Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3693/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5961/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********542000 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatları Meyarları”na əsasən riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi əsassızdır. O, fəaliyyət göstərdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və riskli vergi ödəyicisi hesab edilməsi üçün Meyarlarda göstərilmiş əməliyyatlar aparmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli, 486 nömrəli Qərarı ilə Meyarların 2.1.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin maddədə qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin dəyişiklik bir daha sübut edir ki iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi əsassız və qanunsuzdur. Buna görə də iddiaçının riskli vergi ödəyicisi hesab edilməməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması üçün cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, təhlil zamanı iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə cəmi 34,1 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə “Şesfernya olvoynaya, farsunka ucluğu T-130, disk feredo Kamaz, yağ nasosu Qaz-53 və s.” satışında qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə-faktura üzrə alışda və idxalda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək cavabdehin vəzifəsinə aid edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci yarımbəndinə əsasən fərdi sahibkar İddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və xx.xx.2023-cü il tarixli, **********542000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5961/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı (hakim E.Abdullayev) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında qeyd edir ki, iddiaçı riskli siyahıya salınması barədə qərarla razılaşır. Lakin, o, hazırda riskli vergi ödəyicisi siyahısına salınmasına səbəb olan əsasların aradan qalxması səbəbindən həmin siyahıdan çıxarılmasını istəyir. Bundan başqa təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən iş və xidmətləri bu növ resurslar mövcud olmadan təqdim edən şəxs, elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında əldə edilməyən malları təqdim edən şəxs və əmtəəsiz əməliyyatlar aparan şəxslər riskli vergi ödəyiciləri hesab edilirlər. İddiaçı riskli siyahıya salınması barədə qərarla razılaşmır. Həmin qərarla razı olmadıqları həm iddia ərizəsində qeyd edilmiş, həm də məhkəmə iclaslarında bildirmişlər. Sadəcə olaraq iddia müddəti ötürüldüyü üçün həmin qərarı mübahisələndirə bilməmişdirlər. Yeni dəyişikliyə istinad edərək siyahıdan çıxarılma ilə bağlı iddia qaldırmışdırlar. Məhkəmə “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında Qaydalara istinad edir. Bildirilmişdir ki, qeyd edilən norma 21 noyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Ondan əvvəlki əməliyyatlara həmin norma tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 2023-cü il üzrə elektron qaimə fakturalar üzrə əldə etmədiyi malların onun satışında müəyyən edilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin malları qaiməsiz əldə etdiyini və real olaraq satdığını bildirsə də, həmin malların həqiqətən əldə edildiyini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmin malların satışı ilə bağlı sübutları məhkəməyə təqdim etmişdirlər. Habelə iddiaçının təsərüffat subyekti olmuşdur. Malları sənədsiz almışdır. Sənədsiz aldığı malların alışını iddiaçı necə sübut edə bilər? İnzibati akt qəbul edərkən çeşid fərqinin olmasını vergi orqanı sübut etməli idi. Məhkəmə qeyd edir ki, həmçinin cavabdehin nümayəndəsi iddiaçının təsərrüfat subyektinin cəmi 10 kv.metrdən ibarət olduğunu və satışında qeyd olunan malların həmin təsərrüfat subyektində saxlanmasının mümkün olmadığını bildirmişdir. İddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Qeyd edir ki, iddiaçı satdığı malları həmin obyektə eyni anda yığaraq satmamışdır. Fəaliyyət göstərdiyi bütün dövr ərzində hissə-hissə alaraq satmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə iclasında iştirak etməli olduğundan hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahatlar verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı hər iki instansiya məhkəmə iclaslarında hüquqi marağının mövcud qərarın ləğvi ilə bağlı deyil, məhz riskli vergi ödəyiciləri siyahısından çıxarılma ilə bağlı olduğunu bildirmiş və inzibati orqanın üzərinə riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilməsə belə riskli vergi ödəyiciləri siyahısına salınma barədə inzibati aktın qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi formada iddiaçıya təqdim edilməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Ən əsası isə iş materiallarından aydın görünür ki, iddiaçı bir neçə dəfə inzibati orqana müraciət etmiş və sonuncu müraciəti xx.xx.2024-cü il tarixli olmuşdur. İddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarixinə qədər olan redaksiyası (“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”): 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda qüvvədə olan Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtlərin: 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Hazırkı işdə iddiaçının hüquqi marağı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmalı olması ilə bağlıdır. Cavabdeh vergi orqanı iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə **********542000 nömrəli xx.xx.2023-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə cəmi 34.1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Şesfemya olvoynaya, Farsunka ucluğu T-130, Disk feredo Kamaz,Yağ nasosu Qaz53" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. İddiaçının apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, o vaxtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) və 3.1.1 (vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə) bəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına salınmışdır. Lakin hazırda “Meyarlar”a dəyişiklik edilmiş və həmin bəndlər çıxarılmışdır. Bu səbəbdən iddiaçı riskli siyahıdan çıxarılmalıdır. Göründüyü kimi iddiaçı riskli siyahıya salınması barədə qərarla razılaşır. Lakin o, hazırda riskli vergi ödəyicisi siyahısına salınmasına səbəb olan əsasların aradan qalxması səbəbindən həmin siyahıdan çıxarılmasını istəyir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən iş və xidmətləri bu növ resurslar mövcud olmadan təqdim edən şəxs, elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri əsasında əldə edilməyən malları təqdim edən şəxs və əmtəəsiz əməliyyatlar aparan şəxslər riskli vergi ödəyiciləri hesab edilirlər. İşin faktiki hallarından məlumdur ki, iddiaçının 2023-cü il üzrə elektron qaimə fakturalar üzrə əldə etmədiyi malların onun satışında müəyyən edilməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin malları qaiməsiz əldə etdiyini və real olaraq satdığını bildirsə də, həmin malların həqiqətən əldə edildiyini apellyasiya baxışı zamanı əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının təsərrüfat subyektinin cəmi 10 kv.metrdən ibarət olduğunu və satışında qeyd olunan malların həmin təsərrüfat subyektində saxlanmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Beləliklə, vergi ödəyicisinin alış sənədi olmayan mal satması riskli əməliyyat hesab olunmalıdır. Əks yanaşma alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin digər vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır. Kollegiya qeyd edir ki, hazırda qanunvericilik norması riskli vergi ödəyicilərinin siyahısından çıxarılma şərtlərini dəqiq göstərmişdir. Hətta apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə müzakirələr aparılmış Qaydaların 4-cü bəndinə müvafiq olaraq cavabdeh tərəfindən müvafiq cərimənin ödənilməsi və ya elektron qaimə fakturaların ləğv edilməsi təklifləri irəli sürülmüşdür. Cavabdehin gətirdiyi ikinci dəlilə tənqidi yanaşılsa belə işin araşdırılmış hallarına görə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə təqdim edilmiş 34.1 min manat dəyərində olan riskli elektron qaimə-fakturalar sonuncu məhkəmə baxışı tarixinə kimi ləğv edilməmiş və ya müvafiq cərimə ödənişi həyata keçirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticəni haqlı hesab edərək bildirir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olunan müddəalarda dəyişiklik edilsə də, yeni qəbul edilən “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsas olan halları aradan qaldırmır. Belə ki, həmin “Qayda”nın 2.1.2-ci bəndi (qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları təqdim edən şəxs) iddiaçıya münasibətdə birbaşa tətbiq edilə bilər. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkİ inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin e-2-1(112)- 5961/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5961/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3693/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3693/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver