Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3711/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı “Nurlan-K” firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qeyriyaşayış sahəsinin verilməsi” barədə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-71/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icra qaydasının izahına dair 18 may 2023-cü il qərardadından Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı “Nurlan-K” firması 1 saylı ünvan 3 ünvanının ətrafında “Nurlan-K” firmasına ən azı 20 kv.m olmaqla 240.000 manat dəyərində qeyri yaşayış sahəsi verilməsini Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsindən və ya Bakı şəhər İcra Hakimiyyətindən tələb edən, yaxud 19,8 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m üçün qiymətləndirilmiş 12000 manat olmaqla 237600 manat dağıdılmış əmlakın dəyəri 2400 manat, cəmi 240.000 manatın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)71/2014 saylı işi üzrə qəbul etdiyi 28 aprel 2014-cü il tarixli qərarı ilə, Bakı şəhəri, Səməd Vurğun küçəsi 31-də olmuş 19,8 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanın ətrafında sahəsi 20 kv.m olmaqla qeyri-yaşayış sahəsinin “Nurlan-K” firmasına verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1401/2014 saylı işi üzrə qəbul etdiyi 20 noyabr 2014-cü il tarixli qərarı ilə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)71/2014 saylı, 28 aprel 2014-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı “Nurlan-K” firmasının cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Bakı şəhəri, S.Vurğun küçəsi, 31 ünvanının ətrafında “Nurlan-K” firmasına ən azı 20 kv.m olmaqla 240.000 manat dəyərində qeyri yaşayış sahəsi verilməsini Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsindən və ya Bakı şəhər İcra Hakimiyyətindən tələb edən, yaxud 19,8 kv.m qeyriyaşayış sahəsinin hər kv.m üçün qiymətləndirilmiş 12000 manat olmaqla 237600 manat dağıdılmış əmlakın dəyəri 2400 manat, cəmi 240.000 manatın Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ödənilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 218/15 saylı işi üzrə qəbul etdiyi 10 fevral 2015-ci il tarixli qərarı ilə, iddiaçı “Nurlan-K” firmasının kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2014-cü il tarixli, 2-1(103)-1401/2014 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-543/2015 saylı işi üzrə qəbul etdiyi 19 may 2015-ci il tarixli qərarı ilə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-71/2014 nömrəli iş üzrə 28 aprel 2014-cü il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçı “Nurlan-K” firmasının cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respubliksının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı ünvan 4 ünvanının ətrafında iddiaçıya ən azı 20 kv.m olmaqla 240.000 manat dəyərdə qeyri-yaşayış sahəsi verilməsinin ƏMDK və ya Bakı ŞİH-dən tələb edilməsi, yaxud 19,8 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m üçün qiymətləndirilmiş 12.000 manat olmaqla 237.600 manat, dağıdılmış əmlakın dəyəri 2.400 manat, cəmi 240.000 manatın Bakı ŞİH tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair iddiası cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə münsibətdə mümkün sayılmaması, iddianın cavabdeh ünvan 5 ünvana uyğun ərazidə 20 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı “Nurlan- K” firmasına verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikaı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 952/2015 saylı işi üzrə qəbul etdiyi, 13 avqust 2015-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 may 2015-ci il tarixli, 2-1(103)-543/2015 saylı qərarının dəyişdirilmədən saxlanılması, Kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, icra edilməsi üçün xx.xx.2015-ci il tarixdə Səbail rayon icra şöbəsinə göndərilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı şəhəri Səbail rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, icra vərəqəsinin icra olunma qaydasının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi 31 ünvana uyğun ərazidə 20 kv.m qeyri-yaşayış sahəsinin tələbkar “Nurlan-K” firmasına verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakmiyyətinə həvalə edilmişdir. İcra sənədi ilkin olaraq xx.xx.2015-ci il tarixdə şöbəyə daxil olmuş və müvafiq qərarla icra icraatına başlanılmışdır. İcra sənədinin icrası bugünədək təmin edilməmişdir. Müxtəlif tarixlərdə icra sənədinin icrasına dair borclu Bakı şəhər İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Bakı şəhər İcra Hakimiyyətinin şöbəyə daxil olmuş xx.xx.2018-ci il tarixli, 7-1508/17 saylı məktuba əsasən icra sənədinin icrasına dair xx.xx.2018-ci il tarixli, 7-4556/17 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edildiyi, Əmlak məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli, **********37 saylı cavab məktubunda, “Nurlan-K” firmasına əvvəlki ünvana yaxın ərazidə qeyri-yaşayış sahəsi verilməsi məqsədilə araşdırmalar aparılmış, lakin mülkiyyətçinin tələbinə uyğun boş və istifadəsiz qeyri-yaşayış sahəsinin müəyyən edilməsi mümkün olmadığı bildirilmişdir. Növbəti müraciətdən sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2016- cı il tarixdə eyni məzmunlu cavab məktubu göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli məktubunda məhkəmə qərarlarının təmini istiqamətində müvafiq tədbirlərin davam etdirildiyi və nəticəsi barədə əlavə məlumatın veriləcəyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icra sənədinin icrasına dair Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə və təkrarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli cavab məktubunda icra sənədinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi 31 ünvanına uyğun ərazidə 20,0 kv.m qeyri-yaşayış sahəsinin tələbkar “Nurlan-K” firmasına verilməsi vəzifəsinin Departamentə həvalə edilmədiyi və məhkəmə qərarının Departament tərəfindən icrasının mümkün olmadığı bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunda Maliyyə Nazirliyi ilə əldə edilmiş razılığa əsasən həmin ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanlarda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.m üçün 1500 manat məbləğində vəsait ödənilməsi nəzərdə tutulmuş, lakin “Nurlan-K” firması bu kompensasiyanı almaqdan imtina etmiş, daşınmaz əmlakın yerləşdiyi sahəyə yaxın ərazidə sahəsi 20 kv.m olan başqa qeyri-yaşayış sahəsinin verilməsini tələb etmişdir. Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlakına aid qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olduğunu nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin quruma müraciət edilmiş, lakin alınmış xx.xx.2021-ci il tarixli **********80 saylı cavab məktubunda ünvan 4 ünvanına yaxın ərazidə başqa boş və istifadəsiz qeyri-yaşayış sahəsinin müəyyən edilmədiyi, sözügedən məhkəmə qərarının icrası istiqamətində mütəmadi olaraq təxirəsalınmaz tədbirlərin davam etdirildiyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2inz(81)-71/2014 nömrəli 18 may 2023-cü il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) ərizə rədd edilmişdir. Qərardaddan narazı qalan Səbail Rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi 31 ünvana uyğun ərazidə 20 kv.m qeyriyaşayış sahəsinin tələbkar “Nurlan-K” firmasına verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakmiyyətinə həvalə edilmişdir. İcra vərəqəsi xx.xx.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Bakı şəhər İcra Hakmiyyətindən şöbəyə daxil olmuş xx.xx.2015-ci il tarixli məktubda dövlətə məxsus qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğu nəzərə alınaraq “Nurlan-K” firmasına sökülmüş həmin ünvanın yaxınlığında sahəsi 20 kv.m olmaqla başqa qeyri-yaşayış sahəsinin verilməsində köməklik göstərilməsi üçün məktubla müraciət olunduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli cavab məktubunda “Nurlan-K” firmasına əvvəlki ünvana yaxın ərazidə qeyri-yaşayış sahəsi verilməsi məqsədi ilə araşdırılmalar aparıldığı, lakin mülkiyyətçinin tələbinə uyğun boş və istifadəsiz qeyri-yaşayış sahəsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu dövlət orqanı tərəfindən tələb təmin edilməmişdir. Sonuncu olaraq xx.xx.2022-ci il tarixdə borclu Bakı şəhər İcra Hakimiyyətinə xatırlatma məktubu göndərilmiş və icra sənədi üzrə təyin edilən tələbin təmini istiqamətində görülən son tədbirlər barədə məlumat verilməsi xahiş edilmiş və alınmış xx.xx.2022-ci il tarixli, No. 7-4394/17 saylı cavab məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatında müvafiq ərazi üzrə hər hansı qeyri-yaşayış sahəsi olmadığında məhkəmə qərarının icrası istiqamətində müvafiq tədbirlər görülərək qeyri-yaşayış sahəsinin ayrılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edildiyi bildirilmişdir. Sonuncu olaraq, xx.xx.2023-cü il tarixdə borclu dövlət orqanına icra sənədi üzrə görülmüş tədbirlər barədə məlumat verilməsinə dair müraciət edilsə də, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bu müraciətə cavab verilməmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati məhkəməsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra qaydasının izahına dair ərizə ilə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2inz(81 )-71/2014 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən sözügedən icra sənədinin icra qaydasına izah verilməsi barədə ərizə təmin edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2inz(81)-71/2014 nömrəli 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Həm ərizənin, həm də apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, Bakı şəhəri, S.Vurğun küçəsi 31 ünvana uyğun ərazidə 20 kv.m qeyri-yaşayış sahəsinin iddiaçı “Nurlan-K” firmasına verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi ilə bağlı icra sənədinin icra olunması qaydasına izah verilməsi barədə icra şöbəsinin icra məmurunun ərizəsində sadəcə icra sənədinin icra edilməsi istiqamətində həyata keçirilmiş icra tədbirləri sadalanmış, icra sənədinə izah verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icra qaydasına izah verilməsi barədə Səbail rayon icra şöbəsinin icra məmuru Vasif Həsənlinin ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakterli olmaqla qərardadın ləğvinə əsas vermir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və 1.2, 76, 80, 85, 116-cı ci maddələrini və MPM-nin 263- 264 maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2inz(81)-71/2014 nömrəli 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3711/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3711/2023
26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver