Məhkəmə qərarları › İş №2-1(103)-3714/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3714/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3714/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və ağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “xüsusi mürəkkəb xidmət şəraitinə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) Sərhəd zastavasının rəisi vəzifəsində olduğu müddət (N3-N8-ci illər), ümumilikdə 62 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvimi 15 il müddətdə xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin N iyun N9cu il tarixli 0134 nömrəli əmri ilə zastava rəisi vəzifəsindən (mayor rütbəsində) azad olunmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla xəstəliyə görə X3 Silahlı Qüvvələrindən ehtiyatına buraxılmışdır. Xidmət müddətində N3-cü il iyul ayı tarixdən N8-ci ilin noyabr tarixinədək N6 saylı hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi sərhəd zastavası NK-nın xx.xx.N2-ci il tarixli 137 nömrəli qərarına əsasən yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında və DSX rəisinin xx.xx.N6-cı il tarixli 1 nömrəli və hal-hazırkı əmr xx.xx.2020-ci il tarixli 041 nömrəli əmrində olmasına baxmayaraq xidmət müddətində ona veriləcək yüksəklik pulu, xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı əlavə və əlavə məzuniyyət verilməmişdir. Göstərilənlərə əsasən nəzərdə tutulmuş vəsaitin ona hesablanaraq ödənilməsi üçün 12 avqust 2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, müraciət ərizəsindən uzun müddət (55 gündən artıq) keçməsinə baxmayaraq cavablandırılmamışdır. Bu faktı inzibati orqanın imtinası kimi qiymətləndirir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində olduğu müddətdə- xx.xx.N3-cü il tarixdən - xx.xx.N8-ci il tarixinədək ümumilikdə 64 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddia qismən təmin edilmiş, İddiaçı N6-N8-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N6 saylı hərbi hissə komandirinin nizami hissə üzrə: xx.xx.N3-cü il tarixli 186 nömrəli Əmrindən çıxarışdan görünür ki, baş-leytenant İddiaçı 2-ci sərhəd dəstəsi 19-cu sərhəd zastavasının rəisi vəzifəsindən azad olunmaqla 6-cı sərhəd dəstəsinə 4-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin edilmiş, 6 avqust N3-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 14/xx.xx.N3-cü il tarixli 219 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi baş-leytenant İddiaçı 14 sentyabr N3-cü il tarixdən 19 sentyabr N3-cü il tarixədək 5 (beş) gün müddətinə N3-cü ilin növbəti məzuniyyətini Lənkəran şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. Əmrdə “növbəti məzuniyyətini” ifadəsi mötərizəyə alınaraq üstündə “A.V.G.” ifadəsi ilə düzəliş edilmişdir. xx.xx.N3-cü il tarixli 251 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi baş-leytenant İddiaçı 22 oktyabr N3-cü il tarixdən 27 oktyabr N3-cü il tarixədək 5 (beş) gün müddətinə ailə vəziyyətinə görə məzuniyyətini Lənkəran rayonunda keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. 24/xx.xx.N4-cü il tarixli 98 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 25 aprel N4-cü il tarixdən 09 may N4-cü il tarixədək 15 (on beş) gün müddətinə N4-cü ilin növbəti məzuniyyətini Lənkəran şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. xx.xx.N5-ci il tarixli 56 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 09 mart N5-ci il tarixdən 07 aprel N5-ci il tarixədək 30 (otuz) gün müddətinə N5-ci ilin növbəti məzuniyyətinin bir hissəsini Lənkəran rayonunda keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. 14/xx.xx.N5-ci il tarixli 114 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 16 may N5-ci il tarixdən 18 may N5-ci il tarixədək 3 (üç) gün müddətinə ailə vəziyyətinə görə Bakı şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. xx.xx.N5-ci il tarixli 243 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 13 oktyabr N5-ci il tarixdən 17 oktyabr N5-ci il tarixədək 5 (beş) gün müddətinə ailə vəziyyətinə görə Lənkəran rayonunda keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. xx.xx.N6-cı il tarixli 201 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 25 avqust N6-cı il tarixdən 03 sentyabr N6-cı il tarixədək 10 (on) gün müddətinə ailə vəziyyətinə görə Lənkəran şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. xx.xx.N6-cı il tarixli 99 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 28 aprel N6-cı il tarixdən 12 iyun N6-cı il tarixədək 45 (qırx beş) gün müddətinə N6-cı ilin növbəti məzuniyyətini Lənkəran rayonunda keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. 16/xx.xx.N7-ci il tarixli 143 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 17 iyun N7-ci il tarixdən 21 iyun N7-ci il tarixədək 5 (beş) gün müddətinə ailə vəziyyətinə görə Lənkəran şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. 15/xx.xx.N8-ci il tarixli 63 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü sərhəd zastavasının rəisi kapitan İddiaçı 15 mart N8-ci il tarixdən 24 mart N8-ci il tarixədək 10 (on) gün müddətinə Bakı şəhərində keçirməklə məzuniyyətə getmiş hesab edilmişdir. xx.xx.N8-ci il tarixli 280 nömrəli Əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd dəstəsinin 4-cü sərhəd zastavasının rəisi mayor İddiaçı 5-ci sərhəd dəstəsinin 4-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin edildiyi üçün şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, 28 noyabr N8-ci il tarixdən vəzifəsindən azad edilməklə 5-ci sərhəd dəstəsinin rəisinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı N8-ci ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. Mayor İddiaçı N8-ci ilin yanvar ayının 01-dən noyabr ayının 28-dək olan dövr üçün birdəfəlik pul mükafatının 25% həcmində almağa layiqdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbi ilə xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 4-cü (Qəmərvan) sərhəd zastavasının rəisi vəzifəsində olduğu müddətdəxx.xx.N3-cü il tarixdən - xx.xx.N8-ci il tarixinədək ümumilikdə 64 ay ona qanunla müəyyən olunmuş yüksəkliyə, xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin və istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının (hal-hazırkı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) hesablanaraq birdəfəlik ödənilməsini xahiş edir. Göründüyü kimi iddiaçının hazırkı tələbi 3 hissədən ibarətdir:

1. istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi;

2. qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin ödənilməsi;

3. xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbi N6-N8-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasının (müraciət etdiyi vaxtdakı vəzifə və rütbə maaşı nəzərə alınmaqla) ödənilməsi hissəsində təmin etmiş, iddia tələbinin təmin edilən hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən qərar iddia tələbinin təmin edilməyən hissəsində , yəni 1) xx.xx.N3-cü il tarixdən-N6-cı ilədək istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi; və xx.xx.N3-cü il tarixdən - xx.xx.N8-ci il tarixinədək olan dövr üzrə 2) qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin ödənilməsi; 3) xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi hissələrində yoxlanılmalıdır. Məhkəmə kollegiyası tələbin birinci hissəsi olan xx.xx.N3-cü il tarixdən-N6-cı ilədək istifadə edilməmiş əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının göstərilən dövr üzrə növbəti məzuniyyətdən istifadə etməsi müəyyən edilsə də, ona əlavə məzuniyyət verilməsi müəyyən olunmur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 122-ci maddəsinə əsasən xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi müddət çərçivəsində 2 dəfəyə verilə bilər. Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir. Əsasnamənin 136-cı maddəsinə əsasən Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, əlavə məzuniyyət verilən hərbi qulluqçuları iki kateqoriyaya ayırmışdır:

1. 136-cı maddənin birinci hissəsinin a, b, v bəndlərində sadalanan şəraitdə xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa digər hərbi qulluqçular (məsələn, gizirlər, miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları və sair);

2. 136-cı maddənin üçüncü hissəsində nəzərdə tutulan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qrupları. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunları komandanın xx.xx.N6-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən, uçuş işlərində olan zabit və gizirlər üçün əlavə güzəştlərin müəyyən edilməsi barədə” əmrdən görünür ki; - “Dəniz səviyyəsindən 1500 m və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısı” təsdiq edilmişdir; - “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı” təsdiq edilmişdir; - Dövlət Sərhəd Xidmətində uçuş işlərində olan, həmçinin möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 metr və daha yüksək) xidmət edən gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilmişdir; - Dövlət Sərhəd Xidmətində xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində xidmət edən zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına 15 təqvim günü müddətində əlavə məzuniyyət verilmişdir. Həmin əmrə əlavə edilmiş “Xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısı”nda iddiaçının xidmət keçdiyi 6–cı sərhəd dəstəsi üzrə 4-cü (Qəmərvan) sərhəd zastavası xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı N6-cı ildən etibarən Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulan 15 təqvim günü müddətində əlavə məzuniyyət almaq hüququna malik hərbi qulluqçuya aid edildiyindən onun xx.xx.N3-cü il tarixdən əlavə məzuniyyət hüququnun yaranması barədə apellyasiya şikayətinin dəlili əsassız olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi ...Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, ... saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir Qanuna edilmiş bu dəyişikliyin 2010-cu ilin 12 iyun tarixinədək (yəni 2010-cu il 11 may tarixli Qanunun qüvvəyə mindiyi günədək) ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunması məsələsinin müəyyən edilməsi məqsədilə 2014-cü ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla:

1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş;

2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilmişdir.

23. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2014-cü il tarixli 399 nömrəli Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülmüş (1-ci bənd), 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilmiş (2-ci bənd), Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, ...tövsiyə edilmişdir ki: 3.1. 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; 3.2. istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normalarına əsasən hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi qaydasını müəyyən etmiş, bu zaman həmin norma qanuna daxil edilənədək xidmət edən şəxslərə münasibətdə də kompensasiyanın ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya N6-cı ildən etibarən qüvvədə olan əmrə əsasən əlavə məzuniyyət verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini N6-N8-ci illərdə istifadə etmədiyi əlavə məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində təmin etmişdir. İddia tələbinin digər təmin edilməyən hissələri olan “Qanunla müəyyən olunmuş yüksəkliyə və xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin ödənilməsi” nə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir: - bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; - Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: - 1.1. Pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: - 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; - Pul təminatının əlavə növlərindən və yol təminatından. - 1.9. Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilməmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir. İddia ərizəsindən görünür ki, iddiaçı N3-N8-ci illərdə xüsusi xidmət şəraitinə və yüksək dağ yerlərində xidmətə görə verilməli olan pul təminatını almadığını bildirsə də, bununla bağlı 14 il sonra, 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Həmçinin analoji norma Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” qəbul edilənədək qüvvədə olan Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamələrdə də öz təsbitini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar