Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3700/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, artıq ödəmənin tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, artıq ödəmənin tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9240/2023 saylı 13 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçıya 1 yanvar 2006- cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Sonradan iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmış, səbəb kimi iddiaçıya 52 yaşının tamam olduğu tarixdən təyin olunmuş pensiyanın qanunazidd olduğu, güzəştli şərtlərlə ona əmək pensiyasının 57 yaşdan təyin olunmalı olduğu göstərilmiş və iddiaçıya artıq ödənilmiş 49670,70 manat pul vəsaitinin geri qaytarılması tələb olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə cavab olaraq bildirilmişdir ki, “Sizə xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyiniz Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun sizə dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz gəmi-gövdə təmirçisi peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajınız yoxdur. Əlavə olaraq bildiririk ki, işlədiyiniz vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də sizin 52 yaşınızın tamamlandığı tarixdən deyil, 57 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnuz vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə 1 yanvar 2006- cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 49670,70 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 49670,70 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.” İddiaçı ondan tələb olunan artıq pensiya ödənişi ilə bağlı hər ay pensiyasından müəyyən pul vəsaitinin tutulmasından narazı qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “xx.xx.2006- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmənin tutulmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda xx.xx.1975-ci ildən başlayaraq Gəmi Gövdə təmirçisi 2007-ci il tarixə kimi işləmişdir. İşlədiyi dövrdə tutduğu vəzifəsi Gəmi-gövdə təmirçisi olduğundan və o, gəminin baklarının, çənlərin gəminin anbarlarda, tarazlıq anbarlarında (qapalı şəraitdə), gəminin 2 qat alt hissələrində, gəminin kanalizasiya tullantıları yığılan çənlərdə qazla kəsmək, təmizləmək və yenidən yerinə qaynaq etmək əməliyyatını yerinə yetirirdi. Bunlar hamısı xüsusi riskli işlər idi və bu baxımdan Əmək şəraitinə görə ona 54 yaşından güzəştli pensiya təyin edilmişdir. Bununla bağlı hətta təqaüdə çıxan zaman Əmək və Əhalinin Sosial Nazirliyinin rəhbərliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən xüsusi komisiya yaradıldı və 23 yanvar 2007-ci il tarixdə həmin komissiya işlədiyi iş şəraiti ilə yerində tanış oldular və aktlaşdırdılar. Bundan başqa ona verilmiş arxiv arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gövdə-qaynaq bölməsinin Gövdə sahəsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləmişdir. xx.xx.1975-ci il “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunun Gövdə sexində 2-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsinə qəbul edilsin (Əmr 212 nömrəli 20.05.175-ci il tarixli), Sonra xx.xx.1977ci ildə 34 nömrəli, xx.xx.1977-ci il tarixli Əmrlə həmin zavodun Gövdə sexində 3-cü dərəcəli gəmi gövdə təmirçisi ixtisası dərəcəsini almışdır, xx.xx.1978-ci ildə 76 nömrəli, xx.xx.1978-ci il tarixli əmrlə həmin sexdə 4-ci dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsini almış, xx.xx.1982-ci ildə 59 nömrəli, xx.xx.1982-ci il tarixli əmrlə həmin sexdə 5ci dərəcəli gəmi gövdə təmirçisi ixtisas dərəcəsi almış, xx.xx.1992-ci ildə 33 nömrəli, xx.xx.1992-ci il tarixli əmrlə həmin sexdə 6- cı dərəcəli gəmi gövdə təmirçisi ixtisasını almışdır. Bundan sonra Azərbaycan Resublikası Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli 18 nömrəli Qərarı ilə həmin "xxxx" QSC “Zığ” Gəmi Təmiri Zavodu adlandırılmışdır. Bundan sonra xx.xx.2014-ci ildə 79 nömrəli, xx.xx.2014-ci il tarixli əmrlə həmin zavodun Gövdə-qaynaq sexində 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. Bundan sonra xx.xx.2016-cı il 1/k nömrəli, 2016-cı il tarixli əmrlə həmin zavodun Gövdə-qaynaq bölməsində 6-cı dərəcəli gəmi gövdə təmirçisi peşəsinə keçirilmişdir. Bundan sonra yəni xx.xx.2017-ci il, 151 saylı Əmrlə "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri Zavodunun adı dəyişdirilərək "xxxx" QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu adlandırılmışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixli, 129k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ilin yanvar ayına kimi pensiyasını tam olaraq alırdı, lakin yanvar ayından etibarən pensiyasinı heç bir xəbərdarlıq etmədən, heç bir məlumat verilmədən, onun iştirakı ilə hər hansı bir araşdırma aparılmadan, izahatı alınmadan pensiyası dayandırılmış, bunun səbəbini araşdırılması ilə bağlı etmiş olduğu müraciətə isə məhkəməyə təqdim etdiyi cavab məktubu verilmişdir. Bildirmək istəyir ki, cavabdehin göstərdiklərinin heç bir hüquqi əsası mövcud deyil, təyin edilmiş pensiya qanunvericiliyin tələblərinə uyğun olmuşdur, pensiyanın dayandırılması əsassızdır. Cavabdeh tərəf hər hansı bir inzibati icraat başlatmadan, bu barədə məlumat vermədən, izahatı alınmadan özləri qanunvericiliyin tələblərinə zidd olaraq addım atmaqla güzəştli şərtlərlə əmək pensiyasının icrasını dayandırmışlar. O, əmək şəraiti zərərli və ağır olan işdə işləyib və həmin zaman qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təminatı almışdır. Formal mülahizələrə əsaslanaraq bir tərəfli qaydada onun pensiyasının kəsilməsi qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən (“Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi tarixdən tez olmayaraq) Fondun Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sında ümumi peşələr bölməsində (12100000- XXİİİ ) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri (12100000—11618) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Fondun Yasamal rayon şöbəsinə təqdim etdiyi Zaqfederasiya adına Gəmi Təmiri Zavodunun ona dair arayışında xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə Gövdə-qaynaq sahəsində gəmi-gövdə təmirçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi-gövdə təmirçisi peşəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə güzəştli iş stajı yoxdur. Əlavə olaraq, iddiaçının işlədiyi vəzifə sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmuşdur. Bu səbəbdən də onun 52 yaşının tamamlandığı tarixdən deyil, 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 1 yanvar 2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 49670,70 manat artıq pul vəsaiti ödənilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9240/2023 saylı 13 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmənin tutulmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilərək tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdi ki, iddiaçıya təyin edilmiş pensiyadan tutulmalar son üç il üzrə- xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış və 49670,70 manat məbləğində hesablanmışdır. Belə ki, iddiaçı barəsində cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən iddiaçının pensiyası yenidən hesablanarkən buna səbəb kimi “Əmək pensiyaları haqqında Qanunun 37.3.1 (inventar) 39.1 maddəsinə əsasən məhdudlaşdırma”ya istinad olunmuşdur. Odur ki, iddiaçıya artıq hesablanmış və tələb olunan 49670,70 manat pul vəsaiti ona son 3 il üzrə hesablanmışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Eyni zamanda iddiaçı və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, həmçinin cavabdeh orqan tərəfindən qəbul edilən 15 mart 2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması barədə” qərarın da ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının 2-1(103)-3700/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə, iddiaçı mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarın onun hüquqlarına toxunduğunu apellyasiya instansiyası məhkəməsində bildiyi üçün həmin qərarı məhz bu instansiya məhkəməsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.1, 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2023cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2006-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” ilə bağlıdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki işdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmış, səbəb kimi iddiaçıya 52 yaşının tamam olduğu tarixdən təyin olunmuş pensiyanın qanunazidd olduğu, əslində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından (xx.xx.2010) təyin olunmalı olduğu göstərilməklə, iddiaçının ona ödənilmiş 49670,70 manat pul vəsaitindən əsassız faydalandığı və bunun Fonda vurulmuş zərər kimi qiymətləndirildiyi, ödənilmiş pul vəsaitinin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçıya təyin edilmiş pensiyadan tutulmalar son üç il üzrə- xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aparılmış və 49670,70 manat məbləğində hesablanmışdır. Belə ki, iddiaçı barəsində cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərardan görünür ki, iddiaçının pensiyası yenidən hesablanarkən buna səbəb kimi “Əmək pensiyaları haqqında Qanunun 37.3.1 (inventar) 39.1 maddəsinə əsasən məhdudlaşdırma”ya istinad olunmuşdur. İşdə iştirak edən cavabdeh qurumun nümayəndəsi Timur Kərimov izahatında bildirmişdir ki, iddiaçıya artıq hesablanmış və tələb olunan 49670,70 manat pul vəsaiti ona son 3 il üzrə hesablanmışdır. Aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçıya vaxtilə təyin olunmuş pensiyanın məbləğinin artıq hesablanması ilə bağlı araşdırmalar cavabdeh qurumun öz təşəbbüsü ilə həyata keçirilmiş və bu araşdırmalar zamanı iddiaçının iştirakı təmin olunmamış, inzibati icraat qanunvericiliyin tələblərinə riayət olunmaqla aparılmamışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 49670,70 manat artıq ödəmənin geri qaytarılmasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan 49670,70 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Həmçinin belə artıq ödəmələrin iddiaçının təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Apellyasiya baxışı zamanı cavabdeh qurumun xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya təyin edilmiş pensiyadan tutulmaların son üç il üzrə (ƏPQ-nun 37.3.1 və 39.1-ci maddələrinə əsasən) aparıldığı və 49670,70 manat məbləğində artıq ödəmənin hesablandığı müəyyən olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar ləğv edilməklə və son üç il ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmə” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9240/2023 saylı 13 iyul 2023-cü il tarixli qərarı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar ləğv edilməklə və son üç il ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmə” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9240/2023 saylı 13 iyul 2023-cü il tarixli qərarı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərar ləğv edilməklə və son üç il ərzində müəyyən edilmiş 49670,70 manat artıq ödəmə” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3700/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3700/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver