Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-370/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 02.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasında göstərilən iş stajını nəzərə almaqla pensiya hüququnun yarandığı tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd olunur ki, iddiaçı (İddiaçı) 8 sentyabr 1960-cı ildə doğulmuşdur. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2 sentyabr 1977-ci il tarixdən 2 oktyabr 1978-ci il tarixədək Şamaxı rayonunda sovxozda fəhlə işləmiş, 23 oktyabr 1978-ci il tarixdən 28 oktyabr 1980-ci il tarixədək hərbi xidmətdə olmuş, 28 may 1981-ci il tarixdən 13 dekabr 1983-cü il tarixədək dəmir emalı sahəsində işləmişdir. 30 noyabr 1983-cü il tarixdən 12 mart 1986-cı il tarixədək Mordoviya Dövlət Universitetində təhsil almış, 20 mart 1986-cı il tarixdən 29 iyun 1989-cu il tarixədək çilingər kimi çalışmış, 7 avqust 1989cu il tarixdən 1 oktyabr 2007-ci il tarixədək X1 “Lyuminisent lampaları sexi”ndə fəhlə, mühəndis-texnoloq və usta olaraq işləmişdir. Onun son iş yerində işləmiş olduğu peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»’nın “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsində (kod 1130000b-17541) göstərilmişdir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə iş stajının mövcud olmasını və 8 sentyabr 2012-ci il tarixdə, yəni 52 yaşına çatdıqda pensiya hüququnun yaranmasını nəzərə alaraq, cavabdehə ona pensiya təyin olunması üçün müvafiq ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan 8 yanvar 2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən və ona pensiya təyinatından imtina etmişdir. O, hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə Qanun qüvvəyə mindiyi günədək (1 yanvar 2006-cı il tarixədək) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı ilədək qüvvədə olan 1 və 2 nömrəli siyahılar əsasında müəyyən edilir. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər. Onun pensiya hüququ 8 sentyabr 2012-ci il tarixdə yaranmışdır və 30 il 4 gün ümumi iş stajı və 18 il 1 ay 24 gün zərərli işlərdə iş stajı var, iş stajı əmək kitabçasında öz əksini tapmışdır. İddiaçı 02.08.2021-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndələri X6, X5 və X4 əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmişlər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2- 1(112)-4740/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - РV seriyalı 385197 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1984 – 1989-cu illərdə Mordoviya Dövlət Universitetində təhsil almışdır - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 1978 – 1980-ci illərdə hərbi xidmətdə olmuşdur. - Ləğvetmə prosesində olan "xxxx" ASC-nin 27 noyabr 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: 1960-cı il təvəllüdlü İddiaçı 11 aprel 1989-cu il tarixdən "xxxx" X2 lampaları sexində mühəndis texnoloq kimi əmək fəaliyyətinə başlamış, 1 oktyabr 2007-ci il tarixədək həmin sexdə çalışmışdır (18 il 1 ay 24 gün). “Azərelektroişıq" İB-nin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Vətəndaşın əmək kitabçasında onun 1 oktyabr 2007-ci il tarixdə işdən azad olunması barədə qeyd vardır (əsas: AR Nazirlər Kabinetinin 418 saylı 19 fevral 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı). İddiaçı işi – usta, mühəndis-texnoloq kimi köməkçi fəhlə olaraq tam iş günü civə tətbiq etməklə civəili cihazlar hazırlamaqdan ibarət olmuşdur. Onun işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 1130000b-17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər) maddəsinə əsasən güzəştli pensiya hüququna malik hesab edilə bilər. - İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin sənəddə İddiaçı 2 sentyabr 1977-ci ildən 7 oktyabr 1978-ci il tarixədək, 28 may 1981-ci il tarixdən 13 dekabr 1983-cü il tarixədək, 1 yanvar 1987-ci il tarixdən 20 avqust 1987-ci il tarixədək, 7 sentyabr 1987-ci il tarixdən 1 oktyabr 2007-ci il tarixədək müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə iddiaçının 11.04.1989-cu il tarixdən LPO "xxxx" ASC-də işləməsini təsdiq edən sənədlərin surətlərinin, ümumiyyətlə iddiaçının işləmiş olduğu peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanaraq İşin obyektiv həlli məqsədilə iddiaçının 11.04.1989-cu il tarixdən LPO "xxxx" ASC-də işləməsini təsdiq edən sənədlərin surətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası ləğvetmə prosesində olan "xxxx" ASC-yə sorğu ünvanlanaraq işin obyektiv həlli məqsədilə iddiaçının 11.04.1989-cu il tarixdən LPO "xxxx" ASC-də işləməsini təsdiq edən sənədlərin, əmrlərin surətlərinin, ümumiyyətlə iddiaçının işləmiş olduğu peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 08 fevral 2022-ci il tarixli, BA-00640-2022 saylı cavab məktubunda qeyd edilmişdir ki, “LPO "xxxx" ASC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 11 fevral 2022-ci il tarixli, 4/276 saylı cavab məktubunda “LPO "xxxx" ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxvinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 fevral 2022-ci il tarixli, **********49 №-li cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 29.11.2001-ci il tarixli, 257 nömrəli sərəncamı ilə "Azərelektorişıq" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Eyni zamanda qeyd edilən digər məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğundur.” - LPO "xxxx" ASC-nin LP-04-0422 №-li , 18.04.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “İcraatınızda olan məhkəmə işi ilə əlaqədar vətəndaş İddiaçı oğlunun "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləməsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar vətəndaş İddiaçı "xxxx" ASC-də işləməsini təsdiq edən və cəmiyyətin arxivində mövcud olan T-2 formalı şəxsi vərəqənin təsdiq olunmuş surətini təqdim edirik. Eyni zamanda bildiririk ki, vətəndaş İddiaçı işlədiyi "xxxx" ASC-nin Lyuminisent lampaları sexində ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan, həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən İddiaçı həmin sexdə işlədiyi mühəndis-texnoloq, usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xusüslə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000b- 17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər) koduna uyğundur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1- dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsinin “b” bəndində civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər “1130000b – 17541” kodu ilə nəzərdə tutulmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq, LPO "xxxx" ASC-nin LP-04-0422 №-li , 18.04.2022-ci il tarixli cavab məktubunda da iddiaçının işlədiyi mühəndis-texnoloq, usta vəzifələrinin 1 nömrəli Siyahısının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000b- 17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər) koduna uyğun olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı 08.09.2012-ci il tarixdə 52 yaşı tamam olmuş və onun 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi stajı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı qeyd edir ki, 01 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Eyni zamanda cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2021- ci il tarixli, 2-1(112)-4740/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-370/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-370/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver