Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3717/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “prezident təqaüdünün təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7886/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək iddiaçıya 1994-cü ildən indiyə qədər şəhid ailəsi statusundan irəli gələn prezident təqaüdünün və müavinətlərin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının mərhum qardaşı X3 08 may 1992-ci il tarixdə Şuşa rayonunun müdafiəsi zamanı döyüşdə şəhid olmuşdur. Bununla bağlı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 006398 saylı xx.xx.1994-cü il tarixli vəsiqə ilə iddiaçıya qardaşının başqa vərəsəsi olmadığına görə müddətsiz olaraq şəhid ailəsi statusu verilmişdir. Şəhid ailələrinə birdəfəlik verilən 11000 (on bir min) manat pul iddiaçıya verilmişdir, lakin 1994-cü ildən indiyə kimi şəhid ailələrinə təsis olunmuş prezident təqaüdü və aylıq müavinətlər ödənilməmişdir. Bununla bağlı olaraq iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fonduna müraciət etsə də, həmin qurum iddiaçıya imtina cavabı vermişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, qanunvericiliyin şərtlərinə əsasən iddiaçıya şəhid ailəsi kimi təqaüdün verilməsi mümkün deyildir. İddiaçı qeyd edir ki, inzibati orqanın imtinası əsassızdır. Ona görə ki, iddiaçıya şəhid ailəsi statusu haqqında vəsiqə, ondan irəli gələn güzəştlər və birdəfəlik verilən 1 1000 (on bir min) manat pul verilmişdirsə, prezident təqaüdü və aylıq müavinətlərin verilməsi mümkünsüz hesab edilə bilməz. Cavabdeh qurumun laqeyd hərəkətlərinnə görə mənim şəhid ailəsi statusundan irəli gələn hüquqlarım əsaslı şəkildə pozulmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7886/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları’nın 1-ci bəndinə əsasən 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar, 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər, Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəncaşlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamam həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının (bundan sonra- Qaydalar) 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Eyni zamanda, Qaydaların 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Belə ki, “Şəhid” və “Şəhid ailəsi” statusunun verilməsi məsələsi Fondun səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən, mərhum qardaşınız X2 şəhid, ailəsinin isə şəhid ailəsi statusunun müəyyən olunması üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərcaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci, 3-cü və 6-cı bəndlərinə əsasən şəhidin şəhid ailəsi üzvü hesab olunan arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, (uşaqları, qardaş və bacıları tədris məktəblərində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan olmadıqda baba və nənələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi nəzərdə tutulmuşdur. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir. Həmin Qaydalarla əhatə olunmayan şəxslərə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi qanunvericiliklə mümkün deyildir - Daxili İşlər Nazirliyi Şuşa rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 413 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1970-ci ildə Şuşa şəhərində anadan olmuş, X3 xx.xx.1986-ci il tarixdən Şuşa şəhər, N,Nərimanov küçəsi, ev 21, mənzil 27-də qeydiyyatda olmuş (SSRİ pasportu Vİ JQ-61626 nömrəli, xx.xx.1986-cı il Şuşa RDİŞ) 08 may 1992-ci ildə Şuşa şəhəri ermənilər tərəfindən işğal olunan zaman şəhid olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 68 nömrəli Arayışda qeyd olunur ki, 1970ci il təvəllüdlü X6.id oğlu həqiqətən, 816 saylı Şuşa könüllü özünü müdafiə batalyonunun üzvü olub, xx.xx.1992-ci il tarixdə Şuşa rayonunun müdafiəsi zamanı gedən döyüşlərdə həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X3 “Şəhid”, onun ailəsi “şəhid ailəsi” hesab edilir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivindən xx.xx.2018-ci il tarixdə 1059 nömrəli daxil olmuş məktuba əsasən, Təşkilat Səfərbərlik İdarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda (əsas: 1994p, səh-24, sıra-153) xx.xx.1988-ci ildə Şuşa RHKdan çağırılmış, xx.xx.1970-ci il təvəllüdlü, sıravi X2 xx.xx.1992-ci il tarixində Şuşada həlak olması və Yevlax rayonunun Yadilli kəndində dəfn olunması barədə məlumat vardır. Əlavə olaraq bildirilmişdir ki, X2 adı SHXÇDX-nin Şuşa şəhər şöbəsində, “Həlak olmuş, vəfat etmiş zabit, gizir, çavuş, əsgərlərin qeydiyyatı kitab”ında səh.6, sıra sayı 24 nömrədə keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarına əsasən:
2. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
3. Şəhidin 2.3-cü və 2.4-cü yarımbəndlərdə göstərilən ailə üzvləri tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı yuxarıda sadalanan şəxslər kateqoriyasına aid olmadığından (iddiaçı şəhidin qardaşıdır) iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7886/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.