Məhkəmə qərarları › İş №2-1(103)-3707/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3707/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3707/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9801/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, şəhid ailəsi üzvü olduğuna və anadangəlmə əlliliyə görə pensiya məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün 19 noyabr 2010-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək 8207.52 manat məbləğinin bütöv şəkilində ödənilməsini öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “şəhid ailəsi üzvü olduğuna görə ona təyin olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün 19 noyabr 2010-cu il tarixindən 31 mart 2022-ci il tarixinədək 8207.52 manat məbləğinin ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi” olaraq dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə anadan olmuş, 2001-ci ildə, yəni 10 yaşı olanda ümumi xəstəlik səbəbindən sol böyrəyinin xroniki pielonefriti aşkar olunmuşdur. Bu səbəbdən Dövlət Sosial Müdafiə Fondunun Nazirliyi tərəfindən ona müddətsiz əllilik təyin edilərək ayda 57 manat məbləğində əlliliyə görə pensiya ödənilirdi. Həmin dövrdən bu vaxta qədər əlliliyə görə pensiya məbləği 426 manat təşkil edir. Daha sonra isə onda 04 noyabr 2021-ci il nefrektomiya və anadangəlmə nəticəsində bir böyrəyin olmaması ikinci dərəcəli xroniki böyrək çatışmazlığı aşkar olunmuşdur. İlkin təyinat 2002-ci ildən bu vaxta qədər bu xəstəliyini təsdiq edən müxtəlif müayinələrin çıxarışları və əlliliyini təsdiq edən digər sənədlər DSMF-nin alt sistemində yerləşir. Həmçinin qeyd etmək istəyir ki, atası X6 Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Ağdam rayonunun Güllücə kəndində 13 aprel 1994-cü il tarixində şəhid olmuşdur. Atasının şəhid olmasına görə o, ailə başçısını itirdiyinə görə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi şəhidin şəhid ailəsi üzvü hesab olunan 18 yaşına çalmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına Azərbaycan Respublikası Prezident təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, vətəndaşların əlillik təyinatının qüvvədə saxlanılması barədə qərarlarının sistemə daxil olması tam şəkildə təmin edilməmişdir, bu səbəbdən ona aid olan dövr üzrə, yəni 2009 - 2010-cu illər üzrə müvafiq sənədlər ƏƏSM Nazirliyi tərəfindən aşkarlanmamış və qeyd olunan mənbələr əldə edilməmişdir. İddiaçı cavabdehin imtinasının əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi” Qaydalarının 2-ci bəndinə əsasən, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin arvadına (ərinə), valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. İddiaçı şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01 yanvar 2006-cı il tarixdən təyin edilərək 30 aprel 2009-cu il tarixədək (18 yaşı tamam olanadək) ərizəçi qismində anası (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək (İddiaçı təqaüd təyin olunan tarix - xx.xx.2022) sözügedən təqaüd şəhidin digər ailə üzvləri, yəni atası X8, anası X2 və arvadı X3 arasında bölünərək onlara ödənilmişdir. İddiaçı şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnun yaranmasına baxmayaraq, təqaüdün təyin olunması ilə bağlı müraciət etməmiş və əlilliyi ilə bağlı müvafiq məlumatları təqdim etməmişdir. Bundan sonra İddiaçı 03 mart 2022-ci il tarixli müraciətini nəzərə alaraq, ona 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Eyni zamanda, İddiaçı tərəfindən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı müraciət daxil olmadığı üçün 01 may 2009- cu il tarixdən 31 mart 2022-ci il tarixədək ona ödənilməli olan təqaüd məbləği şəhidin digər ailə üzvləri, yəni babası X8, nənəsi X2 və anası X3 arasında bölünərək onlara ödənilmişdir. Bu səbəbdən 01 aprel 2022-ci il tarixinədək adıçəkilən şəxslərə ödənilən təqaüd məbləği onların təqaüdünün aylıq məbləğindən tutulmaqla (hər birindən 25 manat olmaqla ümumilikdə 75 manat) İddiaçı ödənilir. İddiaçının fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, sözügedən fərq məbləğinin iddiaçının vaxtında müraciət etməməsi səbəbindən digər ailə üzvlərinə ödənilmişdir. Həmçinin 19 dekabr 2006-cı il tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Belə ki qanunvericilikdə sözügedən təqaüdün birdəfəlik ödənilməsinə dair hər hansı bir norma nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9801/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərar ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi” Qaydalarının 2-ci bəndinə əsasən, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilir. Bildirirlər ki, İddiaçı şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01 yanvar 2006-cı il tarixdən təyin edilərək 30 aprel 2009-cu il tarixədək (18 yaşı tamam olanadək) ərizəçi qismində anası (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək (İddiaçı təqaüd təyin olunan tarix – xx.xx.2022) sözügedən təqaüd şəhidin digər ailə üzvləri, yəni atası X8, anası X2 və arvadı X3 arasında bölünərək onlara ödənilmişdir. Həmin Qaydaların 5-ci bəndinə əsasən,"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. İddiaçı şəhidin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnun yaranmasına baxmayaraq, təqaüdün təyin olunması ilə bağlı müraciət etməmiş və əlilliyi ilə bağlı müvafiq məlumatları təqdim etməmişdir. Bundan sonra İddiaçı 03 mart 2022-ci il tarixli müraciətini nəzərə alaraq, ona 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən,"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Eyni zamanda, İddiaçı tərəfindən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi ilə bağlı müraciət daxil olmadığı üçün 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək ona ödənilməli olan təqaüd məbləği şəhidin digər ailə üzvləri, yəni babası X8, nənəsi X2 və anası X3 arasında bölünərək onlara ödənilmişdir. Bu səbəbdən 01 aprel 2022-ci il tarixinədək adıçəkilən şəxslərə ödənilən təqaüd məbləği onların təqaüdünün aylıq məbləğindən tutulmaqla (hər birindən 25 manat olmaqla ümumilikdə 75 manat) İddiaçı ödənilir. İddiaçının fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən fərq məbləğinin iddiaçının vaxtında müraciət etməməsi səbəbindən digər ailə üzvlərinə ödənilmişdir. Həmçinin 19 dekabr 2006-cı il tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 (altı yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Məhkəmənin “istər təqaüd, istər müavinətin pensiyadan fərqli olaraq hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamış, birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən iddiaçıya ödəniş birdəfəlik qaydada edilməlidir” əsaslandırmasına münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, təqaüdün hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmadığı kimi birdəfəlik ödənilməsi ilə bağlı hər hansı norma mövcud deyildir. Həmçinin əvvəlki dövrlərin ödənilməməsi iddiaçının vaxtında müraciət etməməsi səbəbindən baş vermişdir. İş materiallarından da göründüyü kimi İddiaçı 03 mart 2022-ci il tarixli müraciəti əsasında ona 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş, həmçinin fərq məbləği hər ay 75 manat olmaqla (digər ailə üzvlərinin hər birindən (3 nəfər) 25 manat olmaqla) aylıq təqaüd məbləğinə əlavə edilməklə ödənilir. Belə ki sözügedən fərq məbləğinin iddiaçının vaxtında müraciət etməməsi səbəbindən yarandığı və qanunvericilikdə həmin məbləğin birdəfəlik ödənilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmadığından sözügedən təqaüdün birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh inzibati orqana həvalə edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkməsində iş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan iddiaçının iddia tələbinə qarşı öz etirazını müdafiə etmiş, hətta apellyasiya şikayətində də iddia tələbinin mahiyyəti üzrə şikayətinin dəlillərini qeyd etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İş materiallarından müəyyən edilir ki, iddiaçıya şəhidin 18 yaşınadək uşağı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 01 yanvar 2006-cı il tarixdən təyin edilərək 30 aprel 2009-cu il tarixədək (18 yaşı tamam olanadək) ərizəçi qismində anası (şəhidin həyat yoldaşı) X1 ödənilmişdir. 01 may 2009-cu il tarixdən 31 mart 2022-ci il tarixədək (İddiaçı təqaüd təyin olunan tarix - xx.xx.2022) sözügedən təqaüd şəhidin digər ailə üzvləri, yəni atası X8, anası X2 və arvadı X3 arasında bölünərək onlara ödənilmişdir. İddiaçının 03 mart 2022-ci il tarixli müraciəti əsasında 01 aprel 2022-ci il tarixdən 125 manat məbləğində şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişi davam etdirilir. Təqaüd üzrə xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilməyən 8207,52 manat məbləğdən qalıq 6907,52 manat fərq məbləğ hər ay 75,00 (yetmiş beş) manat olmaqla ödənilir. İddiaçının tələbi şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün birdəfəlik ödənilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə əsasən şəhid dedikdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”:

1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: - 2.1. arvadına (ərinə); - 2.2. valideynlərinə; - 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; - 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; - 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

7. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.

8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. Kollegiya qeyd edir ki, pensiya qanunvericiliyindən fərqli olaraq əvvəlki dövrlər üçün ödənilməli olan təqaüdün hissə-hissə ödənilməli olması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa mövcud olmamış, ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi isə məhdudlaşdırılmamışdır. Beləliklə, istər təqaüd, istər müavinətin pensiyadan fərqli olaraq hissə-hissə ödənilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamış, birdəfəlik ödəmənin aparılması ilə bağlı məhdudiyyət müəyyən edilmədiyindən kollegiya hesab edir ki, iddiaçının xahişinə əsasən iddiaçıya ödəniş birdəfəlik qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9801/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9801/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar