Məhkəmə qərarları › İş №2-1(103)-3706/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3706/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3706/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7320/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi və müvafiq məsul vəzifəli şəxslərin günahı ucbatından ona vaxtında müharibə veteranı adının və vəsiqəsinin verilməməsinə görə 6 ay ərzində işlədiyi hər ay üçün ondan tutulmuş 56 manat məbləğində gəlir vergisinin (cəmi 336 manat) və hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə çağırılmış və N №-li hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 246 №-li, xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2712 №-li sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Lakin bu günədək ona “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Nəticədə AR Müdafiə Nazirliyinin müvafiq məsul vəzifəli şəxslərinin günahı ucbatından müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünü ala bilmir və maaşından əsassız olaraq vergi tutulur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat azaldılır. O, isə 6 aydır ki, hər ay 56 manat artıq vergi ödəyir. (400 manat :14 %=56 manat). İddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsi verilməsinə və AR Müdafiə Nazirliyinin müvafiq məsul vəzifəli şəxslərinin günahı ucbatından ona vaxtında müharibə veteranı adının və vəsiqəsinin verilməməsinə görə 6 ay ərzində işlədiyi hər ay üçün tutulmuş 56 manat məbləğində gəlir vergisinin (cəmi 336 manat) ona ödənilməsinə göstəriş verilməsini xahiş etdi. Lakin müraciəti bu günə qədər cavablandırılmamış və nəticəsiz qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı komissiyaya müraciət etmədən və komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd edilən hüquq normalarının mənasından da göründüyü kimi, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7320/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddiaya etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətinə əlavə verərək göstərmişdir ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinə İddiaçı barədə sorğu göndərmiş, həmin sorğu xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilmiş, xx.xx.2023-cü il tarixli komissiyanının cavab məktubunda vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona “Müharibə veteranı” adı verildiyi bildirilmişdir. Bununla da iddiaçının hüquq və qanuni mənafeylərini pozan hər hansı inzibati akt qəbul edilmədiyindən müraciətlə əlaqədar inzibati orqan tərəfindən hərəkətsizlik edilmədiyindən və işə birinci instansiya məhkəməsində baxılarkən inzibati akt qəbul edilmədiyindən məhkəmə iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı ona cavabdeh tərəfindən “Müharibə veteranı” adı verilməsi ilə bağlı qərar qəbul eidldiyindən, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə əlavədən, o cümlədən iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından müəyyən olunur ki, İddiaçı “Müharibə” veteranı” adı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar