Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3708/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X5, Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X13) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(112)-7883/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslər X5 və X6 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, Daş Karxanası küçəsi 199A saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçının istifadəsində və sahibliyindədir. Həmin evdə həmişə iddiaçı yaşamış, bütün kommunal ödənişlər onun tərəfindən edilmişdir. Qeyd etmişdir ki, o, ağır onkoloji xəstəliyə tutulmuşdur və xəstələndiyi üçün baçısı X2 xahiş etmişdir ki, ona bir az köməklik etsin, yəni ona mənəvi dəstək olsun. Bacısı və onun oğlu X13 iddiaçını öz evlərinə apardılar və 2022-ci il yay ayının iki ayını orada qalmışdır. Sonra bacısı X11 və onun oğlu X13 iddiaçının şəxsiyyətini alçaldaraq, təhqiredici sözlər işlədərək, iddiaçını evlərindən qovdular. O, bacısının evində iki ay qalan zaman 2022-ci ilin iyun ayının 29-da bacısı X11 və onun oğlu X13 iddiaçının köməksiz vəziyyətindən istifadə edərək, onun evinin yerləşdiyi Mənzil İstismar Sahəsinin rəisinin əli ilə iddiaçının ünvan 1 ünvanıda yerləşən evinə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. İddiaçı Mənzil İstismar Sahəsinə getməmiş və heç bir ərizəyə imza etməmişdir. İddiaçı qeyd edir ki, üçüncü şəxslər X11 və X13 heç vaxt onun evində, yəni ünvan 1 ünvanında yaşamamışlar, heç vaxt həmin evdə onlara məxsus əşyalar olmamışdır və X5 və X6 özlərinin evləri var, onlar həmişə həmin evdə yaşamışlar. İddiaçı bacısı X7 və onun oğlu X1 olaraq, məhkəmədənkənar qaydada ona məxsus olan ünvan 3 evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaları barədə xahiş etmişdir, amma onlar iddiaçının müraciətlərinə diqqət belə verməmişlər. X11 və X13 iddiaçının İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş evinin texniki sxemini götürmüşlər və vermirlər. Evin bütün kommunal xidmətlərə aid müvafiq müqavilələri və digər sənədləri hamısı iddiaçının adınadır. X5 və X6 ünvan 3 evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaları barədə ərizə ilə iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsi özünün xx.xx.2023-cü il tarixli, 3-13-50/2-S-3314/11 nömrəli məktubunda göstərmişdir ki, “Sizin Nərimanov RPİ-nə ünvanladığınız ərizəniz icraatımıza daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyiniz məqsədəmüvafiqdir”. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında** ******* nömrəli arayışlardan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X11 və xx.xx.1982-ci il təvəllüdlü X13 ünvan 3 evdə yaşayış yeri üzrə qeydiyyatdadır. 2009-cu ilin may ayında Bakı şəhəri Nərimanov rayonu Mənzil-Kommunal Təssərüfat Birliyinin 18 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən arayışdan görünür ki, ünvan 3 evdə təkcə iddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Tibb Universitetinin Onkoloji Kilnikasından verilən arayışdan görünür ki, iddiaçı onkoloji xəstədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən: 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən: 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında: 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. İddiaçı qeyd edir ki, vətəndaşlar X5 və X6 iddiaçıya məxsus mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatının və istifadə hüquqlarının olması onun hüquqlarını pozur və hüquqlarını məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7883/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X11 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı doğma bacısıdır. Mübahisəli mənzildə doğulub boya-başa çatmışlar. 1976-cı ildə həyat yoldaşı X9 ilə ailə həyatı qurduqdan sonra da onunla orada yaşamağa davam etmişlər. Hətta həyat yoldaşı ilə həmin ünvanda öz zəhmətləri ilə ev tikmişlər. Kommunal xidmətləri də o və həyat yoldaşı ödəmişlər. Orada onların X13 adlı övladları dünyaya gəlmişdir. Bacısı xəstə olduğu üçün ona o baxmışdır. Son zamanlar bacısı ona qarşı münasibətini dəyişib. Onu və oğlu X10 qeydiyyatda olduqları mənzilə buraxmaq istəmir. Xahiş edir ki, mənzildən qeydiyyatdan çıxsınlar. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 199 A nömrəli evdə təkcə özü qeydiyyatdadır. Lakin, etiraz ərizəsinə əlavə etdikləri 18 saylı MKİS-nin xx.xx.2023-ü il tarixli arayışından görünür ki, onlar mübahisəli mənzildə qeydiyyatdadırlar. Mənzil özbaşına tikili olduğu üçün mənzilin mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı bir sənəd (çıxarış) yoxdur. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(112)-7883/2023 saylı qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023cü il tarixli, 2-1(112)-7883/2023 saylı inzibati iş üzrə qərardadın ləğv edilib, işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olmaması ilə bağlı səhv nəticəyə gəlmişdir. Subyektiv hüquq dedikdə, insanın müəyyən bir şəkildə hərəkət etmək hüquq qabiliyyəti başa düşülür. Bu hüquq digər şəxslərdən müəyyən hərəkətləri (və ya hərəkətdən çəkinməyi) tələb etmək imkanı ilə təmin edir. Beləliklə, sahibi əmlakına sahib ola, istifadə edə və sərəncam verə bilər və başqalarından onun hüququnu pozmamaqlarını tələb edə bilər. İddiaçı iddia ərizəsində, həmçinin məhkəmə baxışında verdiyi izahatda, həmçinin icraat materiallarına əlavə edilmiş rəsmi sənədlərlə tam əsaslandırmışdır ki, üçüncü şəxslər X5 və X6 onun iradəsinə zidd, razılığı və məlumatı olmadan qanunsuz olaraq saxta sənədlə faktiki mülkiyyət hüquqi əsasında ona məxsus olan, bu hüququ dövlət reyestrində qeydiyyata alınmasa da, uzun illər faktiki istifadəsində olan ünvan 3 evə pasport qeydiyyatına alındıqları, sonra evə zorla daxil olmağa cəhd göstərmələri onun mənzil, iradə, hərəkət azadlığı kimi subyektiv hüquqlarının pozulmasına, həmçinin onların bu qanunsuz hərəkətləri ağır xəstəlikdən əziyyət çəkməklə bərabər şüuruna təsir göstərməklə, onda mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur. İcraat materiallarına əsasən İddiaçı iddia ərizəsində və məhkəmə baxışında özünün subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının olmasını və onların pozulduğunu tam şəkildə əsaslandıraraq göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 199 ünvanda yerləşən fərdi yaşayış evi 1956-cı ildə sovet dövründə “Daş Karxanası” adlanan ərazidə keçmiş Bakı şəhəri Nərimanov rayonu İcraiyyə Komitəsinin razılığı ilə atası Eyvaz Seyfullayev tərəfindən tikilmiş, həmin ərazidə yüzlərlə belə sənədsiz evlər tikilmiş, hazırda da həmin sənədsiz evlərdə insanlar yaşayır, evə əvvəl “Daş Karxanası 56”, sonra isə “199” ünvanı verilmiş, o, 1964-cü ildə həmin evdə doğulmuş və atası Eyvaz, anası Yaxşıxanım, qardaşları Ağahüseyn, Həsən, bacıları Nazxanım və Gülxanımla həmin evdə pasport qeydiyyatında olmaqla yaşamış, sonradan bacı, qardaşları ailə qurub başqa ünvanlara köçüb yaşamış, o isə atası, anası, qardaşı Həsən və sonuncunun ailəsi ilə həmin evdə yaşamış, atası vəfat etdikdən sonra anası və qardaşı Həsənin razılıqları və rəsmi müraciətləri əsasında 2009-cu ildə ev iki hissəyə bölünmüş, evin bölünmüş hissəsinə ünvan 1 ünvan verilmiş, həmin evdə 2009-cu ildə o və anası pasport qeydiyyatına alınaraq, yaşamış, 2017-ci ildə anası vəfat etmiş, faktiki mülkiyyətində olan həmin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində 2009-cu ildən tək özü pasport qeydiyyatında olmaqla yaşayır, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq orqanlarla bağladığı müqavilə əsasında evin bütün kommunal xərclərini (qaz, işıq, su və digər) şəxsən öz vəsaiti hesabına ödəmiş, bunu təsdiq edən sənədləri də məhkəməyə təqdim etmiş, 2019cu ilin oktyabr ayında ağır onkoloji “sağ süd vəzinin xərçəngi” xəstəliyinə tutulmuş, bununla bağlı dəfələrlə cərrahi müdaxilələrə məruz qalmış və uzun müddətdir Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında müalicə olunur, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş bacısı xx.xx.1958-ci il təvəllüdlü X11 və oğlu xx.xx.1982-ci il təvəllüdlü X13 1986-cı ildən ünvan 4 ünvanda uzun müddət qeydiyyatda olmaqla daimi yaşamalarına baxmayaraq, onun ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyi və bu xəstəlikdən tezliklə öləcəyini fikirləşib, bundan öz çirkin məqsədləri üçün istifadə etmək qərarına gəlmiş və tələsik ona məxsus ünvan 5 ünvandakı fərdi yaşayış evinə hansı yolla olursa qeydiyyata düşmək, gələcəkdə ev sökülərkən kompensasiya əldə etmək niyyəti ilə onun razılığı və məlumatı olmadan guya qeyd edilən evdə daimi yaşadıqları barədə Bakı şəhəri, Nərimanov rayonu 18 saylı Mənzil İstismar Sahəsin rəisi Yusif İbrahimovdan aldıqları ASAN xidmətə təqdim edilməsi üçün nəzərdə tutulan xx.xx.2022-ci il tarixli 18/690 saylı saxta arayışı əsasında, onun razılığı olmadan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat Məsələlər Bölməsinin baş inspektoru, polis mayoru X16 tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd olunan evə qanunsuz olaraq pasport qeydiyyatına alınmış, ondan sonra onlar ona qarşı zor tətbiq edərək qanunsuz evə daxil olmağa cəhd göstərmiş, bunun qarşısının alınması üçün ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə qərardadı ilə onun müvəqqəti xarakterli müdafiə barəsindəki ərizəsini də mümkün saymamışdır. Göründüyü kimi İddiaçı ünvan 5 ünvandakı fərdi yaşayış evi sənədsiz olsa da, onun ev üzərində həyata keçirilən sahibliyi qanunidir, əmlak hüquqları mövcuddur və hazırkı iddiaya dair onun subyektiv hüququ yaranır. Həmçinin, İddiaçı uzun illər qeydiyyatda olmaqla yaşadığı həmin fərdi yaşayış evinin qanunsuz və yaxud özbaşına tikilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin və yaxud başqa orqanın qərarı da mövcud deyil. Məhkəmə hətta ünvan 5 ünvandakı fərdi yaşayış evinin qanuni və yaxud qanunsuz tikintisi ilə bağlı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməmiş, bununla bağlı araşdırma aparılmamış, bu da işin tam və hərtərəfli tədqiq olunmamasına dəlalət edir. Halbuki, ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2011-ci ildə Bakı şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə rəsmi icazə olmadan tikilən evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq tapşırığı, eyni zamanda imzaladığı 13 yanvar 2015-ci il tarixli Fərmanına əsasən, 1000 çox ev sənədləşdirilmiş, mütəxəssislər tərəfindən də həmçinin İddiaçı faktiki mülkiyyətində olduğu evin texniki sxemi texniki pasportunun hazırlanması məqsədilə evin sxemi də çəkilmiş, həmin sənəd üçüncü şəxs X11 tərəfində oğurlanaraq özündə saxlanılır. İddiaçı üçüncü şəxslər X11 və X1 olaraq, məhkəmədənkənar qaydada onun faktiki mülkiyyətində olan ünvan 5 ünvandakı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmalarını xahiş etsə də, onlar buna diqqət verməmişlər. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat Məsələlər Bölməsinin baş inspektoru, polis mayoru X12 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini kobud şəkildə pozaraq evin faktiki mülkiyyətçisi olmaqla qeydiyyatda olan İddiaçı razılıq ərizəsi olmadan qanunsuz olaraq X11 və X6 evə pasport qeydiyyatına alındıqlarını və bu səbəbdən də onların şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən müraciətə cavabda bununla bağlı xidməti yoxlama aparıldığı bildirilmişdir. İddiaçı məhkəmədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə zidd olaraq, evin faktiki mülkiyyətçisi olmaqla qeydiyyatda olduğu fərdi yaşayış evinə onun razılıq ərizəsi olmadan qanunsuz olaraq X11 və X6 evə pasport qeydiyyatına alındıqlarını və bu səbəbdən də qeydiyyatın qanunsuz hesab edilməsi və onların şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdirilməsi barədə qərar qəbul etməsini xahiş etsə də, məhkəmə bunu nəzərə almadan tələsik qərar qəbul etmişdir. Üçüncü şəxslər X11 və oğlu X13 isə bir gün də olsun belə İddiaçı məxsus ünvan 5 ünvandakı fərdi yaşayış evində yaşamamışlar. Onlar daim qeydiyyatda olduqları ünvan 4 ünvanda ailə üzvləri ilə yaşamışlar və hazırda da həmin ünvanda yaşayırlar. Bu fakt iş materiallarında olan digər sənədlərlə yanaşı, Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 153 №-li Mənzil Tikinti Kooperativinin sədrinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışı, xx.xx.2023-cü il tarixli etibarnamə ilə də bir daha təsdiqini tapmışdır. Bundan əlavə, Bakı şəhəri Nərimanov rayon prokurorluğunda İddiaçı onkoloji xəstə olmasından istifadə edən bacısı Nazxanım Məmmədova və sonuncunun oğlu İlqar Məmmədovun 18 saylı Mənzil İstismar Sahəsindən aldıqları saxta arayış əsasında onun məlumatı olmadan mənzilinə qeydiyyata düşmələri barədə müraciəti əsasında aparılan araşdırma üzrə X11 və X13 həmin araşdırma ilə bağlı verdikləri izahatlarında da göstərmişlər ki, 1988-ci ildən ünvan 4 ünvanda ailə üzvləri ilə yaşamışlar və hazırda da həmin ünvanda yaşayırlar, həmin vaxtdan heç vaxt, həmçinin xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ünvan 5 ünvandakı fərdi yaşayış evində yaşamamışlar. Öz növbəsində məhkəmə bu fakta heç bir əhəmiyyət verməmiş və hər hansı araşdırma aparmaq niyyətində də olmamışdır. İşin obyektiv araşdırılması məqsədilə qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən prokurorluqda araşdırılan materiallarda olan X11, X13, X17 və X12 izahatlarının kserosurətləri, Bakı şəhəri İcra Hakimiyyəti nəzdində 153 №-li Mənzil Tikinti Kooperativinin sədrinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışın əsli, Bakı şəhəri, Nərimanov rayonu 18 saylı Mənzil İstismar Sahəsinin rəisi Yusif İbrahimovun ASAN xidmətə təqdim edilməsi üçün nəzərdə tutulan xx.xx.2022-ci il tarixli 18/690 saylı arayışı icraat materiallarına əlavə edilməsi üçün vəsatətə əlavə edərək məhkəməyə təqdim edərək, həmin şəxslərin məhkəmə iclasına dəvət edilib-edilməməsi tələb edilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə bir daha təsdiq edilir ki, İddiaçı 1964-cü ildə valideynlərinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev 199 ünvandakı fərdi yaşayış evində doğulmuş, ailəsi ilə orada yaşamış, ailə üzvlərinin razılığı ilə 2009-cu ildə həmin ev iki hissəyə ayrılmış və ayrılan hissə onun sahibliyinə verilməklə, ünvan 5 ünvan verilmiş və həmin vaxtdan qeyd olunan fərdi yaşayış evində tək özü pasport qeydiyyatında olmaqla yaşayır. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə uzun illər fasiləsiz və etirazsız sahiblik etmiş və hazırda da sahibliyi vicdanla həyata keçirir, həmçinin bu müddətdə həmin evə başqa şəxs də iddia etməmişdir. Bu da bir daha təsdiq edir ki, İddiaçı özünü evin faktiki mülkiyyətçi hesab etməyə tam əsası vardır. Göründüyü kimi, İddiaçı onkoloji xəstə olmasından istifadə edən bacısı Nazxanım Məmmədova və sonuncunun oğlu İlqar Məmmədovun 18 saylı Mənzil İstismar Sahəsindən aldıqları saxta arayış əsasında onun razılığı və məlumatı olmadan evinə qeydiyyata düşmələri, sonra evə zorla daxil olmağa cəhd göstərmələri onun mənzil, iradə, hərəkət azadlığı kimi subyektiv hüquqlarının pozulmasına səbəb olmuş, onların bu qanunsuz hərəkətlərindən sonra onsuz da ağır xəstə olan İddiaçı şüuruna təsir göstərməklə, onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh Nərimanov Rayon Polis İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı məhz ünvan 8 ünvanında yerləşən binadan mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarında isə həmin mənzilin cavabdehin balansında olmadığı müəyyən edilir. Bu hal iddiaçının birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Apellyasiya şikayətinin əsas dəlili faktiki mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan, bu hüququ dövlət reyestrində qeydiyyata alınmasa da, uzun illər faktiki istifadəsində olan ünvan 3 evdən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmalarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə iddiaçının hüquqi marağı üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması ilə bağlıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı və X5 və X3 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İşdən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev özbaşına tikilidir. Müvafiq ünvandakı ev özbaşına tikili olduğu halda, iddiaçının ona hər hansı hüququ da yaranmış olmur və ya belə hüququn olması ilə bağlı hər hansı sənəd (qətnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilən normalara görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi tələb hüququna malik olması üçün ən azından onun həmin yaşayış sahəsi üzərində qanuni istifadə hüququ (mülkiyyət, icarə və ya istifadə hüququ) mövcud olmalı və həmin hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə (iddiaçı) İddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olduğu iş üzrə toplanılmış sənədlərdən və işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi yaşayış sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcudluğu müəyyən olunmamışdır. İddiaçı mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığı təqdirdə iddiaçının həmin mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı da hüququ da yaranmış olmur. Məhkəmənin qənaətinə görə, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədin mövcud olmadığına əsasən iddiaçının sözügedən ünvanda qeydiyyatda olan başqa şəxsin (üçüncü şəxsin) qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.3.-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci madəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-nin 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar”. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(112)-7883/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3708/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3708/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver