Məhkəmə qərarları › İş №2-1(103)-3705/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3705/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3705/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Səbail rayon İcra Şöbəsinə qarşı “avtomobilin üzərindəki məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Səbail rayon İcra Şöbəsinə qarşı «avtomobilin üzərindəki məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12132/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Səbail rayon İcra Şöbəsinə qarşı «Mercedes E220 CDİ markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin üzərində olan məhdudiyyətin götürülməsi barədə müvafiq aktın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilməsi vəzifəsinin Səbail və Yasamal rayon İcra Şöbəsinə həvalə edilməsi» barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12132/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Səbail və Yasamal rayon İcra Şöbələri inzibati orqan hesab edilir. “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Ədliyyə Nazirliyinin İcra Xidməti inzibati orqan hesab edilir. İddia ərizəsində göstərildiyi kimi, məhkəmələrin qətnamələri qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra orqanlarına göndərilmişdir. Həmin icra orqanları isə qətnamələrdə göstərilən tələbləri icra ediblər. Lakin Səbail və Yasamal İcra Şöbələri “icra məktubu” ilə avtomobilin üzərinə məhdudiyyət qoymuşlar. xx.xx.2022-ci il tarixində hər iki icra şöbəsinə müraciət edərək məhkəmə qətnaməsi icra edildiyi üçün avtomobilin üzərindəki məhdudiyyətin götürülməsini xahiş etmişdir. Lakin icra şöbələri bundan qanunsuz olaraq imtina etmişlər. İnzibati orqanın qanunsuz hərəkəti mübahisələndirilmişdir. Məhkəmə isə bu hala düzgün qiymət verməmiş, mübahisənin məhkəmə qətnaməsinin icra edilməməsi və ya icra edilməsi ilə bağlı mübahisə olduğu qənaətinə gəlmişdir. Halbuki mübahisə inzibati orqanın hərəkətsizliyi nəticəsində yaranmışdır. Avtomobilin üzərində olan məhdudiyyətlərin götürülməsi üçün dəfələrlə Səbail və Yasamal rayon İcra Şöbələrinə etdiyi müraciətlərə baxmayaraq heç bir nəticə olmamışdır. xx.xx.2022-ci il tarixində hər iki icra şöbəsinə göndərdiyi ərizəyə Yasamal rayon İcra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində cavab verilmiş və mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsi tövsiyə edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinə və Səbail rayon Məhkəməsinə müraciət edərək qətnamənin təkrar icraya yönəldilməsi və ya icraya dönüş verilməsini xahiş etsə də, heç bir nəticə olmamış və mübahisənin məhkəmədə həll edilməli olması bildirilmişdir. İcra şöbələri məhkəmə qətnamələrini tam icra etdiklərini bildirir, lakin avtomobilin üzərindəki məhdudiyyəti götürmək istəmir. Ali Məhkəmə qətnamələrin icrası ilə bağlı mübahisələrin müvafiq rayon məhkəmələri tərəfindən baxılmasını tövsiyə etmişdir. Lakin bu mübahisə məhkəmə qətnaməsinin və ya digər icra sənədinin icrası ilə bağlı deyil, inzibati orqanın hərəkətsizliyidir. Tərəflərin izahatları xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, cavabdehlər Yasamal rayon İcra və Probasoya Şöbəsinin və Səbail rayon İcra və Probasoya Şöbəsinin icra məmurlarının və 3-cü şəxs Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 523/2020 saylı 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə X4 ilə X5 arasında “Mercedes E220 CDİ” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış “nəqliyyat vasitəsinin alqı-satqısı haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobilin X4 ilə X1 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakı hesab edilməsi və həmin əmlakların ½ ((ikidə bir) 50%) hissəsinə X2, digər ½ ((ikidə bir) 50%) hissəsinə isə X1 mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5276/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 523/2020 saylı 14 fevral 2020-ci il tarixli qətnaməsi ““Mercedes E220 CDİ” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 ilə X1 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakı hesab edilməsi və həmin əmlakların ½ ((ikidə bir) 50%) hissəsinə X2, digər ½ ((ikidə bir) 50%) hissəsinə isə X1 mülkiyyət hüquqlarının tanınması” hissəsində ləğv olunmuş, həmin hissədə X1 iddia tələbinin təmin olunmaması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-647/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5276/2021 saylı 16 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-5276/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnamənin icrası ilə bağlı icra sənədi verilmişdir. Həmin icra sənədini Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərmişdir. Bununla bağlı icra sənədində qeyd olunan avtomobil üzərinə məhdudiyyət qoyulmuşdur. Hazırda iddiaçı cavabdeh inzibati orqanlardan “Mercedes E220 CDİ markalı, ** VN *** dövlət nömrə nişanlı avtomobilin üzərində olan məhdudiyyətin götürülməsi”ni tələb edir. İşə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki tələbə inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmetini Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5276/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi təşkil edir. Yəni, iddiaçının müvafiq avtomobil üzərindən götürülməsini tələb etdiyi məhdudiyyət məhkəmənin 2(103)-5276/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu əsasında Baş X11 İdarəsi tərəfindən qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” MPM-də olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir». İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır. Həmin Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin dilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, «İcra haqqında» Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının qeyri-mümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə olan halda bu barədə qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər əsassız olub qəbul edilməməli, buna görə də məhkəmə qərardadının ləğvi üçün əsas yaranmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12132/2022 saylı 03 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar