Məhkəmə qərarları › İş №2-1(103)-3718/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3718/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3718/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(112)-3573/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəqiqləşdirmşdir. İddia tələbinin dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ilin may ayından əmək fəaliyyətinə başlamışdır və 01 sentyabr 1994-cü ildən bu günə kimi “Neft Daşları" NQÇİ-nin qaz kompressor sahəsinin Qaz Xidməti sahəsində qazın yığılması üzrə operator vəzifəsində işləmişdir. İşə qəbul olunduğu vaxtdan iddiaçının iş stajı ümumilikdə 28 ildən çoxdur. İddiaçının əmək fəaliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Buna görə də güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiq icra orqanına müraciət etmişdir. Lakin müvafiq icra orqanı-xüsusi şərtlərlə təyinat idarəsi güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İmtinanın səbəbi onunla əsaslandırılır ki, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə adi deyildir. Lakin işlədiyi “Neft Daşları” NQÇİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə separatorlara, qaz kəmərlərinə, qazpaylayıcı qurğulara və qaz təsərrüfatı başqa obyektlərinə xidmət edilməsi, neftin qaz yığma şəbəkəsinə qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə qaz kəmərlərinin sahələrində təzyiqin enib düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi, tərkibində kükürd qazının olmasını müəyyən etmək üçün qaz nümunəsi götürülməsi, aparatların və qaz kəmərlərinin divarının qalınlığının və izolyasiyasının keyfiyyətinin müəyyən edilməsi, telemexanika sisteminin hava və kabel xətlərinin işə yararlı vəziyyətdə saxlanılması, metalın korroziyası ilə mübarizə işlərinin aparılması, qaz kəmərlərinin şurflarla tədqiqi, xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması, avadanlıq və qaz kəmərlərinin işləməsi, qazın istehsalı və istifadə edilməsi, qazın texnoloji itkilərinin uçotu üzrə qeydiyyat jurnalının aparılması olmuş və həmin vəzifələr də güzəştli şərtlərlə pensiya almağa uyğundur. İddiaçı bildirir ki, imtina əsassızdır. Belə ki, çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, xx.xx.1957-cl il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabındakı vəsaitin qeydə alındığı subhesabdır. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndində (10.2) -susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları; -layların hidravlik parçalanması üzrə operatorlar; -neft və qaz hasilatı üzrə operatorlar; -quyuların tədqiqatı üzrə operatorlar; -quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; -laylarda təzyiqin saxlanması üzrə operatorlar; quyuların yeraltı təmiri üzrə operatorlar; -quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar; -neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin İddiaçı dair 22 iyul 2022-ci il tarixli PUX-02/135 nömrəli arayışında iddiaçının xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qaz kompressor sexində qaz mühərrikli kompressorların təmirçi-çilingəri vəzifəsində, xx.xx.1994-cü il tarixindən bugünədək isə Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Cavabdeh qeyd edir ki, İddiaçı işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsinin Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10.2) bəndində nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(112)-3573/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi S.V.Qaraşova apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının stajına aşağıdakı qeyd edilən dövrlər daxildir: -xx.xx.1974-xx.xx.1974, xx.xx.1974-xx.xx.1975, xx.xx.1976-xx.xx.1978 (həqiqi hərbi xidmət), xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-xx.xx.2014 (57 yaşının tamam olduğu ilə qədər). “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışında bildirilir ki, “Neft Daşları” NQÇİ-nin Qaz kompressor sahəsinin Qaz xidmət sahəsinə qazın yığılması üzrə operator peşəsində işləyən, İddiaçı: xx.xx.1994-xx.xx.1994-cü illərdə Qaz Kompressor sexində qaz mühərrikli kompressorların təmirçi çilingər peşəsində işləyib – 03 ay, xx.xx.1994-cü il tarixində hal-hazıra qədər Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində qazın yığılması üzrə operator peşəsində işləyir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq, “Azneft” İstehsalat Birliyi bildirmişdir ki, “İş stajı haqqında" arayışlardakı qeydlərdən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azneft" İB-nın “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Qaz kompressor sexində 01.06 1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək qaz mühərrikli kompressorların təmirçi çilingəri, Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşələrində işləmişdir. İddiaçı qeyd olunan tarixlərdə işlədiyi qaz mühərrikli kompressorların təmirçi çilingəri və qazın yığılması üzrə operator peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahılarında “Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölmələrinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələrində və “Ümumi peşələr” bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, sorğuya əlavə edilmiş “İş stajı haqqında” arayışlardakı qeydlərdən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı “Azneft” İB-nin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Qaz kompressor sahəsinin Qaz xidmət sahəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2022-ci il tarixədək qazın yığılması üzrə operator peşəsində işləmişdir. Sorğu məktubu ilə əlaqədar olaraq bilidirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən və X9 Sorğu Kitabçasının tələblərinə uyğun olaraq, peşə və vəzifənin adı istehsalatda faktiki yerinə yetirilən işin xüsusiyyəti nəzərə alınmaqla qüvvədə olan Vahid X1 əsasən müəyyən edilir. Qaz kompressor sahəsində qazın yığılması üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: Separatorlara, qaz kəmərlərinə, qaz bölüşdürücü qurğulara və qaz təsərrüfatının başqa obyektlərinə xidmət edilməsi; Separatorlarda maye səviyyəsinə nəzarət edilməsi; Avadanlıq və aqreqatların cari təmirində iştirak edilməsi, nasaz siyirtmələrin dəyişdirilməsi; Qaz qurğularının texniki sazlığının təyin edilməsi; Neftin qaz yığma şəbəkəsinə keçməsinin qarşısının alınması, qaz kəmərlərində hidrat və maye tıxacların əmələ gəlməsinə, qaz kəmərlərinin sahələrində təzyiqin enib-düşməsinin artmasına qarşı, qazın texnoloji itkilərinin azaldılması üçün profilaktik tədbirlərin həyata keçirilməsi; Qaz axınlarının başqa texnoloji xəttə keçirilməsi. Xidmət edilən avadanlıq və aparatların cari təmirinin aparılması; Qrup qurğularına, separasiyanın son pillələrinə, yığım məntəqələrinə və əmtəə parklarına xidmət edilməsi; avtomatlaşdırılmış avadanlığın qoyulmuş texnoloji prosesin iş rejiminə salınması; Qaz analizatorları tətbiq etməklə hava nümunəsi götürülməsi və onun qazlılığının müəyyən edilməsi. Neft və qazçıxarma sahələrində neft və qaz hasilatı üzrə operatorun əmək funksiyaları əsasən aşağıdakılardan ibarətdir: Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın hazırlanması və nəqli, qrup ölçü qurğularının, yüksək sıxıcı və kompressor stansiyalarının və s. neftmədən avadanlığının fasiləsiz işinin təmin edilməsi; Nəzarət-ölçü cihazlarının köməyi ilə cürbəcür texnoloji parametrlərin ölçülməsi; Quyuların işinin parametrlərinin çıxarılması və verilməsi, avtomatika və telemexanika vasitələrinin işinə nəzarət edilməsi; Quyuların tədqiqində iştirak edilməsi; Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsi; Yüksək məhsuldarlıqlı elektrik dalma nasos qurğularının mənimsənilməsi və iş rejiminə qoyulması; Quyuların yeraltı və əsaslı təmirdən sonra qəbul edilməsində iştirak etmək; Quyuların tədqiqata hazırlanması, nəzarət-ölçü cihazlarının köməyi ilə avtomatika və telemexanika vasitələrinin yerüstü və yeraltı avadanlıqların nasazlıqlarının müəyyən edilməsi; Yerli avtomatikanın nasaz bloklarının dəyişdirilməsi və xırda təmir işlərinin aparılması. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Qanunvericiliyin tələblərindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, Əmək kitabçasına əsasən iddiaçının xx.xx.2014-cü il tarixədək əmək stajı 34 il 6 ay 1 gündür. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndində (10.2) neft və qaz hasilatı üzrə operatorlar peşəsi nəzərdə tutulmuşdur. “Azneft” İstehsalat Birliyinin sorğuya cavab məktubundan aydın olur ki, neft və qaz hasilatı üzrə operatorun əsas əmək funksiyası bilavasitə neft və qaz quyularına xidmət etməkdir. Eyni zamanda, qazın yığılması üzrə operatorun əmək funksiyasında nəzərdə tutulan işlərin bir qismi neft və qaz hasilatı üzrə operatorun da əmək funksiyasına daxildir. Qaz kompressor sahəsində işləyən qazın yığılması üzrə operator isə bilavasitə neft və qaz quyularına xidmət etmir. İddiaçı isə qaz kompressor sahəsində qazın yığılması üzrə operator vəzifəsi həyata keçirdiyinə görə güzəştli iş stajı yoxdur. Həmçinin, iddiaçının təqdim etdiyi videoqeyddən də aydın olur ki, iddiaçının vəzifə təlimatları “Azneft” İstehsalat Birliyinin təqdim etdiyi sorğuya cavab məktubundakı məlumatlar ilə eynilik təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2-1(112)-3573/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar