Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3710/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclas protokolu qaydasında qəbul edilmiş qərardad ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsi kimi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 182154.1 manat dəyərində mal (iş,xidmət) təqdim edilmişdir. Bu zaman alınan malların 50558,99 manat dəyərində hissəsi elektron qaiməfakturası mövcud olsa da, digər hissəsini sənədlə rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra, vergi orqanı iddiaçıya riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəsində qanunsuz vergi hesablamışdır.İlk növbədə qeyd olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarında bu formada həyata keçirilən əməliyyata görə riskli vergi ödəyicisi hesab olunma nəzərdə tutulmamışdır. İddiaçı müxtəlif çeşidli mallar alıb satmamışdır. Sadəcə az bir qisim malların alış sənədi mövcud olmayıb. Digər hissə isə görülən iş, xidmətdir. Vergi orqanı iddiaçının gəlirini 182154,1 manat kimi qəbul edirsə, həmin gəlirin əldə olunmasına çəkilən xərcləri də qanunla yol verilən həddə qəbul etməlidir. Əks halda, həmin gəliri də azaltmalıdır. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********386100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarda Meyarların aşağıdakı bəndinə istinad olunmuşdur: 3.1.1 vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxa; etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; Lakin iddiaçı heç bir halda fərqli mal çeşidi alıb satmamışdır. Yəni, alma alıb, təkər satsaydı vergi orqanı haqlı olardı. Bundan sonra, cavabdeh təqdim olunan gəlir vergisi bəyannamələrini qəbul etməmiş və iddiaçıya gəlir məbləğinə mütənasib xərc məbləği tanımamışdır. İddiaçı tərəfindən sonuncu təqdim olunmuş gəlir vergisi bəyannaməsi də qəbul edilməmiş və barəsində xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 21266,64 manat vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən kobud pozuntuya yol verilərək həmin qərarda heç bir əsaslandırma aparılmamış, əvvəlki uyğunsuzluq məktubunun nömrəsi (**********034100) yazılmış, iddiaçının sonuncu bəyannaməsi əhatə edən uyğunsuzluq məktubu isə qərar qəbul olunduqdan sonra həmin günün sonunda göndərilmişdir. Halbuki Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə vs cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlave məlumat, sənəd və izahat tələb edir. Göründüyü kimi, əvvəl həmin məktub təqdim olunaraq bəyannamə ilə bağlı məlumat tələb olunmalı idi. O da qeyd olunur ki, şərti rentabellik norması əsasında sonuncu bəyannamə verildikdən sonra (182154,1 / 6 x 20%) iddiaçı tərəfindən vergi orqanına müraciət olunaraq nəzərə alınması xahiş olunsa da, əlaqəsiz məsələlərə istinad olunaraq cavablandırılmışdır. Belə ki, iddiaçı sonuncu bəyannamədə hər hansı güzəşt hüququndan istifadə etməmiş, vergi orqanı isə cavabında həmin məsələyə münasibət bildirib. Bu isə o deməkdir ki, iddiaçının müraciətinə olduqca səthi yanaşılaraq heç onun məzmunu üzrə araşdırma aparılmayıb. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2023-cü il tarixli, **********386100 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarların 2.1.1 -ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Belə ki, qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 62.7 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə "speaker kisonli v310, vagner pianino, ağ kağız, playstation 5 1 tb, dəftərxana kitabı” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********083800 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarr’nın 2.1.1.-ci və 3.1.1.-ci bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və 01,05.2023-cü il tarixli **********386100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən qeyd olunan malların müvafiq qanunvericiliyin tələblərinə uyğun olmayaraq alış aktı ilə alması müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən dövrdə 91026,0 manat dəyərində proqram təminatı, katric dolumu və s. xidmətlər göstərilməsinə baxmayaraq, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün hər hansı iqtisadi resurslarının - muzdlu işçilərinin, müqavilə əsasında cəlb edilmiş şəxslərin, zəruri mal alışının, o cümlədən təqdim edilmiş bəyannamələrində əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.) olmadığı aşkar edilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Araşdırma nəticəsində iddiaçı tərəfindən riskli elektron qaiməfakturaların ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi məlum olmuşdur. Beləliklə araşdırmanın nəticəsi olaraq vergi ödəyicisi tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edildiyindən riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Aparılmış kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023- cü il tarixli **********237300 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2022-ci il üçün 21.266,64 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********589200 nömrəli qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021 -ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Kollegiya ilk növbədə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə mübahisələndirilən qərara münasibətdə aşağıdakıları qeyd edir: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərarda qeyd olunmuşdur ki: -“İddiaçı ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 55.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Speaker Kisonli V310, Vagner pianino, Ağ kağız, Playstation 5 ltb, Dəftərxana kitabı və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçının riskli vergi ödəyicisi olduğu qənaətinə gəlmişdir. Kollegiya ilk növbədə həmin normalara diqqət çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; Göründüyü kimi, cavabdehə görə sözügedən maddələrdə qeyd olunan əsaslar iddiaçıya münasibətdə yarandığından iddiaçı riskli vergi ödəyicisi hesab olunmuşdur. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, təqdim edilmiş qaimə fakturalar üzrə malların satışda qeyd edildiyi, lakin vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilmədiyinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qərarında riskli vergi ödəyicisi kimi nəzərə alınmasını zəruri edəcək faktiki şərtlərlə onun hüquqi əsaslandırması ayrı-ayrı məsələləri tənzimləməkdədir. Qanunvericiliklə mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi halında vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi mümkündür ki, vergi orqanının özünün faktiki əsaslandırmasından da göründüyü kimi mal çeşidlərindən fərqli mal çeşidinin göstərilməsi halı müəyyən edilməmişdir. Həmin hal nə iddiaçı, nə də cavabdeh tərəfindən təkzib edilməmişdir. Eyni zamanda Kollegiya əlavə olaraq qeyd edir ki, əgər cavabdeh əməliyyatın əmtəəsiz baş tutduğunu nəzərdə tutursa, bu hal belə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Kollegiya Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 oktyabr 2023-cü il tarixli, **********589200 nömrəli qərara münasibətdə isə Kollegiya aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin: - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; -83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına; -83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. - 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən: -67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.14. Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Göründüyü kimi, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) yuxarda qeyd edilən şərti usullardan biri ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və bu hal kənarlaşmanın yaranmasına səbəb olmuş, müəyyən edilmiş kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 21266,64 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********589200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının xərclərini müəyyən edilməsi mümkün olmadığı üçün cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” iddiaçıya münasibətdə tətbiq edilməli idi. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd edilən qərar iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Yuxarda qeyd edildiyi kimi, vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan qanunvericilik normaları ilə qanunverici gəlir (mənfəət) vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablanmasını nəzərdə tutmuşdur. Kollegiya qeyd edir ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Kollegiyanın yuxarda qeyd edilən edilən mövqeyi analoji iş üzə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olmuşdur. Cavabdehin apelyasiya şikayətindən məlum olur ki, cavabdeh şərti rentabellik norması əsasında hesablama aparılmasının vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmadığını hesab edir. Kollegiya qeyd edir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-3546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3546/2024 nömrəli, xx.xx.2024-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3710/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3710/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver