Məhkəmə qərarları › İş №2-1(103)-370/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-370/2020

28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-370/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının ödənişinin davam etdirilməsi cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3752/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması barədə cavab məktubunun əsassız hesab edilməsi və 21.12.2018-ci il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə Daxili İşlər Nazirliyində 20 ildən çox işlədiyinə görə xidmət illərinə görə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra ona xidmət illərinə görə təyin edilmiş pensiyanı aldığı dövrdə 13 iyun 1995-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində işə qəbul olunmuş, 08 fevral 2006-cı il tarixindən Bakı Baş Gömrük idarəsində işləmişdir. 14 avqust 2018-ci il tarixindən isə X8 Baş inspektor vəzifəsində işləmişdir. 2018-ci ilin dekabr ayının 10-da öz ərizəsi ilə işdən azad olunmuşdur. Əmək pensiyası yaşına çatdığına görə ona “Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və 2019-cu ilin mart ayına kimi ödənilmişdir. Lakin iddiaçıya 1994-cü ildə təyin edilmiş xidmət illərinə görə pensiya dayandırılmadığına görə mart ayında həmin pensiyanın dayandırılması barədə iddiaçı özü ərizə ilə müraciət etmiş, xidmət illərinə görə pensiya onun pensiya kartına keçirilsə də, o onu almamışdır. Dövlət Sosial Müdafiə Fondunun məmuru qanunsuz olaraq hər iki pensiyanı dayandırmışdır. Ona görə də iddiaçı ƏƏSMN yanında Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etmiş, Xüsusi Şərtlərlə Təyinat idarəsinin rəisi Z.Mirzəyevin imzaladığı 17.05.2019-cu il tarixli **********3 saylı cavab məktubu ilə əsassız olaraq imtina edilmişdir. Belə ki, cavab məktubunda göstərilmişdir ki, iddiaçıya 21 dekabr 2018-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, aparılmış araşdırma zamanı iddiaçıya Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası ödənişi həyata keçirildiyi müəyyən olunmuşdur. Eyni zamanda cavab məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə dörə yenidən hesablanmır. İdarə tərəfindən pensiya ödənişi 2019-cu ilin 28 fevral tarixindən dayandırılmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, onların Qanunun bu maddəsinə istinad etmələri əsassızdır. Belə ki, iddiaçıya 1994-cü il tarixində yaşa görə əmək pensiyası deyil “Xidmət illərinə görə" pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra isə hərbi xidməti davam etdirməmişdir. Əmək kitabçasından da göründüyü kimi, Gömrük orqanlarında dövlət qulluğunda işləmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 6-cı maddəsinin tələbinə əsasən iddiaçının bir neçə pensiya almaq hüququnun olmasına baxmayaraq iddiaçı ancaq bir növ pensiyanı seçə bilər. Ona görə də iddiaçı yaşa görə dövlət qulluqçusu kimi təyin olunmuş pensiyanı seçmişdir. Həmin Qanunun 48-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya pensiyaçının əmək haqqı və digər gəlirləri olmasına baxmayaraq ödənilməlidir. Qanunun bu normasının tələbinə əsasən iddiaçı dövlət qulluğunda işlədiyi dövrdə xidmət illərinə görə təyin edilmiş pensiyanı da almışdır. 2018-ci ilin dekabr ayından pensiya yaşı çatdığı üçün iddiaçının hansı pensiyanı seçmək hüququ olduğuna görə yaşa görə dövlət qulluğu pensiyasını seçmişdir. Lakin dövlət məmurları tərəfindən məlum olmayan səbəbdən 28.02.2019-cu il tarixindən qanunsuz olaraq yaşa görə dövlət qulluğu pensiya ödənişi dayandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3752/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçıya 1994-cü ildən xidmət illərinə görə pensiya təyin edilmişdir. 13.06.1995-ci il tarixdən 10.12.2018-ci il tarixlərinə kimi Gömrük orqanlarında işləmiş və əmək pensiyası yaşı çatdığına görə 21.12.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş 2019-cu ilin mart ayına kimi ödənilmişdir. Pensiyanın dayandırılması ilə bağlı cavabdeh orqana müraciət etdikdə cavabdeh orqan 17.05.2019-cu il tarixdə cavab məktubu ilə pensiyanın bərpa edilməsindən imtina etmişdir. İmtinanın səbəbi kimi Naxçıvan Muxtar Respublikası DSMF tərəfindən əmək pensiyası ödənişi həyata keçirildiyi göstəriımişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının aldığı hər iki pensiyanın hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası olduğu,yəni digər əmək pensiyası növlərindən biri (əlillik və ailə başçısını itirməyə görə) olmadığı qənaətinə gəlib cavabdehin imtinasını qanuni hesab etmiş və iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının növləri müəyyən edilib: yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 2-ci maddəsinə əsasən 1. pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra, 2. əlilliyə görə, 3. onların ailələrinə isə ailə başçısını itirməyə görə pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin edilir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə görə, xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli, 499 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərmanının 2.4-cü maddəsinə əsasən Dövlət Gömrük Komitəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsindəki “müvafiq icra hakimiyyəti orqanları” na aid edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən xidməti illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; v) xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər; q) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normalarına əsasən hesab edir ki, iddiaçının aldığı hər iki pensiya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası olduğu üçün, yəni digər əmək pensiyası növlərindən biri-əlillik və ailə başçısını itirməyə görə pensiya növü olmadığı üçün onun pensiya seçmək hüququ olmamışdır, ona görə də cavabdeh tərəfindən düzgün olaraq onun pensiyası dayandırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3752/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar