Məhkəmə qərarları › İş №2-1(103)-371/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-371/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-371/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli xx.xx.2022-ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına uyğun olaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2022ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuşdur. Mənzil qəzalı vəziyyətdə olduğundan tərəfindən rekonstruksiya, təmir-bərpa işləri aparılmış və mənzil yenidən planlaşdırılmışdır. Belə ki, yaşayış sahəsinin arakəsmələri sökülərək yerləri dəyişdirilmiş, mənzildəki yardımçı sahələr hesabına otaqların sahələri genişləndirilmiş, mənzilin zirzəmisi qazılaraq əlavə mətbəx və sanitar qovşaq quraşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzilin yenidən planlaşdırılması nəticəsində 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, altı qazılaraq mənzilə birləşdirilmiş 50 kv.m sahə zirzəmini təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmir- bərpa və yenidən planlaşdırma nəticəsində yaranmışdır. Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti X4 X1 61 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi və “Qəbul aktına əsasən “vətəndaş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilinin 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir”. Bu barədə 17 saylı MİKS-in xx.xx.2022-ci il tarixli Aktı və cizgisi tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli, xx.xx.2022-ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında yerləşən 1 nömrəli mənzilin ölçüləri dəqiqləşdirilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Daha sonra, İddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qəbul etməli olduğu inzibati aktı qəbul etməmiş, yalnız cəmi 50 kv.m sahəyə Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti qanunsuzdur və ümumi sahəsi 120 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh daşınmaz əmlaka dair hüquqların qeydiyyat idarəsidir, hüquq müəyyən edən idarə deyil. Mübahisə predmeti olan daşınmaz əmlakda hüquq müəyyən edən müvafiq orqan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətidir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin yaşayış fondundan qeyri-yaşayış sahəsinə keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yaşayış fondundan qeyriyaşayış sahəsinə keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının ərizəsi ********** nömrə ilə icra edilmişdir. Həmin ərizənin icrası zamanı texniki inventarlaşdırma işləri aparılarkən mənzilə bitişik əlavə sahələrin inşa olunduğu və sahələrin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən əlavə sahələr üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tərəflərindən mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli xx.xx.2022-ci il tarixli “ölçülərin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamına uyğun olaraq İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət qeydiyyatına alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin yaşayış fondundan qeyri-yaşayış sahəsinə keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının ərizəsi ********** nömrə ilə icra edilmişdir. Həmin ərizənin icrası zamanı texniki inventarlaşdırma işləri aparılarkən mənzilə bitişik əlavə sahələrin inşa olunduğu və sahələrin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşdiyi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin 3 tərəf divarı, dam örtüyü və döşəməsinin tamamilə sökülərək yerində bir mərtəbəli və zirzəmili qeyri-yaşayış binasının (sahəsi) inşa olunduğu aşkar olunmuşdur. Həmçinin, çıxarışa əsasən qeyri-yaşayış sahəsinin ölçüsü 50.2 kv.m, Nəsimi RİH başçısının xx.xx.2022-ci il tarixli, 131 nömrəli sərəncamında 120 kv.m, faktiki isə 115.7 kv.m təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.20 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi, **********92-05101-083003 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 18, yeni qaydalarla: AZ1010, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixdə olan vəziyyətinə əsasən texniki pasport tərtib edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti X4 X1 61 nömrəli xx.xx.2022-ci il tarixli Qəbul Aktına əsasən İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 5 saylı evin ona məxsus 1 saylı mənzilinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, S.Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzili DƏDRX-nin ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə ümumi sahəsi 44.2 kv.m–dən ibarət olmaqla İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzil və mənzilin zirzəmisinin faktiki ümumi sahəsi 120.0 kv.m-dir. Mənzilin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70.0 kv.m, mənzilin altında qazılaraq mənzilə birləşdirilmiş zirzəminin sahəsi isə 50.0 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmirbərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır (Bu barədə 17 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı və cizgisi əlavə olunmuşdur). Qeyd edilənləri nəzərə alaraq, komissiya İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi isə 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab etmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti X4 X1 61 nömrəli xx.xx.2022-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbəsində olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50 kv.m, ümumi sahəsi isə 120 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli 10 may 2022-ci il tarixli sərəncamına əsasən RİH nəzdində İdarələrarası Komissiyasının rəyi təsdiq edilərək İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50.0 kv.m, ümumi sahəsi isə 120.0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş forma əsasında “İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli eivn 1 saylı mənzilinin “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildiriş verilmişdir. - Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********94 321-3-30/2-14094/2023 nömrəli məktubla ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair İdarənin arxivində olan müvafiq sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçı ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdikdən sonra Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus mənzilin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti X4 X1 xx.xx.2022-ci il tarixli 61 nömrəli rəyinə və qəbul aktına əsasən müəyyən edilmişdir ki, S.Rüstəm küçəsi 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzili DƏDRX-nin ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına tam mülkiyyət hüququ ilə ümumi sahəsi 44.2 kv.m–dən ibarət olmaqla İddiaçı məxsus olmuşdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzil və mənzilin zirzəmisinin faktiki ümumi sahəsi 120.0 kv.m-dir. Mənzilin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70.0 kv.m, mənzilin altında qazılaraq mənzilə birləşdirilmiş zirzəminin sahəsi isə 50.0 kv.m təşkil edir. Ümumi sahədəki fərq, mənzildə aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Göstərilənlər nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 131 nömrəli 10 may 2022ci il tarixli sərəncamına əsasən RİH nəzdində İdarələrarası Komissiyasının rəyi təsdiq edilərək İddiaçı məxsus Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 saylı 1 mərtəbəli evin 1 saylı mənzilinin 1-ci mərtəbədə olan hissəsinin sahəsi 70 kv.m, zirzəmisi 50.0 kv.m, ümumi sahəsi isə 120.0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbindən göründüyü kimi yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqləndiyindən, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməli olduğundan və eləcə də, qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyən və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas olduğundan, sözügedən hüquqmüəyyənedici sənədlər iddiaçıda mövcud olmaqla onun tərəfindən cavabdehə tam şəkildə təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 18 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 26D) İddiaçı tərəfindən qazılmış sahəsi 50 kv.m olan zirzəminin və onun üzərindəki sahəsi 70 kv.m olan qeyri-yaşayış sahəsinin dayanıqlılığı və tikinti normalarına uyğun olubolmaması haqqında mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə -Konstruktor və Texnoloji İnstitutu tərəfindən təqdim edilmiş rəydə aşağıdakılar qeyd edilmişdir: “ünvan 7 ünvanında İddiaçı məxsus zirzəmili birmərtəbəli qeyri-yaşayış sahəsi halhazırda təmirlidir və istismar edilir. Binada texniki baxış işləri təqdim edilmiş texniki pasporta və mövcud vəziyyətə uyğun aparılmışdır. Qeyri-yaşayış binası texniki cəhətdə işlək vəziyyətdədir. Texniki baxış zamanı yükdaşıyan divarlarında çat, deformasiya və zədələrə rast gəlinməmişdir.” Təqdim edilmiş rəydən göründüyü kimi iddiaçının qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etdiyi sahədə texniki baxış işləri texniki pasporta və mövcud vəziyyətə uyğun aparılmış, həmin sahənin dayanıqlılığı ilə bağlı hər hansı nöqsan mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1221/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən halları ilə təsbit edilmişdir ki, yaşayış sahəsinə dair cavabdeh tərəfindən 2017-ci ildə tərtib edilən Texniki pasportda ümumi sahə 71,7 kv.m göstərilmiş, iddiaçı həmin hüdudlar daxilində təmir-tikinti və rekonstruksiya işləri aparmış, nəticədə ümumi sahə 7,9 kv.m artmışdır ki, bu da ağlabatan hesab olunur. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 5-ci bəndinə əsasən birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasının təmin edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tərtib edilən xx.xx.2017-ci il tarixli Texniki pasportda və apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında keçirilən ekspertiza zamanı əlavə tikililərin olması aşkar edilməmişdir. Ümumiyyətlə, mübahisələndirilən daşınmaz əmlakla bağlı əlavə tikililərin inşa edildiyini təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən aparılan təmir-tikinti və rekonstruksiya işləri Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” barədə İV fəslinin tələblərinə uyğun olmuş və iddiaçı hazırkı qərarın 29cu bəndində göstərilən normalara uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydalarına və şərtlərinə əməl etmişdir”. (Qərarın 40, 41, 42, 43-cü bəndləri). Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan müvafiq icra hakimiyyəti orqanının qəbul aktının surətindən görünür ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsindəki fərq mənzildə aparılmış rekonstruksiya, təmir-bərpa, yenidənqurma və qazılmış zirzəminin mənzilə əlavə edilməsi səbəbindən yaranmışdır. Mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca-giriş çıxışı vardır. Göründüyü kimi, iddiaçı tərəfindən əlavə sahənin inşa edilməsi və əlavə sahələrin birdən çox sahəyə xidmət etmək üçün nəzərdə tutulan hissədə yerləşməsi halı mövcud olmayıb, əlavə sahə iddiaçıya məxsus mənzilin altındakı qazılmış zirzəminin mənzilə əlavə edilməsi nəticəsində yaranmışdır. Həmin zirzəmi iddiaçının mənzilinə əlavə olunmaqla qonşu mənzillərdən təcrid olunmuş vəziyyətdə iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarına istinad etməklə torpaq sahəsi ilə bağlı rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən əsaslandığı dəlilləri, habelə, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı xüsusatı sübut edə bilməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının qeydə almasından imtinaya dair gətirdiyi dəlilləri (sübutları) yetərli və əsaslı deyil. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilən dəlillər imtinanın əsasları ilə eynilik təşkil etmiş və bu qərarın əsaslandırma hissəsində göstərilənlərə uyğun olaraq hazırkı iş üzrə mövcudluğu təkzib edilir. Həmçinin, qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan daşınmaz əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar