Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-370/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Təhsildə Keyfiyyət Təminat Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) qarşı “xarici dövlətin ali təhsil sahəsində bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 1375/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Gürcüstan Texniki Universitetində Mühəndislik sahəsində İnşaat ixtisası üzrə əyani şöbəsini bitirməyinə dair 13.10.2017-ci il tarixdə verilmiş BD nömrəli 005922 saylı diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1375/2020 saylı 21 may 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,xx.xx.1994-cü ildə Qax rayonunun Güllük kəndində anadan olmuş və 2013-cü ildə Xırdalan şəhərindəki 1 saylı orta məktəbin rus bölməsini bitirmişdir. 2013-cü il tarixdən 2017-ci il tarixədək Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Gürcüstan Texniki Universitetində təhsil almışdır. Gürcüstan Texniki Universitetinin Mülki Mühəndislik fakültəsinin 30 avqust 2017-ci il tarixli, 114/17 saylı qərarına əsasən mühəndislik sahəsində inşaat ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülmüşdür və ona BD 005922 saylı bakalavr diplomu verilmişdir. Həmin təhsil müəssisəsi vahid dövlət elektron bazada qeydiyyata alınmışdır. 26.12.2017-ci il tarixdə diplom Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətinin İnkişafı Agentliyi tərəfindən **********070484 nömrə ilə təsdiq edilmişdir. Xarici ali təhsil ixtisasının Azərbaycanda tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 25.03.2019-cu il tarixli cavabı ilə ona Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların qiymətləndirilməsi meyarları və Prosedurları üzrə Tövsiyələr” in 5-ci hissəsinə və izahedici Memorandumun 36-cı və 37-ci paraqraflarına əsasən aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilmədiyini göstərərək, müracətinə imtina edilmişdir. O, Texniki Universitetdə gündüz təhsil almış və təhsillə bağlı təhsil aldığı müddətdə heç bir qaydanı pozmamışdır. Verilmiş proqramları yerinə yetirilmiş, ixtisasına yiyələnmişdir. Təhsil diplomuna əlavədə səhv olaraq tədris dilinin gürcü dilində olduğu qeyd edilmiş, əslində isə həmin universitetdə rus dilində təhsil almışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesifik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemli analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə aşadırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. Ekspert Qrupunun rəyinə əsasən İddiaçı müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Gürcüstan Texniki Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İddiaçı 4 il əyani təhsil müddətində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə 1-ci tədris ilində - 6 ay 24 gün, 2-ci tədris ilində -7 ay, 3-cü tədris ilində 1 ay 9 gün, 4-cü tədris ilində 7 ay 8 gün olmuşdur. Qeyd olunanlar əsasında iddiaçının adına ali məktəb tərəfindən verilmiş mütəxəssis diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1375/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onu qiyabi təhsil almadığını və əyani təhsilini də həm Gürcüstanda olmaqla, həm də öz ölkəsində distant təhsil qaydasında təhsilini davam etdirdiyini, lakin hazırda buna dair sənəd almağı üçün Gürcüstana getməli olduğunu və hazırda bunun mümkün olmadığını bildirməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Hazırkı məhkəmə qərarı ilə onun ədalətli məhkəmə araşdırması, çəkişmə və bərabərlik prinsipini pozmaqla yanaşı onun konstitusion hüquqlarını da kobudca pozmuşdur. Hazırda pandemiya ilə əlaqədar Gürcüstana getməyi və müvafiq sənədi almağı mümkün olmadığından məhkəmə sorğu ilə həmin sənədi ala biləcəyi halda bu sənədi almadan tələsik və əsassız qərar qəbul etmişdir. Həmçinin, dünyada baş vermiş pandemiya ilə əlaqədar Azərbaycan Universitetlərində də tətbiq olunan online dərslərlə 2020-ci ilin tələbləri yuxarıda qeyd edilən qanunlarla diplom aldığı təqdirdə onun distant təhsil almağına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 ay 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətrərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndini, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil standartlarına cavab vermədiyi əsası ilə imtina alması və məhkəmənin də əsassız iddianı rədd etməsi bərabərlik prinsipinə ziddir. Bütün bunlarla yanaşı cavabdeh inzibati orqan onun bilik səviyyəsinin hansı meyarlarla yoxlanmasına, bu zaman müvafiq ixtisas üzrə mütəxəssislərin cəlb olunmasına, aparılmış sual-cavabların sənədləşdirilməsinə və bu zaman ona müvafiq sənədlə tanış olmaq imkanının yaradılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh inzibati orqanın dəlillərindən fərqli olaraq ona tədris olunan fənləri hansı səviyyədə mənimsəmə məsələsinə qiymət verilməsi, bu inzibati orqanın deyil, təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aid olduğundan və o bu mərhələləri artıq həmin ölkədə başa vurduğundan cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən bu barədə dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1375/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İHHŞ Gürcüstan Texniki Universitetinin 29 sentyabr 2017-ci il tarixli 3079/05 nömrəli əmrdən görünür ki, İddiaçı 2013-cü ildə GTU-na qəbul edilmiş, rektor A.Pranqişvilinin əmri ilə ona İnşaat fakültəsinin bakalvriatının rusdili təhsil proqramının İxtisas Komissiyasının 30 avqust 2017-ci il tarixli qərarı ilə inşaat üzrə mühəndislik bakalavrı akademik dərəcəsi verilmiş kurs məzunlarına bakalavr diplomunun verilməsi əmr edilmişdir. Gürcüstan Texniki Universiteti tərəfindən 13.10.2017-cı ildə verilmiş BD № 005922 saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Mülki Mühəndislik fakültəsinin 30 avqust 2017-ci il tarixli 114/17 saylı qərarına əsasən mühəndislik sahəsində İnşaat ixtisası üzrə bakalvr dərəcəsinə layiq görülmüşdür. Sözügedən bakalavr diplomu Archil Prangişvili, dekan LEPL, Gürcüstan Texniki Universiteti rektoru və Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətinin İnkişafı Agentliyi tərəfindən apostil ilə 26.12.2017-ci il tarixdə təsdiq olunmuşdur. BDNo-005922 saylı diploma əlavədən görünür ki, İddiaçı inşaat ixtisası üzrə Mühəndislik sahəsində bakalavr dərəcəsini gürcü dilində və əyani oxuyaraq təhsilini almışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı BDNo-005922 saylı diploma əlavənin notarial qaydada təsdiq edilmiş tərcüməsini təqdim edərək bildirmişdir ki, əvvəlki diploma əlavədə texniki səhv olaraq tədris dili kimi gürcü dili qeyd edilmişdir, əslində isə tədris dili rus dili olmuşdur. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Texniki Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Eyni zamanda nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edimişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 ay 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətrərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə, eləcə də “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə (müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınmasıilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən 11E70A5E504 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqrammı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Lakin iş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Gürcüstanda) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Gürcüstan Texniki Universitetinin Mülki Mühəndislik fakültəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Gürcüstan Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında 2013-2017-ci illər haqqındakı qeydlərə -Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci kurs tələbəsi olarkən -6 ay 24 gün; 2-ci kursda-7 ay; 3-cü kursda-1 ay 9 gün; 4-cü kursda 7 ay 8 gün Gürcüstan ölkəsində olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır, bundan əlavə Gürcüstan Respublikasında aldığı təhsil Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarının qeyd olunan tələblərinə uyğun gəlmir əhəmiyyətli dərəcədə ondan fərqlənir. Beləliklə də müəyyən edilir ki, cavabdeh Nazirlik tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1375/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-370/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-370/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver