Məhkəmə qərarları › İş №2-1(103)-3706/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3706/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3706/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə X5 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9738/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan “1900ç” saylı bağ sahəsinin üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin bağ sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətlə məhkəməyə müraciət edərək, onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi bağ sahəsi onun mərhum babası X7 məxsus olan 1896 saylı 0,24 ha ölçüsündə bağ sahəsidir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X15 arasında bağlanmış "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 13 yanvar 1967-ci il tarixli, 13709 saylı müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 127 №-li bağ sahəsi xx.xx.1967-ci ildən xx.xx.1973-cü ilədək X12 icarəyə verilmişdir. Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsi X10 istifadəsinə verilmiş və İdarənin mütəxəssisləri tərəfindən 127/1896 №li bağ torpaq sahəsinin planı tərtib olunmuşdur. Babası X8 xx.xx.1988-ci il tarixdə öldüyündən, sonuncunun qızı - onun anası X11 mirasın qəbul edilməsi ilə əlaqədar Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı müqaviləsində qeyd olunan X15 ilə babası X6 eyni şəxs olması müəyyən edilmişdir. Hesab edir ki, həmin mübahisə predmeti və qəbul edilən məhkəmə qərarı onun maraqlarına toxunduğundan, iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-9738/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə X2nın üçüncü şəxsin cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan X2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9738/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və vəsatətinin təmin edilərək onun həmin inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə öhdəliyin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbi ilə məhkəmədən cavabdehin üzərinə onun adına verilmiş 1900ç saylı bağ sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. İddiaçının iddia etdiyi bağ sahəsi onun mərhum babası X7 məxsus olan 1896 saylı 0,24 ha ölçüsündə bağ sahəsidir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X15 arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” 13 yanvar 1967-ci il tarixli, 13709 saylı müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 127 №-li bağ sahəsi xx.xx.1967-ci ildən xx.xx.1973-cü ilədək X12 icarəyə verilmişdir. Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsi X10 istifadəsinə verilmiş və İdarənin mütəxəssisləri tərəfindən 127/1896 №li bağ torpaq sahəsinin planı tərtib olunmuşdur. Babası X8 xx.xx.1988-ci il tarixdə vəfat etdiyindən, sonuncunun qızı - onun anası X11 mirasın qəbul edilməsi ilə əlaqədar Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı müqaviləsində qeyd olunan X15 ilə babası X6 eyni şəxs olması müəyyən edilmişdir. Həmin mübahisə predmeti və qəbul edilən məhkəmə qərarı onun maraqlarına toxunduğundan, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9738/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə vəsatətinin təmin edilməməsinə dair qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş üzrə vəsatəti təmin edilməklə onun həmin inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilməsinə dair yeni qərardad qəbul edilməlidir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya qeyd olunan bağ sahəsinə dair hüquqların mərhum X7 (sənəddə X15 qeyd olunsa da, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır) məxsus olması barədə 18 noyabr 2019-cu il tarixli **********94 saylı arayış təqdim edərək, həmin arayışa bağ sahəsinə dair hüququ təsdiq edən müqavilənin təqdiqlənmiş surətini əlavə etmişdir. Əgər cavabdeh olan inzibati orqanda qeyd olunan bağ sahəsinə dair mərhumla bağlanmış müqavilənin ləğv edilməsinə dair hər hansı bir məlumat olsa idi, cavabdeh orqan həmin arayışı təqdim etməzdi və ya etirazının dəlillərində bununla bağlı mövqeyini bildirərdi. Lakin işin hallarından bu, müəyyən edilmir. İddia tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: X3 apellyasiya şikayətində qeyd olunan dəlilinə iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X17) “məxsusluq arayışının verilməsi” tələbinə dair inzibati işi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 2-1(102)-2862/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ilə iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X17) “məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında səhvən belə qənaətə gəlmişdir ki, iddiaçının mərhum babası sözügedən bağ sahəsinin qanuni istifadəçisi olmuş, vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etmiş, lakin çıxarış almadan öldüyü üçün iddiaçı onun qanun üzrə vərəsə kimi haqlı olaraq hazırkı iddianı irəli sürmək hüququ vardır (55, səh. 12). Lakin işdə oan sənədlərlə müəyyən olunur ki, mərhum H.Ağayev sağikən sözügedən xx.xx.1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsinin icarə haqqını ödəməməklə icarə müqaviləsinin 12-ci bəndinin tələbini pozmuşdur ki, bu da həmin icarə müqaviləsinin adıçəkilən bəndinin şərtinə görə, icarə müqaviləsinin ləğv edilməsi anlamına gəlir. Eyni zamanda işdən görünür ki, xx.xx.1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsinin müddəti xx.xx.1983-cü il tarixində bitdiyi halda, H.Ağayevlə xx.xx.1983-cü il tarixdən sonra onun vəfat etdiyi 1988-ci il tarixinə qədər iddia edilən bağ sahəsinə dair hər hansı bir yeni icarə müqaviləsi bağlanmamışdır (66-67, səh. 13). Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəmə Kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab etmişdir ki, H.Ağayevə sözügedən bağ sahəsinin ayrılması barədə heç bir ayrıc aktı işdə yoxdur, yəni H.Ağayevin iddia edilən bağ sahəsinin “Bağlar təsərrüfatı idarəsi”ndən fiziki olaraq naturada təhvil-təslim olmasına dair hər hansı bir rəsmi sənəd mövcud deyildir (68, səh. 13). X3 apellyasiya şikayətində qeyd etdiyi sonuncunun mərhum babası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olması və X3 babası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsi dəlili ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi bildirmişdir ki, bu tamamilə əsassız olmaqla, hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmır (69, səh. 13). X3 apellyasiya şikayətində qeyd etdiyi “127/1896 saylı bağ torpaq sahəsinin planı tərtib olunması” ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qərarında bildirmişdir ki, sözügedən kağızın kim tərəfindən tərtib və təsdiq edilməsi, həmin ərazinin harada yerləşməsi bəlli deyildir. Bu cür kağız sənəd, xüsusilə də mötəbər sübut kimi qiymətləndirilə bilməz (71-72, səh. 13). Mərdəkan qəsəbəsində yerləşən 1896 saylı 0,24 ha olan bağ sahəsinin mövcud olan sxematik xəritəsi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməsi səbəbindən yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi bağ sahəsi üzrə hər hansı mötəbər sənədlər iddiaçıda olmadığından, o, iddia etdiyi torpaq sahəsini yalnız vizual şəkildə göstərir və bildirir ki, məhz bu vizual şəkildə göstərilmiş torpaq sahəsi 1896 saylı 0,24 ha torpaq sahəsi olmaqla, onun mərhum babasının icarəsində olmuşdur (81-82, səh. 14). X3 apellyasiya şikayətində qeyd etdiyi “ekspert və mütəxəssis rəyləri” ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi öz qərarında bildirmişdir ki, ekspert rəyində, mütəxəssisin rəyinə istinadən göstərilmişdir ki, bağ sahələrinin yerləşmə və bölgü sxemində 1900ç saylı bağ sahəsinin mövcudluğu barədə məlumatın olmadığı müəyyən edilir. 1900 saylı bağ sahəsinin isə mübahisəli sahədən təqribən 100 metr cənub tərəfdə qeydiyyatdan keçdiyi müəyyən olunur. Odur ki, həmin bağ sahəsinin 1896 saylı bağ sahəsi ilə üst-üstə düşmə faktının müəyyən edilməsi mümkün olmamışdır (83, səh. 15). Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən etmişdir ki, onun bağ sahəsi ilə bağlı sənədlərində müəyyən əskiklərin olmasının X4 heç bir aidiyyəti yoxdur (86, səh. 15). Bu səbəbdən də, X3 iddia tələbi ilə məhkəməyə müraciət etmək subyektiv hüququ yoxdur (87, səh. 15). Məhz bu səbəbdən də, Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia çərçivəsində X1 hüququnun olmaması müəyyən edilmişdir. Mübahisə predmeti torpaq sahəsinə hər hansı şəxsin iddia etməsi (bir halda ki, subyektiv hüququnun mövcud olmaması müəyyən edilmişdir) özlüyündə onun üçüncü şəxs qismində cəlb edilməsi üçün yetərli sayıla bilməz. Bu məsələyə formal yanaşılması, yəni şəxsin əsassız olaraq məhkəmə icraatına cəlb edilməsi, iddiaçının qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilər. Bütün yuxarıda qeyd olunanlar onu göstərir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati iş X3 hər hansı hüquqlarına və qanuni mənafelərinə toxunmur və X5 ilə hər hansı əlaqəsi yoxdur. Belə olan halda işə baxan Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən, hər hansı maddi və prosessual hüquq normalarını pozmamış, ədalətli, əsaslı və qanuni qərardad qəbul etmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin oluna bilməz. Apellyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və ərizəçi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı:

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı:

1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-77/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X17) qarşı “məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri ZDS Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında bağlanmış 29 may 1974-cü il tarixli, 13709 saylı icarə müqaviləsi əsasında X10 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,24 ha olan, 1896 №-li bağ sahəsinə mülkiyyət hüququnun iddiaçı X3 mərhum babası X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1894/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2862/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs Nazimə Cəfərovanın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2-1(103)- 1894/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamış, kassasiya şikayətləri qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarından görünür ki, X3 mübahisə predmeti olan əmlaka dair subyektiv hüququnun olub-olmamasına Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və həmin iddia çərçivəsində X1 hüququnun olmaması müəyyən edilmişdir. Belə ki, qeyd olunan qərarla müəyyən edilmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur (bənd 87). Qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin iddia tələbindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı mübahisə X3 qanunla qorunan maraqlarına toxunmur. Mübahisə predmeti olan torpaq sahəsinə hər hansı şəxsin iddia etməsi (bir halda ki, subyektiv hüququnun mövcud olmaması müəyyən edilmişdir) özlüyündə onun üçüncü şəxs qismində cəlb edilməsi üçün yetərli sayıla bilməz. Bu məsələyə formal yanaşılması, yəni şəxsin əsassız olaraq məhkəmə icraatına cəlb edilməsi, iddiaçının qanunla qorunan maraqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, X3 üçüncü şəxs qismində icraata cəlb edilməli olduğu hal müəyyən edilmir, onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, vəsatət əsassızdır, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9738/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar