Məhkəmə qərarları › İş №2-1(103)-372/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-372/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-372/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “ikinci dərəcə müharibə əlili kimi adının mənzillə təmin olunmalı şəxslərin siyahısına əlavə olunması və mənzillə təmin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “ikinci dərəcə müharibə əlili kimi adının mənzillə təmin olunmalı şəxslərin siyahısına əlavə olunması və mənzillə təmin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5425/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il çap tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı 2786003AAEN7 nömrəli forma 88 əsasında xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz “epidural qansızma, keçirilmiş açıq kəllə beyin travmasından sonrakı davamlı qalıq əlamətlər. Baş beynin ağır dərəcəli əzilməsi, diaqnostik trepanasiyadan sonrakı kəllənin 7.0 və 4.0 sm sümük defekti. Eşitmə sinirinin travması, postravmatik koxlear nevrit. Sol tərəfli İV dərəcəli ağıreşitmə. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya.”, əlillik səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” olmuşdur. 04 aprel 2012-ci il tarixli, 984 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Silahlı Qüvvələr Baş Klinik Hospitalının rəisinin xx.xx.2012-ci il tarixli sərəncamı ilə ŞQ BKH X4 hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anamnezidə qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə bölüyündən taborun qərargahına gedən yolda avtomobil qəzası nəticəsində açıq kəlləbeyin travması almışdır. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə hazırki tələblə müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-3/2-Q-34441/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlliliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər yuxarıda qeyd olunan Sərəncamla əhatə olunan kateqoriyaya aid edilmədiyindən İddiaçı sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Bundan sonra İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 nəfər ailə üzvləri ilə birlikdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıya əsasən onun 2-ci qrup müharibə əlili kimi mənzillə təmin olunmalı şəxslərin siyahısına əlavə olunması və mənzillə təmin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1-1/24 №-li, xx.xx.2021-ci il tarixli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilmişdir. Onun adı müvafiq siyahıya daxil edilərək mənzillə təmin olunması üçün Nizami Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh onu mənzillə təmin etməkdən imtina etmişdir. O, nümayəndəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Nizami Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə təqdim edilmiş siyahını əsas götürərək onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2-ci qrup əlil kimi mənzillə təmin olunmalı şəxslərin siyahısına əlavə olunmasını və mənzillə təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, lakin ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çemobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçı əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunların Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Sözügedən Sərəncamlarla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5425/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati akt istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia subyektiv hüququ olan şəxs tərəfindən düzgün cavabdehə qarşı yönəldiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı tələbi “onun 4 nəfər ailə üzvləri ilə birlikdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıya əsasən onun 2-ci qrup müharibə əlili kimi mənzillə təmin olunmalı şəxslərin siyahısına adının əlavə olunması və mənzillə təmin edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı xüsusi səbəblərlə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. İş materiallarında olan 04 aprel 2012-ci il tarixli, 984 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Silahlı Qüvvələr Baş Klinik Hospitalının rəisinin xx.xx.2012-ci il tarixli sərəncamı ilə ŞQ BKH X4 hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Anamnezidə qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixdə bölüyündən taborun qərargahına gedən yolda avtomobil qəzası nəticəsində açıq kəlləbeyin travması almışdır. Həmçinin xx.xx.2023-cü il çap tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyin verilmə səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olmuşdur. İş üzrə birinci instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli, 5-16/1- 624/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanan vətəndaşların imtiyazlı siyahısı üzrə 661-ci, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlil olan şəxslərin siyahısı üzrə 8cidir. Həmin məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 1-1/24 nömrəli “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil İddiaçı mənzil növbəsinə qəbul edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifəsini yerinə yetirərkən İİ dərəcəli əlil olmuş İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-2387-ci məhəllə, ev 155, mənzil 6 (Yeni qaydalarla: AZ1119, ünvan 3 ünvanında yerləşən sahəsi 70,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə Bağırov Rauf İbrahim oğlunun adlna ********** nömrəsi ilə xx.xx.2020ci il tarixdə qeydiyyata alınmışdır. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Beləliklə, hazırki işdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlillik hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar verilmişdir. İddiaçının adı da hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlil olan şəxslərin siyahısında qeyd olunmuşdur. Halbuki yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən sosial evlə təmin olunma Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarlarında hüquqi mövqe yuxarıdakı kimi sərgilənmişdir (2-1(102)-2123/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərar). Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383- 2387-ci məhəllə, ev 155, mənzil 6 (Yeni qaydalarla: AZ1119, ünvan 3 ünvanında yerləşən sahəsi 70,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə Bağırov Rauf İbrahim oğlunun adına ********** nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bu halın özü də iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan şəxs olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5425/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5425/2024 saylı 12 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar