Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3709/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X8 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2-1(112)-2141/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 1971-ci ildə anadan olmuş İddiaçı “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxxxx 1971-ci ildə anadan olmuşdur, 2-ci qrup əlil statusuna malikdir və bu barədə olan əlillik vəsiqəsinin surətini ərizəsinə əlavə edir. O 1989-1971-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmış və Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında xx.xx.1992-ci il tarixdən, xx.xx.1993cü il tarixədək N saylı Hərbi Hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçmişdir və 1992-ci ildə gedən döyüşlərdə yaralanmışdır. Lakin ona indiyə kimi “Müharibə veteranı" adının verilməmişdir. Bu yaxınlarda o “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi tələbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin oradan imtina cavabını almış və həmin məktubun surətini ərizəsinə əlavə etmişdir. Həmin imtina məktubunda bildirilir ki, guya onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məktubuna əsasən onun barəsində hərbi xidmət yerini özbaşına tərk etdiyinə görə heç bir cinayət işi açılmamışdır. Həmin məktubu ərizəsinə əlavə edir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə onun Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında xx.xx.1992-ci il tarixdən, xx.xx.1993-cü il tarixədək N saylı Hərbi Hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçdiyi və 1992ci ildə gedən döyüşlərdə yaralanmağı faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 162 nömrəli arayışında aydın olur ki, o Azərbaycan Respublikasının müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən 2-ci dərəcəli əlil olmuşdur. Buna görədə ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2-1(112)-2141/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-25-2/2-V-80xx-xx/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq təkrar bildirilir ki, “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
12. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 216 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) yaşayış yeri üzrə Azərbaycan Respublikasının müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən İİ dərəcəli əlil olmuş şəxs kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş, vətəndaş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 1 oğlu, 1 qızı) RİH-də yaşayış yeri üzrə Hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4323/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ərizədə göstərilən tələb təmin olunmuş, ərizəçi İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşunun sıralarında, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixinə kimi döyüşən ordunun sıralarında döyüşlərdə N saylı hərbi hissənin tərkibində atıcı vəzifəsində hərbi xidmət keçməsi və avqust 1992-ci ildə döyüşlərdə yaralanması faktı müəyyən edilmişdir.
14. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2012-ci il tarixli AP01/225 saylı məktubundan görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı barəsində cinayət təqibinin həyata keçirilməsi və təqsirləndirici materialın olmasına dair Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında məlumat müəyyən edilməmişdir. Məlumat üçün bildirilir ki, Qarabağ hərbi prokurorluğunda «hərbi hissəni özbaşına tərk edən şəxsi heyətin siyahıları» mövcud deyildir. Qazax hərbi prokurorluğu üzrə isə xx.xx.2010-cu il tarixədək olan dövrdə ölümlə bağlı materiallar istisna olmaqla digər məzmunlu, o cümlədən hərbi hissəni özbaşına tərk etmə və ya fərariliklə bağlı olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar və ona dair yazışmalar, həmin tarixədək olan ərizə və şikayətlərin qeydiyyatı kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən, məhv etmə aktında həmin materiallar nəzarət icraatlarının sayı ilə göstərildiyindən aşağıda qeyd olunan şəxslər barəsində araşdırma materialının olub-olmaması barədə (qeyd olunan illərdə) həmin ərazi hərbi prokurorluğu üzrə məlumatın verilməsi mümkün olmamışdır.
15. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 143 nömrəli qərarına əsasən Naxçıvan MR Sədərək, RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli HP 01/225 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ ənsə nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsindən başlayaraq sağ üst göz qapağını əhatə edən bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səhində bir ədəd köhnə çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsinin xx.xx.2023-cü il tarixli 3-43-81/2-580 nömrəli göndərişi, xx.xx.2023cü il tarixli 71 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 83 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
16. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”nin canlı şəxs və iş sənədləri üzrə K/83 nömrəli ekspertiza aktından görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə müayinə olunan 1971-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2023) başın sağ ənsə nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsindən başlayaraq sağ üst göz qapağını əhatə edən bir ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin arxa səthində bir ədəd, sol bazu oynağının bayır səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində bir ədəd köhnə çapıq toxumalar aşkar edildi. İddiaçı yaralanması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izləridir, onların odlu silahı mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə, 1992-ci ilin avqust ayında odlu silah mərmi partlaması zamanı qəlpələrin təsirindən əmələ gələ bilər.
17. AO seriyalı ******* nömrəli xx.xx.2004-cü il tarixli hərbi biletdən görünür ki, Vəlili X7 Şərur rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1989-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.1991-ci ildə SSRİ MN-nın xx.xx.1991-ci il tarixli 492 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Şərura göndərilmişdir. 2-ci qrup əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il 1375 nömrəli qərarı: Diaqnoz:”Odlu silah qəlpə yaralanmasından sonraki başın sağ ənsə nahiyəsində 1 ədəd, sağ qaşın tüklü hissəsində 1 ədəd, çənə altı nahiyədə 1 ədəd, sağ əl ayaq sümükləri proyeksiyasının arxa səthində 1 ədəd,sol bazu oynağının bayır səthində 1 ədəd, sol diz oynağının ön səthində 1 ədəd, sağ baldırın aşağı 1/3-nün ön səthində 1 ədəd köhnə çapıq toxumaları. Hərbi tramvadır. Azərbaycan Respublikasının müdafəsi zamanı olmuşdur.
18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 2996 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin 1992-1993-cü illərin Arxivində saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur.
19. 004882 nömrəli xx.xx.2017-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2021-ci ilədək ikinci qrup əlillik verilmişdir.
20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli ********** nömrəli X1 Sistemi Əlillik haqqında arayışından görünür ki, Bakı Xəzər Tibb Mərkəzində xx.xx.2022-ci ildə müayinə olunan İddiaçı xx.xx.2022-ci il tarixində 2 il müddətinə Arxa qütbün və ləkənin degenerasiyası, os-makulodistrofiya. Hipermetropiya, OU-zəif dərəcəli hipermetropiya Hm 1.0. Monokulyar korluq, OSmonokulyar korluq VİS OS=0.05k/e VİSOD=0.1k/e diaqnozu qoyulmuşdur. Əlillik qrupu: 8.1.2.Gözün və gözün əlavə aparatının xəstəlikləri=>Görmə itiliyi=>Görmə itiliyi=>Daha yaxşı görən gözün görmə itiliyinin korreksiya ilə 0.1-0.05.(növbəti müayinə tarixi:xx.xx.2024).
21. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-68/2-1156/2024 nömrəli məktubundan görünür ki, 01,10.1971ci il tarixdə Şərur rayon Sədərək kəndində anadan olmuş Vəlili X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatda olmadığından hər hansı məlumatın verilməsi imkan xaricindədir. Əlavə olaraq bildirilir ki, Vəlili X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X4 əsasən Bakı şəhəri Xəzər rayon idarəsində hərbi qeydiyyatdadır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranı sayılırlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
26. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
27. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarına uyğundur.
28. Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda adı çəkilən qərarında qeyd qeyd edilmişdir ki, sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir.
29. İddiaçının döyüş əməliyyatları zamanı aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin 1995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
30. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).
31. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.
32. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
33. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
34. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
35. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.
36. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
37. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin qeydinə əsasən İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur.
38. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
41. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2-1(112)-2141/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Emin Əliyev Nigar Nəbizadə