Məhkəmə qərarları › İş №2-1(103)-3715/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3715/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3715/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi barədə iddiaçının ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması, ona əlillik pensiyasının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olmaqla ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən sxalanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əlillik dərəcəsinin hansı tarixdən veriləcəyi, əlillik dərəcəsinin müddətsiz və ya 5 il müddətinə veriləcəyi barədə məhkəmə qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının nəticə hissəsinə “İddiaçı Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” şəklində izah verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, ona əlillik dərəcəsi 2019-cu il tarixdən və ya 2020-ci il tarixdən (Bakı İnzibati Məhkəməsində iddia qaldırdığı tarixdən) təyin edilməsi və öhdəlik (vəzifə) cavabdeh DTSERA-nın üzərinə qoyulması və ya Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Hazırki işdə məhkəmə qərarına izah verilməsi zərurəti əlillik dərəcəsinin hansı tarixdən veriləcəyi, əlillik dərəcəsinin müddətsiz və ya 5 il müddətinə veriləcəyi ilə bağlı yaranmış fikir ayrılığı ilə bağlıdır. İşdən görünür ki, iddiaçının sonuncu dəfə əlillik vəziyyətinə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və ona əlavə müalicəyə ehtiyacın olması-səbəb ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Məhkəmə qərarında iddiaçının sağlamlıq vəziyyəti yekun olaraq həmin tibbi göndərişdəki diaqnoz nəzərə alınmaqla əlillik təyinatına əsas verdiyi nəticəsinə gəlinmiş, bununla da iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan görünür ki, şəxs barədə tibbi göndəriş əlillik altsistemə yerləşdirildiyi tarixdən sonra cavabdeh inzibati orqan 10 iş günündən gec olmadan, əlavə araşdırma zamanı 15 iş günündən gec olmadan əlillik təyinatı barədə qərar verməlidir. TSEK-in tibbi göndəriş əsasında əlilliyi qiymətləndirdiyi barədə qərarın qəbul etdiyi tarixdən növbəti qiymətləndirməyədək şəxs əlil hesab edilir Beləliklə, qeyd edilənləri nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixli tibbi göndəriş əsasında qiymətləndirmə aparılaraq əlillik təyinatından imtina edildiyindən iddiaçının əlillik təyinatının müddəti həmin tibbi göndərişə əsasən qiymətləndirmə aparılmaqla müəyyən edilməlidir. Bundan başqa, əlillik dərəcəsinin müddətli və ya müddətsiz təyin edilməsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya təyin edilən ikinci dərəcə əlilliyin müddəti ilə bağlı qiymətləndirmə aparılmamışdır. Odur ki, əlillik müddəti iddiaçı barəsində tərtib edilmiş Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında həmin göndərişdəki diaqnoz, tibbi göstərişlər nəzərə alınmaqla cavabdeh orqan tərəfindən hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəaları əsasında qiymətləndirilməklə inzibati orqan tərəfindən müəyyən edilə bilər. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qərarın icrasının təmin edilməsi üçün qərarın nəticə hissəsinə izah verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, 21 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar