Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-37/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb olunmaqla) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7354/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolu ilə iddiaçıya verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 600 kv.m olan 2/288 nömrəli bağ sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 288 ünvanında yerləşən 2 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə ayrılmışdır. Sözügedən bağ sahəsi 1999-cu il tarixdən hazırkı vaxta kimi qanuni əsaslarla iddiaçının sahibliyində və daimi istifadəsindədir. Həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu ilə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi və həmin torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi səbəbi ilə dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı qanunla tələb edilən sənədləri təqdim etmiş, lakin cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. İddiaçının iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmin vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə hər- hansı uyğunsuzluq aşkar edilməmişdir. Cavabdeh şablon xarakterli imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların iddiaçının hazırki işi ilə heç bir əlaqəsi yoxdur. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciətini qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim etdiyi sənədlərə etinasız yanaşaraq kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X6 və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı torpaq sahəsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxivində olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, 2/288-2/288a-1288/1288a nömrəli bağ evi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində X3 ayrılmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Əlavə olaraq, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən bağ evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Sənəd üzrə bağ evinin ölçüsü 208.51 kv.m qeyd edilsə də, faktiki 198.8 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********75 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7354/2023 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia tələbinin təmin edilməsi, H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 16 aprel 1999-cu il tarixli 10 nömrəli protokolu ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 600 kv.m olan 2/288 nömrəli bağ sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7354/2023 saylı qərarından narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin arxivində olan “Bahar” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində qeyd olunan şərt ödənilmir. Həmçinin, 2/288-2/288a-1288/1288a nömrəli bağ evi “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində X3 ayrılmış və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 378 nömrəli üzvlük kitabçasından görünür ki, H.Z.Tağıyev adına NQÇİ-də maşinist vəzifəsində işləmiş İddiaçı sahəsi 600 kv.m olan 2/288 saylı bağ sahəsi ayrılmışdır. - Cavabdehin arxivindən tələb edilmş H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 667 nömrəli üzvlük kitabçasından görünür ki, H.Z.Tağıyev adına NQÇİ-də MKT-də xadimə vəzifəsində işləmiş X1 2/288-2/288a saylı bağ sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin reyestrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 2/288-2/288a-1288/1288a nömrəli bağ evi X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Cavabdehin xx.xx.2023-ci il tarixli **********66 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, 2/288 nömrəli bağ sahəsi kimi göstərilən sahə faktiki olaraq 644,0 kv.m təşkil edir (üzərində tikililər mövcuddur). Torpaq sahəsinin konfiqurasiyası, koordinatları və faktiki naturada yerləşmə vəziyyəti barədə sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağçılıqyoldaşlıq təsərrüfatının ayrıc aktından kənar, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziləridir. Torpaq sahəsinin üzərində yerləşən tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Qeyd olunan torpaq sahələri ayrı-ayrı ərazidə yerləşir, üst-üstə düşmə halı yoxdur (2/288 nömrəli bağ sahəsi kimi göstərilən torpaq sahəsi 644,0 kv.m, 2/288- 2/288a saylı bağ sahəsi kimi qeyd edilən sahə isə 855,0 kv.m təşkil edir). Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh inzibati orqan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmamasını, torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsini, həmçinin 2/288 nömrəli torpaq sahəsinin eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər fiziki şəxsə ayrıldığını və həmin fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını göstərmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir. Mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir – 1999-cu ildən iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar edilməməsi H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı tərəfindən verilmiş 378 nömrəli üzvlük kitabçasının etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının üzvlük kitabçasına əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsaslarından biri odur ki, torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, 2/288 nömrəli torpaq sahəsi eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində digər fiziki şəxsə ayrılmışdır. Məhkəmə kollegiyası göstərilən dəlilə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi 2/288 nömrəli bağ sahəsi kimi göstərilən sahə faktiki olaraq 644,0 kv.m təşkil edir (üzərində tikililər mövcuddur). Torpaq sahəsinin konfiqurasiyası, koordinatları və faktiki naturada yerləşmə vəziyyəti barədə sxem əlavə olunmuşdur. Torpaq sahəsinin üzərində yerləşən tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Qeyd olunan torpaq sahələri ayrı-ayrı ərazidə yerləşir, üst-üstə düşmə halı yoxdur (2/288 nömrəli bağ sahəsi kimi göstərilən torpaq sahəsi 644,0 kv.m, 2/288- 2/288a saylı bağ sahəsi kimi qeyd edilən sahə isə 855,0 kv.m təşkil edir).” İşə baxılması zamanı tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticəsi olaraq verilmiş 28 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/9979/2024 saylı ekspert rəyində qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: 2/288 nömrəli bağ sahəsi kimi göstərilən torpaq sahəsi faktiki olaraq 644,0 kv.m təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Sahədə ikimərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Göstərilən 644,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Həmçinin, bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Torpaq sahəsinə vizual baxış zamanı iddiaçının istifadəsində olanı bağ sahəsində və həmin bağ sahəsinin yaxınlığında yerüstü işlək neft quyuları görsənmir. Lakin yeraltı neft quyularının olub-olmamasını aydınlaşdırmaq mümkün olmadı. Bununla bağlı aidiyyəti təşkilatın rəyinin alınması məqsədəmüvafiqdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. Son təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məlumatlarına əsasən torpaq sahəsinin yaxınlığında təqribən 40 m məsafədə (Buzovna- Maştağa) ləğv olunmuş quyu məlumatı mövcuddur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir. “Azneft” X4 və hidroqrafiya şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilir ki, ərazidə aparılan topoqrafik planalma işləri nəticəsində müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq olunmuş topoqrafik planda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 208 saylı sərəncamı ilə hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Buzovna-Maştağa yatağında qazılmış quyuların elektron baza məlumatlarına əsasən aparılan yoxlama nəticəsində sözügedən torpaq sahəsindən 39 m məsafədə 320 saylı ləğv olunmuş neft-qaz quyusunun mövcud olduğu aşkarlanmışdır. Sözügedən torpaq sahəsi İB-yə digər mühəndis-kommunikasiya qurğularının mühafizə zonasında yerləşmir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Bahar” b/y-nın 24 saylı bağ sahəsi X5 mülkiyyətindədir. ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2K saylı bağ evi X7 mülkiyyətindədir. Beləliklə, iş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşdən bağ sahələrinə dair müxtəlif fiziki şəxslərin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanının 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bundan başqa, cavabdeh qurumun təqdim etdiyi sənədlərdən və aparılan məhkəmə araşdırmalarından cavabdehin istinad etdiyi üzvlərin siyahısının, ayrıc aktının və digər aidiyyəti sənədlərin 1988-ci il tarixli olduğu görünür. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclas protokolundan müvafiq çıxarışa əsasən isə, iddiaçıya bağ sahəsi həmin dövrdə deyil, sonradan, yəni 1999-cu ildə verilmişdir. Belə olan halda, iddiaçının adı üzvlərin 1988-ci il tarixli siyahısında və ona verilmiş bağ sahəsi həmin tarixli ayrıc aktında ola bilməzdi. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısının və ayrıc aktının təzələnməməsi iddiaçının ziyanına şərh edilə, onun hazırkı iddiasının təmin olunmasını istisna edən hal qismində qiymətləndirilə bilməz. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən bağ sahələri məhz Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsindən onun tabeliyində olan müəssisənin işçilərinə bağçılıq məqsədilə ayrılmışdır. İddiaçı da Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisənin işçisi olmuşdur və bağ sahəsi də məhz ona verilmişdir. Qeyd olunan hüquqi mövqe kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə uyğundur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1416/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)- 2034/2022 nömrəli qərarları). Həmçinin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı ilə eyni faktiki və hüquqi vəziyyətdə olan digər iddiaçı X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” ilə bağlı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1607/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da hüquqi mövqe yuxarıdakı kimi sərgilənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(112)-7354/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-37/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-37/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver