Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3700/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1 ödəyicisidir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********188800 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir.
3. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 26598,30 manat əlavə gəlir vergisi hesablanmışdır.
4. İddiaçı dəqiqləşmiş bəyannamə təqim etmiş, cavabdeh yenindən xx.xx.2023-cü il tarixli, **********188100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarla iddiaçıya 27852,90 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərarla cavabdehin xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli qərarı ləğv edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və 12 oktyabr 2023-cü il tarixli **********188100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində mebel istehsalı və təmiri fəaliyyəti ilə məşğul olur. Vergi orqanı onu əsassız olaraq riskli vergi ödəyicisi siyahısına salmışdır. O, xammalı bazardan alıb mebel istehsal edir. Cavabdehə müraciət etsə də, vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub ünvanlanmışdır. Bu isə onun fəaliyyətinin davam etdirilməsinə çətinliklər yaratmışdır..
7. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, hazırda mübahisə predmetini təşkil edən hesablama bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn məsələ ilə bağlıdır. Aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cəmi 49858,0 manat dəyərində mebel təqdim edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********188800 nömrəli Qərar qəbul edilmişdir. İddiaçı tərəfindən istər inzibati orqana, istərsə də məhkəməyə tərəfindən həyata keçirilmiş əməliyyatlarla bağlı hər hansı sənəd təqdim edilmədiyindən, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün əsas mövcud deyildir. İddiaçı öz ərizəsində heç bir əsas göstərmədən barəsində qəbul edilmiş kameral vergi yoxlamasına dair Qərarın ləğv edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi, həmçinin uçot-baza üzrə 178966,00 manat məbləğində elektron qaimə fakturaların təqdim edilməsinə baxmayaraq, dövriyyə məbləğinin azaldılmaqla göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********633000 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 26598,30 manat əlavə vergi məbləği hesablanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 12 oktyabr 2023-cü il tarixli **********188100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməsi, İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş elektron çıxarışdan müəyyən edilir ki, istinad edilən tarixlərdə iddiaçı “mebel” deyil, “mebel təmiri” növündə əməliyyat təqdim etmişdir. Yəni iddiaçı cavabdehin istinad etdiyi kimi mebel satışı deyil, mebel təmiri fəaliyyəti üzrə əməliyyatlar aparmışdır. Qeyd olunmalıdır ki, iddiaçının əsas fəaliyyəti mebel təmiri və mebel istehsalıdır. Mebel təmiri xidmət növü olmaqla, göstərilən xidmət mülki hüquq normalarına əsasən podrat münasibətləri sayılır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqavilənin isə şifahi qaydada bağlanması mülki hüquq normalarına görə mümkündür. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmiş, nəticədə əsassız olaraq iddiaçını riskli vergi ödəyicisi hesab edərək, iddiaçıya mikro sahibkar kimi 75% güzəşt tətbiq etməmiş, əlavə vergi məbləği hesablamışdır.
10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş riskli elektron qaimə-fakturalar üzrə malın adı qrafasında “Mebel” qeyd edilmiş və həmin qaimələr iddiaçı tərəfindən doldurulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətdə iddiaçı “mebel istehsalı və təmiri” fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir. Göründüyü kimi, iddiaçı bilavasitə istehsal fəaliyyəti ilə məşğul olmuşdur və riskli qaimə- fakturalar üzrə qeyd olunmuş mebellər onun tərəfindən istehsal edilərək digər vergi ödəyicisinə təqdim edilmişdir. Lakin məhkəmə iddiaçının yalnız mebel təmiri ilə məşğul olduğunu qeyd etmiş, bu səbəbdən də istehsal fəaliyyəti ilə bağlı xammalın kimlərdən, hansı qaydada əldə edilməsinə dair iddiaçıdan hər hansı dəlil tələb etməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi anlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov - sədrlik edən və məruzəçi, S.R.Səlimova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2025-ci il tarixli, 2-1(102)-62/2025 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, apellyasiya şikayətinin rədd edilərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. 102.1.30. bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
20. Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.
4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:
4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;
4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1,2.2.2-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
35. Hazırki işdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi, eyni zamandan onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmasnı tələb edir.
36. Cavabdeh orqan isə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən, gəlir vergisi hesablamışdır.
37. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1 ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********188800 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 26598,30 manat əlavə gəlir vergisi hesablanmışdır. İddiaçı dəqiqləşmiş bəyannamə təqim etmiş, cavabdeh yenindən xx.xx.2023-cü il tarixli, **********188100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarla iddiaçıya 27852,90 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərarla cavabdehin xx.xx.2023-cü il tarixli, **********043200 nömrəli qərarı ləğv edilmişdir.
38. İşin apellyasiya baxışı zamanı Ali Məhkəmənin tövsiyyələri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir.
39. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə cəmi 178.966 manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə “Mebel” satılmasına baxmayaraq, satış gününə qədər olan alışında və idxalında malların olması müəyyən edilməmişdir. Buna görə də vergi ödəyicisi riskli hesab edilmiş və barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli müvafiq qərar vergi ödəyicisinin elektron qutusuna yerləşdirilmişdir. Vergi ödəyicisinin riskli siyahıdan çıxarılması Qaydaların 4.5-ci maddəsi əsasənda həyata keçirilir.
40. Vergi orqanı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 2022-ci ili əhatə edən dəqiqləşdirilmiş (vergi ödəyicisi tərəfindən) bəyannaməyə baxış keçirilərkən, müəyyən edilmişdir ki, bəyannamədə vergi ödəyicisinin əsas fəaliyyət növü “mebellərin və ev üçün oxşar məmulatların təmiri” göstərilmiş və göstərilən xidmətlərə müqabilində təqdim edilmiş malların dəyəri 153,874 manat, xidmətlərin göstərilməsi üçün xərclərin 1.644 manat(1.044 manat sosial sığorta haqları + 600 manat icarə haqqı) olmuşdur. İddiaçı mikrosahibkar olduğundan 152,230 manat vergiyə cəlb edilən gəlirin 75% olan 114,172.50 manatı çıxıldıqdan sonra yerdə qalan 38,057.50 manatın 20 % olan 7.611,50 manat ödənilməli olan vergilərinin olmasını müəyyən etmişdir.
41. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli elektron qaimələrin surətindən görünür ki, mebellərin təmiri ilə bağlı "xxxx" MMC tərəfindən İddiaçı hesabına pul köçürülmüşdür. 42.Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" MMC-nin qanuni təmsilçisi X3 ifadə verərək, bilridmişdir ki, təmsil etdiyi MMC-nin müxtəlif ünvanlarda yerləşən qeyriyaşayış sahələrinə İddiaçı tərəfindən rəflər və digər oxşar məmulatlar quraşdırılmışdır. Təmir üçün tələb edilən məmulatlar MMC-nin vəsaiti hesabına İddiaçı tərəfindən alınaraq həmin qeyri-yaşayış sahələrinə quraşdırılmışdır. Həmin əşyalar hazır formada deyildilər və həmin obyektlərdə yığılırdılar.
43. Göründüyü kimi vergi ödəyicisi tərəfindən mebel təmiri həyata keçirilməsinə, 2022-ci ildə dəqiqləşdirilmiş bəyannamədə mebel təmiri ilə bağlı ödənişlərin edilməsinə baxmayaraq, vergi orqanı iddiaçının mebel istehsalı ilə, məhkəməyə təqdim etdiyi etirazında isə iddiaçının mebelin idxal etməsinə istinad edərək, X5 riskli vergi ödəyicisi hesab etmiş və barəsində riskli vergi ödəyicisi hesab edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olan qərarın əsasında Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin ona tətbiq etməməli olması qanaətə gəlmişdir.
44. Qeyd olunan araşdırmanın nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mebel təmiri ilə məşğul olduğu halda 2022-ci ildə vergi orqanı tərəfindən idxalçı kimi qəbul edilmiş və riskli vergi siyahısına salınmışdır. Bu isə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 4.5.1-ci bəndinə əsasən əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığına dəlalət edir.
45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hesablamanın əsası kimi iddiaçının 75% güzəşt hüququnun məhdudlaşdırılmasının hüquqi əsası olmadığından iddiaçı riskli vergi ödəyicilərin siyahısından çıxarılmalı və 12 oktyabr 2023-cü il tarixli **********188100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsassızdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutları hərtərəfli araşdırılmış, onlara düzgün hüquqi qiymət verilmiş və iddia əsaslı olaraq təmin edilmişdir.
47. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14670/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.