Məhkəmə qərarları › İş №2-1(103)-3711/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3711/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3711/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11264/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə bu barədə cavabdehin 3-17-1/3-7-5449/2024 nömrəli 10 may 2024-cü il tarixli qərarının və həmin qərar əsasında hesablanmış borc məbləğinin ləğv edilməsi və **********8 nömrəli 05 oktyabr 2020-ci il tarixli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə ona 10 may 2024-cü il tarixli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Pensiyaya çıxdığı tarixədək vəzifə maaşı və ona əlavələr, müavinət, aylıq pul təminatı hesablanaraq aylıq əmək haqqı məbləği 4560,92 manat təşkil etmiş və ona 20 iyul 2020-ci il tarixindən 4061 manat məbləğində pensiya təyin edilmiş, müvafiq Sərəncam əsasında pensiya məbləğinə 10 faiz aylıq maddi yardım əlavə olunaraq 2022-ci ilin yanvar ayının 1dən pensiya 4465 manat müəyyən edilmiş və həmin məbləği 2022-ci ilin sentyabr ayınadək almışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat müəyyənləşmişdir ki, bu da vəzifə maaşlarının 43 faiz-dən çox artması deməkdir və hesab edirdi ki, ona təyinat olunan pensiya məbləği 43 faiz artırılmaqla 5807,2 manat müəyyən edilməli və 10 faiz maddi yardım da nəzərə alınmaqla 6387 manat təşkil etməlidir. Lakin ona, az pensiya məbləğləri ödənilmiş səbəbləri barədə məlumat verilməmişdir. məhkəmə mübahisələri olmuş və iddia təmin edilərək icraya yönəldilmişdir. Sonradan əmək pensiyası yenidən hesablanaraq 7076,56 manat məbləğ müəyyən edilmlişdir. Halbuki, həmin rəqəm də həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən məktub göndərilmiş və bildirilmişdir ki, onun tərəfindən 7076,56 manat pensiya müəyyən edilmişdir. 01 may 2024-cü il tarixinə məhkəmə qərarının icrası ilə əlaqədar artıq ödəmə məbləği 14195,55 manat müəyyən edilmiş, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaiti məbləği də hər ay hissə-hisə artır. Məhkəmə qərarına uyğun olaraq ona fərq məbləğinin ödənilməsi başa çatdıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanarkən inzibati prosessual qanunvericiliyin və əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. 05 oktyabr 2020-ci il tarixli qərardan təxminən 3 il 7 ay sonra inzibati aktın ləğv edilməsi və buna dair Konstitusiya Məhkəməsinin 18 iyul 2008-ci il tarixli qərarına istinad edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh 1 illik müddətlə bağlı şərti pozmuşdur. İddiaçı 15 illik hakimlik stajına malik olduğu orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası hüququ əldə etmişdir. Qanunun 20.7-ci maddəsindəki dəyişiklik onun hüquqi vəziyyətini yaxşılaşdıran və geriyə şamil edilməli olan normativ hüquqi aktdır. Həmin normativ hüquqi akt iddiaçıya pensiyanın hesablanma qaydası ilə əlaqədar pensiya çıxan hakimlərə seçim hüququ verir. Onun üçün fəaliyyətin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi daha əlverişli şərtlərlər yaratdığı halda cavabdeh pensiya təyinatını həmin halı nəzərə almadan əlverişsiz əsaslarla aparmışdır....” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “...20 iyul 2020-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının orta aylıq əmək haqqı 4393,14 manat təşkil etmişdir. 19 il 11 ay 14 gün hakim stajına uyğun olaraq 80 faiz miqdarda pensiya 4059,41 manat müəyyən edilmiş və pul vəsaiti kart hesabına ödənilmişdir. Beləliklə də, 12743,62 manat artıq pul vəsaiti ödənilmişdir. 01 iyul 2022-ci il tarixindən iddiaçının orta aylıq əmək haqqı 6304,80 manat təşkil etmiş, orta aylıq əmək haqqının 80 faizi miqdarına uyğun olaraq 5043,84 manat hesablanma olmalı olduğu halda 2022-ci iln iyul, avqust, sentyabr aylarında iddiaçıya hər ay 4059,41 manat pul vəsaiti ödənilmişdir. 5043,84 manat pensiya hesablanmış, indeksləşdirmə və maddi yardımla əlaqədar məbləğ 6363,81 manat müəyyən edilmiş, bu zaman 20 iyul 2020-31 iyul 2023-cü il tarixləri arasında 8974,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında iddia inzibati icraatın düzgün aparılmaması əsas götürülərək təmin edilmişdir. Buna uyğun, cari ilin fevral ayından pensiya 8169,08 manat müəyyən edilmiş, ona ödənilməli olan 22416,00 manat pul vəsaiti hesablanmış, bundan əlavə 2022ci il üçün ödənilməli olan 794,16 manat pul vəsaiti hesablanmışdır. Ümumilikdə 23210,16 manat vəsait mart ayından hissə-hissə əmək pensiyası üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Pensiya sonradan yenidən hesablanmış və 7076,56 manat müəyyən edilmiş, artıq ödəmə məbləği məhkəmə qərarının icrası ilə əlaqədar 14195,55 manat müəyyən edilmişdir. Məhkəmə qərarının icrası başa çatdırıldıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. Belə ki, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsi ilə əlaqədar artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın pensiyanın azaldılması və pensiya məbləğindən tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməklə onun tərəfindən İddiaçı barəsində qəbul edilmiş 3-17-1/3-7-5449/2024 nömrəli 10 may 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. Həmin qərar əsasında iddiaçıya hesablanmış borc məbləği ləğv edilərək cavabdeh tərəfindən qəbul edilmiş **********8 nömrəli 05 oktyabr 2020-ci il tarixli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi və iddiaçıya 3-17-1/3-7-5449/2024 nömrəli 10 may 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin...” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. İddiaçıya 20 iyul 2020-ci il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi tarixdən nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 20 iyul 2020ci il tarixində iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə əlavəsi 801,45 manat, digər növ əlavələri 1810,69 manat olmaqla orta aylıq əmək haqqı 4393,14 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4393,13 manat) 80 faizi-3514,51 manat məbləğində hesablanmalı olduğu halda, 4059,41 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 12743,62 manat artıq pul vəsaiti ödənilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə əlavəsi 1150,20 manat, digər növ əlavələri 2598.60 manat olmaqla orta aylıq əmək haqqı 6304,80 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixiədək qüvvədə olmuş redaksiyasına əsasən 19 il 11 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6304,80 manat) 80 faizi-5043,84 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin iyul, avqust və sentyabr aylarında iddiaçıya hər ay 4059,41 manat pul vəsaiti ödənilib. Bu səbəbdən də həmin aylar üzrə iddiaçıya ödənilməli olan 2953,29 manat pul vəsaiti hesablanıb. "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 5548,22 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 6363,81 manata artırılıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 815,58 manat pul vəsaiti hesablanıb. Nəticədə iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 5043,84 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 6363.81 manat) məbləğində hesablanıb, həmçinin xx.xx.2020-31.01 2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya 8974,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildirilir ki, iddiaçı qərarın ləğv edilməsi, pensiya məbləğinin bərpa edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiası Bakı İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2- 1(112)-11141/2023 nömrəli qərarı ilə təmin edilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2-1(103)- 668/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya təmin edilməyib. Məhkəmələr iddiaçının iddiasını pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmamasını əsas göstərərək təmin ediblər. Bununla əlaqədar, iddiaçının əmək pensiyası cari ilin fevral ayında yenidən hesablanaraq 8169,08 manat (indeksləşmə nəzərə alınmaqla) məbləğində müəyyən edilib, həmçinin ona ödənilməli olan 22416,00 manat pul vəsaiti hesablanıb. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan 794,16 manat pul vəsaiti müəyyən edilib. Ümumilikdə, 23210,16 (22416,00+794.16) manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı Mərkəzi Filial tərəfindən inzibati icraat başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 18 aprel 2024-cü il tarixdə ona məktub göndərilməklə 1 may 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra iddiaçının əmək pensiyası qanunvericiliyə uyğunlaşdırılaraq 7076,56 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya 1 may 2024-cü il tarixə məhkəmə qərarının icrası ilə əlaqədar artıq ödəmə məbləği 14195,55 manat müəyyən edilib. Eyni zamanda, ötən dövr üzrə fərq məbləğinin hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği də hər ay hissə-hissə artır. Müvaviq məhkəmə qərarına əsasən iddiaçıya fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında" Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir…” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun nümayəndəsinin iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin onun pensiyanın azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilməklə bu barədə 3-17-1/3-7-5449/2024 nömrəli 10 may 2024-cü il tarixli qərarının və həmin qərara əsasən ona hesablanmış borc məbləğinin ləğv edilməsi və **********8 nömrəli 05 oktyabr 2020-ci il tarixli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, 10 may 2024-cü il tarixli qərarına əsasən pensiyasının ödənilməyən hissəsi ilə bağlı yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıaraq hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, 20 iyul 2020-ci il tarixindən iddiaçıya 4061 manat məbləğində pensiya təyin edilmiş, sonradan, 10 faiz aylıq maddi yardım əlavə olunaraq 2022-ci ilin yanvar ayının 1-dən pensiyası 4465 manat müəyyən edilmiş və o, həmin məbləği 2022-ci ilin sentyabr ayınadək almışdır. Sonradan, iddiaçının iddia tələbi əasında Bakı İnzibati məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə 27 sentyabr 2022-ci il tarixli qərar ləğv edilmiş, əvvəlki pensiyası bərpa edilmiş, ödənilməyən fərqin ödənilməsi cavabdehə həvalə edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, cavabdeh iddiaçıya ünvanladığı 12 iyun 2024-cü il tarixli məktubunda bildirmişdir ki, 20 iyul 2020-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya 27 sentyabr 2022-ci il tarixdən yenidən hesablanmış 5043,84 manat müəyyən edilmiş və ona 8974,75 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə qərarı əsasında iddia inzibati icraatın düzgün aparılmaması əsas götürülərək təmin edilmişdir. Buna uyğun, cari ilin fevral ayından pensiya 8169,08 manat müəyyən edilmiş, ona ödənilməli olan 22416,00 manat pul vəsaiti hesablanmış, bundan əlavə 2022ci il üçün ödənilməli olan 794,16 manat pul vəsaiti hesablanmışdır. Ümumilikdə 23210,16 manat vəsait mart ayından hissə-hissə əmək pensiyası üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Pensiyası sonradan yenidən hesablanmış və 7076,56 manat müəyyən edilmiş, artıq ödəmə məbləği məhkəmə qərarının icrası ilə əlaqədar 14195,55 manat müəyyən edilmişdir. Məhkəmə qərarının icrası baş çatdırıldıqdan sonra artıq ödəmə məbləği 34369,95 manat təşkil edəcəkdir. Belə ki, pensiyanın hesablanması cədvəlindən görünür ki, iddiaçının 19 il 11 ay 14 gün hakimlik stajı nəzərə alınmaqla dövlət məvacibi 7278,17 manat (01 iyul 2022-ci il tarixdən vəzifə maaşı, qulluq stajına görə əlavə, səlahiyyətlərin icrasına görə, məzuniyyət, mükafat, vəzi maaşına əlavəyə uyğun olaraq) nəzərə alınmaqla 80 faiz əsas götürülməklə 5822,54 manat pensiya, 10 faiz maddi yardım, 14.7 və 11.2 nisbətdə indeksasiya aparılmaqla pensiya 8169,08 manat olaraq müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə 10 may 2024-cü il tarixli mübahisələndirən qərardan da görünür ki, 8169,08 manat pensiya məbləği yenidən hesablanaraq 01 yanvar 2024-cü il tarixdən 7076,56 manat müəyyyən edilmişdir. Beləliklə də işin qeyd olunan hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçının 8169,08 manat məbləğində hesablanmış pensiya məbləği 01 yanvar 2024-cü il tarixdən başlanılmaqla 7076,56 manata azaldılmışdır. Bununla bağlı cavabdehin iş materiallarına əsasən müəyyən olunan mövqeyi ondan ibarətdir ki, xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bu əsasdan iddiaçıya son 24 ayın orta aylıq əmək haqqından 80% miqdarında pensiyanın təyin edilməsi mümkün deyildir. Cavabdehin qeyd olunan mövqeyindən göründüyü kimi, iddiaçının hüquqi vəziyyətini öz təşübbüsü ilə pisləşdirərək, həm pensiya qanunvericiliyinə zidd, həm də iddiaçının razılığını da almadan, “Əmək pensiyaları haqqında Qanunun 20.7-ci maddəsinə müvafiq olaraq iddiaçının seçim etdiyi son 24 aya görə pensiya hüququnu pozaraq, öz mülahizəsinə əsasən ona pensiya təyinatı aparılmasında səlahiyyətli olduğunu nümayiş etdirmişdir. Halbuki, sonradan, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyası onun hüquqi vəziyyətini ( orta aylıq əmək haqqın 80 faizinə münasibətdə) ağırlaşdırmış, eyni zamanda, 7.1-ci maddəsi isə onun hüquqi vəziyyətini (son 24 aya münasibətdə) yüngülləşdirmişdir. Digər tərəfdən, cavabdeh nəzərə almaq istəmir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «…Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127- ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.” Eyni zamanda, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, hakimlərin maddi təminatı (o cümlədən, pensiya təminatı) onların müstəqilliyinin əsas elementlərindən biridir və faaliyyət göstərdikləri dövrdə hakimin təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi kimi qəbul edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının hüquq vəziyyətini yüngülləşdirən halları nəzərə almaqla sabiq hakim kimi onun əmək pensyasını hesablamağa borclu olduğu halda, onun xeyrinə olan həmin halların nəzərə alınmasından əsassız olaraq imtina edir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə nzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının pensiya qanunvericiliyi ilə qorunan hüquqularının pozulduğu sübuta yetirilir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar