Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3707/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X7 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X4, X1, X5) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7854/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ev ona məxsusdur, üçüncü şəxslər mərhum qızının birinci həyat yoldaşından olan oğlu, ikinci həyat yoldaşı və onun azyaşlı oğludur və həmin evdə qeydiyyatdadır. Üçüncü şəxslər qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7854/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə xx.xx.2025-ci il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X6 anasının xəstə olması səbəbindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünü bildirmiş və apellyasiya şikayətinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclası cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7854/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən qəbzə imza edilməklə alınmışdır.(i.v.44). İddiaçı tərəfindən məhkəmənin qərardadı xx.xx.2025-ci il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 10 günlük şikayət vermə müddətinin son günü xx.xx.2025-ci il tarixinə düşür. Lakin, iddiaçı tərəfindən işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti məhkəməyə 17 iyul 2025-ci il tarixdə verilmişdir. Yəni, 20 gün apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Çünki İPM-in 1.2-ci və 81.2 maddəlrinin göstərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eləcə də, iş materiallarından görünür ki, müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğuna dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 87.3-cü maddəsi isə nəzərdə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi, apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi X3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7854/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə şifahi vəsatəti təmin edilməsin. Apellyasiya şikayəti mümkün sayılmasın və icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3707/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3707/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver