Məhkəmə qərarları › İş №2-1(103)-3709/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3709/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3709/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı (3-cü şəxs: X6) “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7432/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə MənzilKommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı mənzilə dair anası Abidə Əliyevanın adına kirayə müqaviləsinin bağlanılması haqqında Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 14 saylı Sərəncamını dəyişdirərək, (və yaxud ləğv edərək) həmin mənzilin ayrıca giriş qapısı olan və sahəsi 20 kv.metrdən ibarət, qarşısında balkonu olan 1 otağına dair iddiaçının adına kirayə müqaviləsinin bağlanması haqqında Sərəncamın verilməsi ilə bağlı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətinə baxıb cavablandırılması səlahiyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə aid olduğu halda, ərizəni Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı XTMKTB-nə göndərmişdir ki, həmin birliyin də xx.xx.2024-cü il tarixli məktubu ilə əsassız olaraq iddiaçıdan sənədlərin notarius təsdiqli surətlərinin təqdim edilməsi tələb edilmişdir. İddiaçı hesab edir ki, o, zəruri olan sənədlərə malikdir və onunla kirayə müqavilə bağlanmalıdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7432/2024 saylı, xx.xx.2024-cü il tarixli iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7432/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Şaumyan rayonu X2 İcraiyyə Komitəsinin 08 yanvar 1971-ci il tarixli 55/1783 №-li qərarından görünür ki, həmin qərar ilə Zığ şossesi, ev 31, mənzil 34 ünvanında yerləşən sahəsi 12,2 kv.m olan bir otağ əlavə yaşayış sahəsi kimi vətəndaş Ə.A.Əliyevaya təhkim edilmişdir. Yaşayış sahəsinin ümumi sahəsi 52,2 kv.m təşkil edir. -Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Zığ yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilin sahəsi 20,0 kv.metr olan sıxlaşdırılmış bir otağı X1 yaşadığı sahəsi 20,0 kv.metr və 12 kv.metr olan iki otağa birləşdirilməklə, yaşayış sahəsi 52,2 kv.metr olan 3 otaqlı 34 saylı mənzilə 3 nəfər ailə üzvü ilə (özü və 2 oğlu) adına kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. -Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X8, X6, X9 və X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3015/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülməsi; mənzilin yardımçı sahələri (mətbəx, hama-tualet, dəhliz) ümumi istifadədə saxlanılmaqla, mənzilin giriş qapısı ilə üzbəüz yerləşən, ayrıca giriş qapısı və sahəsi 20 kv.m-dən ibarət, qarşısında balkonu olan 1 otaq onun istifadəsinə verilməsi; iddia tələbinin iddiaçının həyat yoldaşı X4 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülməsi hissəsində təmin edilməməsi qət edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3015/2021 saylı qərardadı ilə 2(011 )-3015/2021 saylı mülki iş üzrə əlavə qətnamənin çıxarılması barədə İddiaçı ərizəsinin təmin edilməməsi; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-3015/2021 saylı, 16 iyun 2021 -ci il tarixli qətnaməsinə düzəliş edilsin və qətnamənin nəticə hissəsi “İddiaçı və azyaşlı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X9 Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsində yerləşən 31 saylı evin 34 saylı mənzilinə köçürülsün.” kimi oxunması qərara alınmışdır. -Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamının bağlanmasına əsas olan sənədlər toplusundan görünür ki, İddiaçı və X7 notarial qaydada təsdiq olunmuş ərizələr ilə ünvan 1 ünvanında yerləşən mənzillərin onların anası X3 adına özəlləşdirilməsinə etirazlarının olmadığını təsdiq etmişdirlər. -Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sözügedən mənzilin X3 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi ilə vətəndaş arasında bağlanan elə bir müddətsiz müqavilə növüdür ki, həmin müqavilə vətəndaşa yaşamaq hüququnu və gələcəkdə yaşayış sahəsi üzərində yaranmış hüquqların qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan MM-nin 68-ci maddəsi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini ehtiva edir. Qeyd olunur ki, bu hüquq və vəzifələrin əhatə dairəsi qanunvericilik ilə müəyyən olunmuşdur ki, kirayəçinin ailə üzvlərinin kirayə müqaviləsinin predmeti olan yaşayış sahəsinin kirayəçisi olmaq hüququnu vermir. Kollegiya qeyd edir ki, iddiaçının kirayə müqaviləsi bağlanmasıni istədiyi yaşayış sahəsi mənzilin bir hissəsi, daha dəqiq desək bir otağıdır. Həmin otaq üçüncü şəxs X6 ilə bağlanmış kirayə müqaviləsinin predmeti olan və onun istifadəsinə verilən mənzilin tərkib hissəsidir. Nəzərə alınmalıdır ki, iddiaçı üçüncü şəxsin oğludur, yəni kirayəçinin ailə üzvü hesab olunur. O, kirayəçi və onun digər ailə üzvü ilə bərabər eyni hüquq və vəzifələ malikdir. Lakin bu hüquq və vəzifələr ona üçüncü şəxs ilə kirayə müqaviləsinin bağlanmasına əsas olan Sərəncamın ləğvini və ya dəyişdirilməsini, onunla mənzilin bir otağına dair yeni kirayə müqaviləsinin bağlanmasına əsas vermir. Çünki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri kirayəçinin ailə üzvlərinə belə bir səlahiyyətverici hüquq vermir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı məhz mülki məhkəmə qətnaməsi əsasında mənzilin bir otağına dair kirayə müqaviləsinin bağlanmasını arzulayır. Halbuki, iddiaçı həmin məhkəmə qətnaməsin kirayə müqaviləsinin bağlanmasına yetərli olmadığını nəzərə almamışdır. Çünki, həmin qətnamə ilə iddiaçı istifadə hüququ olması əsası ilə həmin mənzilə köçürülmüşdür. Yəni, faktiki olaraq həmin məhkəmə qətnaməsi kirayə müqaviləsinin bağlanmasına üçün kifayət deyil. Həmçinin yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz olan müqavilədir. İddiaçı mənzilə dair kirayə müqaviləsinin üçüncü şəxs X3 adına bağlanmasına etirazının olmadığı barədə notarial qaydada ərizə təqdim edərək, bununla bağlı öz iradə ifadəsini nümayiş etdirmişdir. Göründüyü kimi iddiaçı öz arzusu və ifadəsi ilə mənzilə dair kirayə müqaviləsinin üçüncü şəxsin adına bağlanmasında öz razılıq mövqeyini bildirmişdir ki, bu da Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2020-ci il tarixli, 14 nömrəli Sərəncamının əsaslı olduğunu, Sərəncamın qəbul edilən zaman hər hansı qanun pozuntusuna yol verilmədiyinin göstəricisidir. Məhkəmə kollegiyası qeyd edir ki, kirayəçinin ailə üzvünün mənzilə köçürülməsi ilə bağlı mövcud hüququ kirayəçinin ailə üzvünə məxsus olan hüquq olmaqla, köçürüldüyü mənzilin ayrıayrı hissələrinə və yaxud da onun istifadəsinə verilmiş hissələrinə dair də ayrıca kirayə müqaviləsinin bağlanılmasını ehtiva etmir. Məhkəmə qətnaməsi əsasında mənzilə köçürülmə və mənzilin bir hissəsinin onun istifadəsinə verilməsi, başqa sözlə mənzilə iddiaçının istifadə hüququnun tanınması ilə əlaqədardır ki, iddianın məntiqi ilə getdikdə mənzilə istifadə hüququna malik bütün şəxslər, ailə üzvləri arasında kirayə müqaviləsi bağlanılmalı, daha sonra isə həmin kirayə müqavilələri əsasında mənzilin hissə-hissə, otaq –otaq mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas müəyyən edilməlidir. Halbuki, mənzilin kirayə müqaviləsinin mövcudluğu əsası ilə kirayəçi və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarının mövcudluğu, ailə üzvnünün həmin mənzildə yaşaması, məhkəmə qətnaməsində olduğu kimi mənzilin hər hansı hissəsinin onun istifadəsi halı istisna edilməmişdir ki, lakin, məhkəmə hesab edir ki, həmin halların istisna edilməməsi bir mənzil üzrə hər ailə üzvünün ayrıca kirayə müqaviləsi tələb etməsi anlamına gəlməməkdədir. Azərbaycan Respublikası İPM-nin: 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7432/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7432/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar