin sökülərək, yerində 3 mərtəbəli yaşayış evinin inşa edilməsi isə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, əmlakın yerləşdiyi ümumi əraziyə dair "xxxx" MTK-nın ayrıc aktı mövcuddur. Aparılan araşdırmalar və tədqiq edilən sənədlərdən görünür ki, iddiaçı tərəfindən inşa edilmiş 11,6 m. Hündürlüyündə olan tikili çoxmərtəbəli yaşayış binasından 1-2 metr aralı məsafədə yerləşməklə qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi gözlənilməmişdir. Halbuki, qeyd edilən hündürülükdə yaşayış evlərinə münasibətdə ara məsafəsi azı 3.8 m olaraq gözlənilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarını diqqət önünə çəkir. Belə ki, həmin məcəllənin 69cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-581/2025 nömrəli, 15 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3692/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3692/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver