Məhkəmə qərarları › İş №2-1(103)-372/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-372/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-372/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə işə bərpa olunma vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6470/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, işə bərpa edilməsi və bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh orqan tərəfindən ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddia ərizəsində də qeyd etdiyi kimi, iddiaçı Bakı şəhəri Səbail rayonunun N saylı hərbi hissəsinin nəzdində olan N saylı hərbi hissədə xidmətdə olmuşdur. Xidməti yaşayış sahəsi və cavabdehin hüquqi ünvanı Bakı şəhərində olduğu halda işin NMR İnzibati Məhkəməsinə göndərilməsi aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə uyğun qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, hər hansı əmək hüquq mübahisəsinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməsi üçün İPM-in 8.1.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin maddəyə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın təhlili göstərir ki, əmək mübahisənin inzibati xarakterli sayılması və ona inzibati məhkəmələrdə baxılması üçün: 1) cavabdeh inzibati orqan olmalı; 2) iddiaçı hazırda və ya əvvəllər hakim və ya dövlət qulluqçusu yaxud hərbi qulluqçu olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır. İşdən görünür ki, cavabdeh inzibati orqandır, iddiaçı əvvəllər hərbi qulluqçu olmuşdur, iddia tələbi xidməti hüquq münasibətləri (işə bərpa və əmək haqqı) ilə bağlıdır, iddiaçı isə Elektron məhkəmə informasiya sistemində olan şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) məlumatlarına görə Naxçıvan Muxtar Respublikası Şərur şəhəri Püsyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi nəzərə alınsın. “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 43-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə də, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin inzibati işin ərazi aidiyyəti üzrə göndərilməsi ilə bağlı gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquqnormalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Ona görə də, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6470/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar