Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3716/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7450/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... “SOCAR” Neftqaztikinti tresti tərəfindən verilmiş arayışa əsasən ümumilikdə, bənna peşəsi üzrə 31 il 6 ay 4 gün gün əmək stajına malikdir. Qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış, lakin cavabdeh qanunsuz və əsassız olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh onun müraciətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-G- 39169/2024 nömrəli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nm Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsi nəzərdə tutulmuşdur İddiaçı cavabdehə təqdim etdiyi “SOCAR”ın “Neftqaztikinti” Trestinin iddiaçıya dair 25 yanvar 2024-cü il tarixli 14-2-14/2-138/2024 nömrəli arayışında müxtəlif dövrlər ərzində həmin müəssisədə mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində bənna peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalar sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan bənna briqadalarına və kompleks briqadaların xüsusi bənna manqalarına aid deyil. İddiaçının güzəştli iş stajı yoxdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7450/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunazidd və əsassızdır. Belə ki, İddiaçı cavabdehə təqdim etdiyi SOCAR-ın "Neftqaztikinti” Trestinin iddiaçıya dair 25 yanvar 2024-cü il tarixli 14-2-14/2-138/2024 nömrəli arayışında müxtəlif dövrlər ərzində həmin müəssisədə mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində bənna peşəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalar sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan bənna briqadalarına və kompleks briqadaların xüsusi bənna manqalarına aid deyil. İddiaçının güzəştli iş stajı yoxdur. Qanunvericiliyin tələbləri baxımından İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməməli idi...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsgəndərova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələbəlrini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirimədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun: 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixinə qüvvədə olan redaksiyasına əsasən – «axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.» Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, xx.xx.1963-cu il təvəllüdlü iddiaçının 60 yaşınının xx.xx.2023-cü il tarixdə tamamlandığı və onun 20 avqust 1984-cü il tarixdə doldurulmasına başlanılmış ******* saylı əmək kitabçasına əsasən əmək fəaliyyətinə başladığı xx.xx.1984-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində azı 25 il ümumi iş stajı topladığı - işin mübahisəsiz hallarıdır (Əmək kitabçasına əsasən hal-hazırda da işləyir). Eyni zamanda, iş materiallarına əlavə olunmuş, Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ seriyalı ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş iddiaçıya xx.xx.2019-cu il tarixdə daimi yaşamaq icazəsi verilmişdir və işin bu halı da mübahisəsizdir. Konkret halda, cavabdeh iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində mübahisələndirilir ki, iddiaçının güzəştli pensiya hüququ verən stajı yoxdur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.2. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Əmək kitabçasına və “SOCAR” “Neftqaztikinti” trestinin xx.xx.2024-cü il tarixli 14-2- 14/2- 138/2024 arayışına əsasən müəyyən olunur ki, İddiaçı:
-xx.xx.1992-ci il tarixində (əmr № 27/k, xx.xx.1992-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə yardımçı fəhlə peşəsinə işə qəbul edilib və 01 07.1992-ci il tarixində (əmr № 46-k, xx.xx.1992-ci il) bənna peşəsinə keçirilib və xx.xx.1996-cü il tarixində (əmr № 49/k, xx.xx.1996-cı il) əmək müqaviləsinə xitam verilib bənna kimi stajı 4 il 4 ay 2 gün (01 07.1992-xx.xx.1996); - xx.xx.1996-cı il tarixində (əmr № 25/k, xx.xx.1996-cı il) “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və 01,05.2001-ci il tarixində (əmr № 65-k, xx.xx.2001-ci il) əmək müqaviləsinə xitam verilib – bənna kimi stajı 4 il 5 ay 11 gün; -xx.xx.2001-cı il tarixində (əmr № 51/k, xx.xx.2001-ci il) "Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və 01,05.2007-ci il tarixində (əmr № 4-k. xx.xx.2007-ci il) əmək müqaviləsinə xitam verilib – bənna kimi stajı 6 il; - 01,05.2007-ci il tarixində (əmr № 17/k, 01,05.2007-ci il) “Neftqaztikinti” tresti 6 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2014-ci il tarixində (əmr № 193-k, xx.xx.2014-cu il) əmək müqaviləsinə xitam verilib - bənna kimi stajı 7 il 5 ay 29 gün; - 31,10.2014-cü il tarixində (əmr № 162-k, 31,10.2014-cü il) “Neftqaztikinti” tresti 5 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 578-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib - bənna kimi 10 ay; -xx.xx.2015-ci il tarixində (əmr SOCAR/15-2500/xx-xx-000397. xx.xx.2015- ci il) “Neftqaztikinti” tresti 5 saylı Tikinti Quraşdırma İdarəsinə bənna peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir – bənna kimi stajı 8 il 4 ay 24 gün; İddiaçının bənna peşəsi üzrə qeyd olunan əmək fəaliyyəti üzrə topladığı iş stajı - 31 il 6 ay 4 gün təşkil edir.
“Neftqaztikinti” trestinin tədqiq olunan xx.xx.2024-cü il tarixli arayışında həmçinin qeyd olunur ki, - “... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısT’nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. “Neftqaztikinti” trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər...” İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının həmin müəssisədə çalışdığı bənna peşəsinin güzəştli pensiya hüququ verən peşələrə aid olmasının dəqiqləşdirilməsi məqsədilə “SOCAR” “Neftqaztikinti” trestinə verdiyi sorğuya alınmış xx.xx.2024-cü il tarixli arayış məktubunda aşağıdakıları bildirmişdir: “...İddiaçı işləmiş olduğu istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğun olsa da, onun işlədiyi bənna peşəsi Siyahının həmin bölməsində birbaşa nəzərdə tutulmamışdır. Belə ki, Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. “Neftqaztikinti” trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. İddiaçı işlədiyi bənna peşəsinin Siyahının qeyd olunan bölməsindəki sözügedən peşəyə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlinməsinə əsas verən məlumatlar aşağıdakılardır: -İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğunluq təşkil edir; -iş yerlərinin sonuncu attestasiyasının nəticələrinə əsasən İddiaçı əmək şəraitinin ağır və zərərlilik səviyyəsinin aşağı olduğu müəyyən edilərək onun tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur; - İddiaçı tərkibi 1 bənna, 2 dülgər, 1 suvaqçı və 1 üzləyici-plitəçidən ibarət briqadanın tərkibində fəaliyyət göstərir, -briqadanın tərkibində fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. ...“Bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000a— 12680). “Neftqaztikinti” trestinin tədqiq olunan arayışlaından göründüyü kimi, iddiaçı, həmin qürumda müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində işlədiyi və əmək şəraitinin ağır və zərərlilik səviyyəsininə görə əmək haqqına 1,04 artım əmsal tətbiq olunduğu bənna peşəsində : - Azərbaycan Respublikası Nazirlər Kabinetinin: istər 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində (kod: 2290000a—12680), istərsə də də istərsə də 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısnın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” göstəricisində nəzərdə tutulan bənna peşəsində ehtiva olunan eyni işləri görmüşdür. Azərbaycan Rnespublikası Konstitusiyasının 25-ci maddəsi isə nəzərədə tutur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Beləliklə də, 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının «Əmək pensiyaları haqqında Qanunun 7-ci və hazırda qüvvədə olan 9.1-ci maddəsində nəzərdə tutulan, nəinki, azı 12 il 6 ay, bundan 2 dəfədən də artıq güzəştli pensiya hüququ verən staja malik olduğu sübuta yetirilir. Belə olan halda, cavabdeh orqan tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə, mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7450/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7450/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.