Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-37/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin mövcud vəziyyətə uyğun olaraq onun adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən, 204ç/t saylı bağın 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 204 ç/t saylı bağın istifadəyə verilməsi barədə 33394 saylı müqavilə imzalanmışdır. Həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 29 oktyabr 2004-cü il tarixli 251 saylı qərarı əsasında 204 ç/t saylı müqaviləyə əsasən 0,12 ha olmaqla həmin torpaq sahəsi olan bağ iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə edir. Həmin bağ sahəsini rəsmiləşdirmək üçün iddiaçı 17 oktyabr 2019-cu il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək istifadəsində olan bağ sahəsinə plansxeminin tərtib edilməsini və həmin bağın daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasını xahiş etmişdir. Lakin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının ərizəsi təmin olunmamış və həmin cavab məktubunda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, 204 ç/t saylı bağ nömrəsinin sxematik xəritədə olmadığı qeyd edilmiş, həmçinin göstərilən sahənin bir hissəsinin digər şəxsin müraciəti ilə, bir hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Cavabdehin imtinası qanusuzdur və iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Həmin bağı hazırda da iddiaçı mübahisəsiz istifadə edir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 204 «ç/t» saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi "xxxx" MMC-yə məxsus, bir hissəsi isə digər vətəndaş X2 məxsus torpaq sahələri ilə üst-üstə düşür. Nəzərinizə çatdırırıq ki, 204 ç/t saylı bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə bağ sahələri sxemtaik plana uyğun hesablanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)- 570/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədi. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir və qeyd olunan 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə isə ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında imzalanmış «Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında» 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 hektar torpaq sahəsi olan 204 «ç/t» nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********49 saylı məktubda qeyd edilir: ünvan ünvanda yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 204 “ç/t” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçininin göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə, çox hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: İddiaçı iddia etdiyi, Bakı şəhəri, Pirşağı bağlar massivində yerləşən 204 ç/t saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Həmçinin vətəndaş tərəfindən naturada göstərilən torpaq sahəsinin sərhədləri şərti olduğundan və üzərində tikili olmadığından bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilərək tanıdılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İdarədə mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur. Həmçinin bağların bölgüsünə dair sxematik xəritənin göstərilən hissədə bağ nömrələri göstərilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İdarənin elektron-kadastr baza məlumatlarında və bağların bölgüsünə dair sxemaik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur və bağların bölgüsünə dair sxematik xəritənin göstərilən hissədə bağ nömrələri göstərilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubda qeyd olunur: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə hissəsinin olub-olmaması ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən bağ sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivindəki 204 ç/t saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyil. Araşdırma zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə 204 ç/t bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, bir hissəsi isə digər vətəndaşa məxsus torpaq sahələri ilə üst-üstə düşür. Nəzərinizə çatdırırıq ki, 204 ç/t saylı bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə bağ sahələri sxematik plana uyğun hasarlanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Həmçinin İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə əvvəlki müraciətində indi göstərdiyi sahənin cənubunda yerləşən hissəni iddia edirdi. Həmin sahənin bir hissəsi isə digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşürdü. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir” Apellyasiya baxışı zamanı məhkəmənin 28 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında imzalanmış «Pirşağı ərazisindəki 204 ç/t nömrəli bağın istifadəyə verilməsi haqqında» 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqaviləyə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin (döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək) naturada faktiki ölçüsü nə qədərdir ? - Qeyd edilən torpaq sahəsi elektron bazada başqa fiziki və ya hüquqi şəxsin adına hüquqi qeydiyyatdan keçmişdirmi? - 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin koordinatları hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşirmi, əgər yerləşirsə bu hansı tərəfdən və nə qədər təşkil edir? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5450 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən göstərilən faktiki sahənin sərhədlərini şərti olaraq 1200 kv.m təşkil etdiyi və sahənin üzərində tikili olmadığı müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən sözügedən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı, həmin hissədə sxematik xəritəyə əsasən bağ nömrəsinin əks olunmadığı, qeyd oluna əraziyə BİM-in və digər hüquqi və fiziki şəxslərin fərqli konfiqurasiyalarla müraciətlərinin mövcud olduğu və ümumi ərazinin dövlət mülkiyyəti torpağı olduğu müəyyən olundu Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən sözügedən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından sahənin sənəd üzrə hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşibyerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası bildirir ki, İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından iddiaçının iddia etdiyi sahənin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 204 ç/t saylı bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçı həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə etdiyini qeyd etsə də, mütəxəssis rəyi ilə müəyyən olunur ki, sahənin üzərində tikili mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-37/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-37/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver