Məhkəmə qərarları › İş №2-1(103)-37/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-37/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-37/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (02.05.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər – Bakı şəhəri İcra Hakimiyyəti, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti) qarşı plan-ölçü sənədlərinin verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-1111/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 31.05.2012-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə (iddia ərizəsi iddiaçının nümayəndəsi Babaşov Natiq Cabbar oğlu tərəfindən imzalanmışdır) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 b saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. Bağ dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq işləri aparılmışdır. İddiaçı həmin bağ sahəsinin öz adına rəsmiləşdirilməsi üçün plan-sxemin verilməsi məqsədilə cavabdeh idarəyə müraciət etmiş, lakin cavabdeh idarə onun tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Həmçinin iddiaçı hesab edir ki, 19b saylı bağ sahəsinə onun istifadə hüquqları tanınmalıdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə, Azərbaycan Respublikası İPM-in 33.1-ci, 73.1-ci və 73.2- ci maddələrinə istinad edərək Bakı şəhər İcraiyyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinin icarəçisi hesab edilməsi və müvafiq bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli, 2inz(82)- 1522/2012 nömrəli qərarı ilə (hakim İ.Bayramova) iddia təmin edilərək, Bakı şəhər XDS İK X2 və İstismarı Birliyinin 17707 saylı 23 avqust 1990-cı il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0.25 ha olan 19 “b” saylı bağ sahəsinin icarəçisi hesab edilmiş və müvafiq bağ sahəsinə plan-sxemin verilməsi vəzifəsi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 11.08.2012ci il tarixli, **********39 nömrəli məktubuna əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2012-ci il tarixli, 2inz(82)-1522/2012 nömrəli qərarının icra edilərək tərəflərindən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən 17707 saylı icarə müqaviləsinə əsasən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 “b” saylı bağ sahəsinə mövcud vəziyyətə uyğun plan –sxemin tərtib edilərək verilməsi qeyd edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti icraatın təzələnməsi barədə ərizə təqdim etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyun 2016-ci il tarixli, 2in(82)-1522/2012 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(103)-1865/2016 saylı qərardadı ilə (hakimlər-C.Yusifov, V.Ağayev, Ü.Mayılov) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı iş üzrə 02 iyun 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(103)-1865/2016 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi işə cəlb edilmiş, Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2215/2016 saylı, 30.09.2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 23.01.2017-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 05.01.2017-ci il tarixli, 22624 №-li məhkəmə ekspertizası rəyi məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-49/2017 saylı, 28.02.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə - “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin “apellyasiya şikayəti vermək hüququ” barədə müddəalarına, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə qərarı onların qanunla qorunan maraqlarına toxunan şəxslərə münasibətdə, 81.2-ci maddəsinin tələbləri baxımından şərh verilməsinə dair” müraciəti üzrə Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minənədək dayandırılmış və 15.05.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2-1(103)-49/2017 saylı qərardadı ilə (hakimlər-C.Yusifov, V.Ağayev, Ü.Mayılov) Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1522/2012 saylı iş üzrə 11 iyul 2012-ci il tarixli qərarın ləğv edilməsi və işin üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iştirakı ilə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(82)- 165/2018 saylı qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Qərardaddan 07.09.2018-ci il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.10.2018-ci il tarixli, 2-1(103)-2575/2018 saylı qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-165/2018 saylı, 15 may 2018-ci il tarixli qərardadı qismən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 19 b saylı bağ sahəsinə dair plan-sxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmişdir. 14.02.2019-cu il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək, həmin tələbin plan-ölçü sənədlərinin verilməsi kimi qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)- 1111/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə) qarşı «bağ sahəsinə dair plan-ölçü sənədlərinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan 05.04.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-1111/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən 2-1 (82)-1111/2019 saylı, 14 fevral 2019-cu il tarixli qərarının əsaslandırıcı hissəsində, yəni 3-cü vərəqinin 2-ci abzasında qeyd edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi idarəsinin 26.05.2012-ci il tarixli, **********65 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 19b saylı bağ sahəsinə dair müvafiq plan və cizginin alınması ilə bağlı bağ sahəsinə dair arxiv qovluğu idarədə aşkar edilməmişdir”. Əvvəla qeyd edilməlidir ki, əgər həqiqətən də sözügedən arxiv qovluğu idarədə aşkar edilməmişdirsə, həmin qovluğun saxlanılmasına iddiaçı tərəf məsuliyyət daşımır. İkincisi isə, əgər həqiqətən də idarədə həmin qovluq aşkar edilməmişdirsə, bu sənədlərin yoxa çıxmasından iş üzrə üçüncü şəxslərin və ya cavabdehin məlumatı vardır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1165/2019 saylı, 17.05.2019-cu il tarixli qərarı ilə (hakimlər S.Seyidova, V.Məmmədov, İ.Əhmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-1111/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən 09.07.2019-cu il tarixdə kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2612/2019 saylı, 30.10.2019-cu il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova,Z.Quliyev, İ.Hüseynov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1165/2019 nömrəli 17 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 26.05.2012-ci il tarixli, **********65 saylı imtina məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 19b saylı bağ sahəsinə dair müvafiq plan və cizginin alınması ilə bağlı 22.05.2012-ci il tarixli, 1436 saylı ərizəsinə əsasən bağ sahəsinə dair arxiv qovluğunun idarədə aşkar edilmədiyi qeyd olnmuşdur. - Bağın icarəyə verilməsi haqqında 23.08.1990-cı il tarixli, 17707 saylı müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.25 ha olan 19b saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 19 b saylı bağ sahəsinin 25.07.2012-ci il tarixli torpaq sahəsinin plan-sxemi tərtib edilmişdir, sənəd əsaslar: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi, 22.08.2012-ci il tarixli, AN 409611 nömrəli Torpaq sahəsinin plan və cizgisi; Bakı ŞİH X2 və istismarı birliyi, 23.08.1990-cı il tarixli, 17707 nömrəli İcarə müqaviləsi; 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsi, 11.07.2012-ci il tarixli, 2(82)-1522/2012 nömrəli Qərar. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.09.2012-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 36820 nömrəli vərəqində qeydiyyata alınmış çıxarış ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 19b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “işə təkrar baxan apellyasiya məhkəməsi hazırkı iş üzrə müqavilənin qüvvədə olma müddətinə dair məsələyə müqavilənin bağlandığı anda qüvvədə olan maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməli, maddənin tələbinə uyğun olaraq icarə münasibətlərinin müqavilə müddətinin bitməsindən sonra da davam etdirildiyi qənaətinə gəlindiyi halda, başqa sözlə iddiaçının gözlənilən mülkiyyət hüququnun olması müəyyən edildiyi halda, həmin müqavilə əsasında iddiaçıya məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsi məsələsinə qiymət verilməlidir. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinin hal-hazırda hansı torpaq kateqoriyasına aid olması və halhazırda həmin torpaq üzərində kiminsə mülkiyyət hüququnun tanınıb-tanınmaması hallarını (bələdiyyə və ya xüsusi mülkiyyətdə olması) araşdırılmalı, belə bir hal müəyyən edilərsə, həmin şəxslərin iştirakı ilə işə baxmalıdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı: - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə Bağlar Təsərrüfatı ilə İddiaçı arasında bağlanmış 23.08.1990-cı il tarixli, 17707 №-li 19 “b” saylı bağın icarəyə verilməsi haqqında Müqavilənin və İddiaçı Hövsan qəsəbəsində 0,25 hektarlıq bağ sahəsinin ayrılması haqqında Bakı şəhər İcrayyə Komitəsinin 1970-ci il tarixli, 7 №-li qərarının təsdiq edilmiş surətlərini, qərarın verilməsinə əsas olan sənədlərin surətlərini Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinə , Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğular ünvanlanaraq, işin obyektiv həlli məqsədilə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0.25 ha olan 19b saylı bağ sahəsinin hal-hazırda hansı torpaq kateqoriyasına aid olması və hal-hazırda həmin torpaq üzərində kiminsə mülkiyyət hüququnun tanınıb-tanınmaması (bələdiyyə və ya xüsusi mülkiyyətdə olması) barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərməyiniz xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2020-ci il tarixli, **********02 №-li cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 0,25 hektar olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı 19b saylı bağ sahəsi, 23.08.1990-cı il tarixli, 17707 nömrəli müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 22.08.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 2 saylı BİM-nin 11 iyul 2012-ci il tarixli, 2in (82)-1522/2012 nömrəli qərarı əsasında sözügedən bağ sahəsi 14.09.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir, hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 11.06.2021-ci il tarixli cavab məktubunda Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1970-ci il tarixli, 7 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, Bakı şəhər X2 və İstismarı Birliyinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, vətəndaşlarla Bağlar Təsərrüfatı arasında bağlanmış müqavilələr Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 10 noyabr 2020ci il tarixli, **********12 №-li və 16 mart 2021-ci il tarixli, **********13№ -li məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 139.2 2-ci və 202.2-ci maddələrinə müvafiq olaraq müraciətdə tədqiqat obyektinə baxış keçirilməsinin tarixi vaxtı və yeri barədə məlumat olmaması, iş üzrə hüquqmüəyyənedıci və texniki sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmaması səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmayacaqdır. Tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı və yeri barədə məlumat daxil olacağı iş üzrə hüquqmüəyyənedici və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunacağı, tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin tədqiqat obyektinə baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin ediləcəkdir. - Hövsan Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 01/37 №-li, 10.03.2021-ci il tarixli məktubda (məktub Bələdiyyənin sədri E.M.Xəlilov tərəfindən imzalanmışdır) qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19b saylı bağ sahəsi bələdiyyə mülkiyyətinə aid deyil. Həmin torpaq sahəsi üzərində kiminsə mülkiyyət hüququnun tanınıb -tanınmamağı barədə Hövsan Bələdiyyəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış 14.08.2020-ci il tarixli, **********40 №-li məktubda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. 19b saylı bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3831/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1 (103)-49/2017 saylı, 2- 1 (103)-2575/2018 saylı və 2-1(103)-1165/2019 saylı inzibati işləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Qeyd edilən məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi idarəsinə daxil olacağı təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0-cı bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir (2.0.1.); daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır(2.0.2.); daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir(2.0.3.); daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir (2.0.4.). Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək xidmətin vəzifələrindəndir. Hazırkı iş üzrə iddiaçının tələbi onun istifadəsində olan bağ sahəsinə dair plan-ölçü sənədlərinin verilməsidir. İddiaçı iddia tələbinin əsası kimi Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanılmış 23.08.1990-cı il tarixli icarə müqaviləsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 19b saylı bağ sahəsinə dair müvafiq plan və cizginin alınması ilə bağlı 22.05.2012-ci il tarixli, 1436 saylı ərizəsinə baxıldığı, bağ sahəsinə dair arxiv qovluğu idarədə aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının aparatının 28.10.2016-cı il tarixli, 7-5989/17 nömrəli məktubuna (sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri N.Məmmədov, arxiv işi üzrə böyük məsləhətçi R.Eldarova tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, Bağlar təsərrüfatı departamenti tərəfindən tərtib olunan protokollar BŞİH-nin arxivinə təhvil verilməmişdir, bu məsələ ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək məqsədəuyğundur, Bakı Şəhər İcra Hakimiyyətinin 1970-ci ilin onların axivində deyil, Milli Arxivin Bakı filialında qorunub saxlanılır. Bununla əlaqədar olaraq, işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müvafiq sorğu ünvanlanmış, sorğuya cavab olaraq (11.06.2021-ci il tarixli, BA 02510-2021 nömrəli) Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1970-ci il tarixli, 7 saylı qərarının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, Bakı şəhər X2 və İstismarı Birliyinin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, vətəndaşlarla Bağlar Təsərrüfatı arasında bağlanmış müqavilələr Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı, bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazı idarəsinə müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 0,25 hektar olan 19 b saylı bağ sahəsinin icarəyə verilməsi barədə 23.08.1990-cı il tarixli, 17707 nömrəli müqavilə cavabdeh inzibati orqanda mövcud olmamış, eyni zamanda Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının “icarə müqaviləsi” olaraq təqdim etdiyi sənədin arxiv əsası yoxdur. Belə olan halda cavabdeh inzibati orqanın və Dövlət Arxivinin Bakı filialında olmayan həmin sənədə məhkəmə tərəfindən hüquqmüəyyənedici sənəd kimi qiymət verilə bilməz. İddiaçının icarə müqaviləsi kimi məhkəməyə təqdim etdiyi sənədin tərtib edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsində qeyd edilmişdi ki, verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, plan-ölçü sənədlərinin verilməsi tələb edilən torpaq sahəsinin bağ sahəsi kimi iddiaçının 1990-cı ildən faktiki istifadəsində olması və 4 tərəfdən hasara alınması barədə iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqıqnda” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçının icarəsinə torpaq sahəsi verilərkən X2 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi barədə ayrıc aktı tərtib edilməmiş, sahənin plan və ölçüsü iddiaçıya təqdim edilməmişdir. İddiaçı X2 və İstismarı Birliyi ləğv edilənədək plan və ölçünün əldə edilməsi üçün təşəbbüs göstərməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan 23.08.1990-cı il tarixli, 17707 nömrəli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə 0,25 ha sahədən ibarət olan bağ sahəsi ilə əlaqədar olsa da, həmin müqavilənin 3-cü bəndində bağın torpaq sahəsinin ölçüsünün 0,12 hektardan artıq olmaması göstərilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı halda plan-ölçü sənədlərinin tərtib edilməsi cavabdehdən tələb edilən torpaq sahəsinin iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrılması və təhvil verilməsi, o cümlədən sahənin 1990-cı ildən iddiaçının faktiki istifadəsində olması barədə iş materiallarında mötəbər sübutlar olmadığından tələbin təmin edilməsi üçün faktiki və qanuni əsasların mövcudluğu müəyyən edilmədiyi üçün iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)- 1111/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar